Məhkəmə-Hüquq Şurasının iclasında hakimliyə namizədlərlə fərdi söhbətlər aparılıb

Yeni nəsil hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesləri şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam etməkdədir.

Məhkəmə-Hüquq Şurasından verilən məlumata görə, 2023-cü il sentyabrın 28-də İnam Kərimovun sədrliyi ilə şurasının növbəti iclası keçirilib.

İclasda cari məsələlərə, o cümlədən Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb. Müsabiqəni uğurla başa vurmuş hakimliyə namizədlərlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.

Məhkəmə-Hüquq Şurasının üzvləri çıxış edərək, əksəriyyəti gənc nəsil hüquqşünaslardan ibarət olan həmin namizədlərin müxtəlif hüquq sahələrində çalışdıqlarını və gələcəkdə onların ədalət mühakiməsinin və məhkəmə sisteminin inkişafında öz töhfələrini verəcəklərinə əminliklərini bildiriblər.

Share: