“Mən coğrafiya dərslərindən  Həyatın qızarmış gözlərini görürdüm…”-Gənc şairə Nigar Arifin şeirləri…

Müstəqil.Az istedadlı gənc şairə Nİgar Arifin bir neçə şeirini təqdim edir:

Bəlkə…
Bir az gözlərdən uzaq,
Bir az gözümdə dustaq,
Çırpınır arzuların,
Kəpənək qanadları…
Vərəqlərə atılır,
Könlümün söz atları…
Durnalar köçüb gedir
Köhnə diyarımızdan.
Yaş üstünə yaş gəlir,
Soylə,bizə nə qalır,
Küsən baharımızdan?
Hardasa düşüb itir,
Ayağından bir çarıq.
Kasıb ümidlərilə,
Gəzir hey aramızda,
Gəzir səfil ayrılıq…
Asılıb qəlbimizdən
Məhəbbətin bir ucu.
Parçalayır özünü,
Səbrin iti qılıncı.
Üşüyür məsafələr,
Günlər yağışda,qarda.
Geyin dualarımı,
Gələr yeni bahar da.
Sevgimizə yaxşı bax,
Qoyma bu eşqi darda.
Bəlkə bir də görüşdük,
Heyat adlı qatarda…

Sən gedəndə…

Mən coğrafiya dərslərindən
Həyatın qızarmış gözlərini görürdüm…
Vulkan kimi püskürən gerçəkləri, 
Gerçəklərin lavasında yalanların süründüyü düzənləri,
En uca dağların yerə çökən dizlərini görürdüm…
Bütün ölkələrdə eyni külək əsirdi,
eyni yağış yağırdi…
Mən özüm də ölkə idim,mən özüm də…
Sənin kimi bir ölkəni ram etmək istəyəndə,
Ürəyimdə bir zəlzələ olurdu,
Ən kobud,ən keçilməz yerlərin lap dərin qatlarında
şirin sular axırdı,saf bulaqlar axırdı…
Ən uzaq ərazidə, ən gözəl varlıqların üzlərini görürdüm..
Sən gedəndə…
Sən gedəndə başa düşdüm ki,
İnsan ən böyük aysberqdi
Illərlə əriyib ölümə doğru axır…

Danışma

Belə asta-asta keçmə önümdən,
Onsuz da baxmıram ürək tərəfə.
Nə olsun,gəlsə də ağlım başıma,
Özümdən uzağam bu son ərəfə.

Axtarma gizlənən baxışlarımı,
Toxunma qəlbimdə dolan buluda.
Aman ver, torpağa yagışlarını,
Çəkib öz içinə zamanla uda.

Yox,sənlik deyil eşq,danışma,kiri,
Ərköyün böyüyüb kəlimələr də.
Sevginin özünü öldürən biri,
Revamı sevgiyə məni ödəyə?

………..Tələsir……

Tutub ətəyimdən yellənən külək,
Saçımı özünə oyuncaq edib.
Nə bilsin o şıltaq adam deyiləm,
Nə bilsin ərköyün vaxtlarım gedib.

Atılıb boynuma şirinlik edir,
Cırnadır üzümdə qırışları da
Nəsə pıçıldayıb,nəsə danışır,
Qəlbimin ən dərin yoxuşlarında.

Burnuma gətirir nənəm bişirən,
O qoğal ətrini,yuxa ətrini.
Duyuram hər axşam nağıl söyləyən,
Baba könlündəki nəvə xətrini.

Hardasa,hardasa zaman oxuyur,
O ötən günlərin şən bəstəsindən.
Xətrimə dəyməyən baxça-bağların,
Bağrından dərdiyim gül dəstəsindən.

Soyudur qayğısız,xoş çağlarımda,
Sürünən keçmişin ayaq izini.
Bir bulud dolaraq kipriklərimin,
Ucundan üzümə qoyur dizini.

Boylanib cibimə şitənir hərdən,
Bilmirəm bu külək məndə nə gəzir.
Otuzca qəpikdi olan-qalanım,
Onu da bu sabah demişəm nəzir.

Yapışıb nədənsə düşmür yaxamdan,
Qocalıq elə hey bu yana əsir.
Deyəsən getdikcə külək oluram,
Ürəyim durmağa yaman tələsir.

Share: