“MƏN DƏ QƏLƏMİMLƏ BAHARI YAZDIM…” -Xatirə Xatun…

MƏN DƏ QƏLƏMİMLƏ BAHARI YAZDIM…

Bu çox doğru bir deyimdir ki hər fəslin öz gözəlliyi var.Qarlı-şaxtalı,təbiətə ağappaq don geyindirən qışın da, bol günəşi, çeşid-çeşid meyvə-tərəvəzi ilə bizə zövq verən yayın da , al-əlvan yarpaqlarından yerə xalı döşəyən yağışlı-çiskinli payızın da …Bir də bahar var…Təbiətin nazlı gəlin kimi bəzəndiyi fəsil…Gözoxşayan naxışları ilə ruhumuzu riqqətə gətirən bahar…Soyuq qışdan sonra ilıq nəfəsi ilə bizi sevgisinə bələyən yaşıl donlu gözəl…
Mən onunla hələ kiçik çillənin axırında –tumurcuqlanmış bir alça ağacının budağında qarşılaşdım.Salamlaşdıq.Ona ,, xoş gəlirsən, qədəmlərin uğurlu olsun”, -dedim.Bir həftə sonra həmən alça ağacını ağappaq don geyinmiş gördüm.Tanrı sankı onun dili ilə biz insanlarla danışır, Məni görün, tanıyın, sevin deyə bizə olan məhəbbətini baharın dili ilə çatdırır
.Pəncərəm döyüldü bu an elə bil…Durub baxdım, həmən o alça ağacı idi .Sanki mənə ,,nə oturmusan, dur bir az təbiətin seyrinə dal”, deyirdi.Onun sözünü yerə salmaq istəmədim.Siz də mənimlə kiçik bir gəzintiyə çıxmağa nə deyirisiz? Gəlin sizi qələmimin köməyi ilə sankı bir rəssam əli ilə rəngarəng çalarlara boyanmış təbiətin seyrinə çıxarım…
Yolumuzu bu çəməndən salaq.Quşların şən civilitsi ətrafı başına götürüb.Hardasa yaxında daşdanmı, ya qayadanmı süzülən su şırıltısı quşların nəğmələri ilə həmahənglik yaradaraq insana xoş ovqat bəxş edir.Bir az aralıda çəhrayı çiçəkləri göz oxşayan şaftalı ağacı bizə tərəf boylanır.Onun yanından etinasız keçib getmək olmur.

Belə gözəlliklə görən nə deyir,
Düşdüm əfsununun sehrinə,azdım.
Bu ağac baharın yazdığı şeir,
Mən də bu şeirlə baharı yazdım…

Xəfif bir meh əsər—şərq poeziyasında buna bahar nəsimi deyərlər… Özü ilə çox zərif bir rayihə gətirər.Hardansa uzaqlardan bir neçə çiçəyin ətri də ona qoşulub ruhuna sığal çəkməyə gələr.Yaxınlıqdakı heyva ağacı bu yaz küləyinin təsirindən yüngülcə yırğalanar və bu rəqsdən ətrafa açıq-çəhrayı rəngli çıçəklər səpələnər…Heç çiçək yağışına düşdünüzmü?Düşmədinizsə siz baharı heç yaşamadınız ki…
Yağış demişkən, hə , bir də bahar leysanları var…Əvvəlcə qəfil göy üzü tutular.Quşlar sankı baş verəcək təhlükəni hiss etmişlər kimi səslərini kəsib hardasa gizlənərlər.Yalnız qaranquşlar çox alçaqdan uçaraq səmada dövrə vurar.Bircə yarpaq belə tərpənməz ağaclarda…Ətrafa qulaqbatırıcı bir sükur çökər-tufandan qabaqkı səssizlik…Sən də bu sükuta dalıb Ana təbiətin bu düşüncəli halını seyr edərsən, sükutun səsini dinləyərsən…Və elə o andaca qəfil bir göy gurultusu ilə bu sükut pozular.İldırım göy üzünü qamçılar.Şimşək çaxar və onun bir anlıq şəfəqindən yer üzü ani olaraq işıqlanar…Və az sonra leysan başlar…Yaz leysanı…Bir andaca hər tərəf selə,suya qərq olar .Yarpaqlar doyunca çimər bu yağışda.Ərtaf təravətlənər sanki…??Qocalar bu yağışa ,,göydən bərəkət yağır”, -deyərlər.
Qəfil başladığı kimi qəfil də kəsər bu yaz yağışı…Sonra torpaqdan qəribə , heç yerdə bənzəri olmayan bir qoxu qalxar—yağışdan sonrakı torpaq qoxusu.Bənzəri olmadığı kimi başqa adı da yoxdu.Elə -beləcə , yağışdan sonrakı torpaq qoxusu…Amma yox, hardasa oxumişdum, bu ətirin elmi adı var-petrikor deyilir buna…
Az sonra bayaq buludların arxasında dincini alan günəş yenidən görünür.Yarpaqların, otların, çiçəklərin üzərində bayaqkı leysandan yadigar qalan damlalar onun şüasından almaz kimi parıldayır. Quşlar yenidən yarımçıq qalan nəğmələrinə davam edirlər
Axşam düşür…Hardasa anadil dayanmadan ötür.Bəlkə bizə ,, daha gecdi,evə qayıdın “ deyir?Bahar axşamlarının ayazı bir az üşüdür bizi…
Hə, bax, beləcə biz birlikdə baharın seyrinə çıxdıq .Təbiətin bu nazlı qızından , yaşıl donlu pərisinin əsrarəngiz gözəlliyindən zövq aldıq.Mənə bu sətirləri yazdıran da elə təbiətin bu gəlin çağından aldığım ilham oldu .Sizə onu necə vəsf elədim, bilmirəm. Bircə onu bilirəm ki , qələmimlə baharı yazdım!

La imagen puede contener: flor, planta, naturaleza y exterior
Share: