Hörmətli KİV- in rəhbərləri! Bəllidir ki, haqq və hüquqları pozulmuş insanların dərdinə ilk reaksiya verən və bu qanunsuzluqların aradan qaldırılmasında KİV-in müstəsna rolu var. Məmur özbaşınalıqları barədə çoxsaylı müraciətlərimə bugünədək baxılmayıb. Çarəsizliyimdən, sonda ölkə başçısı cənab İlham Əliyevə və 1-ci vitse prezident Xanım Mehriban Əliyavaya bu müraciəti ünvanlamaq qərarına gəldim
Azərbaycan Respublikasının prezidenti
cənab İlham Əliyevə
Surəti 1-ci vitse prezident
Xanım Mehriban Əliyevaya
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs.
Sülh küç.1 Mənzil 164 ünvanda yaşayan
Musayeva Gülsəfa Vəli qızı tərəfindən
Ə R İ Z Ə
Hörmətli cənab Prezident! Sizə müraciət edən, uzun illər Memarlıq və İnşaat Universitetində çalışmış mərhum professor Zülümxan Musayevin həyat yoldaşıdır. Məlumat üçün bildirirəm ki, mənə 30 dekabr 1999 cu il tarixdə Mərdəkanda fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulan, 2590 saylı, 1200 (on iki) sotdan ibarət torpaq sahəsi ayrılıb. Torpaq daş hasara alınıb içində tikinti materialların və ləvazimatların saxlanılması üçün kiçik bir sığınacaq da tikilmişdir. Qeyd edim ki, torpağın alındığı gündən zəpt olunana, yəni 31.12.2017-ci ilə qədər torpaq vergisi Mərdəkan bələdiyyəsinin hesabına ödənilmişdir. Lakin Xəzər rayon İcra Hakimiyyətinin keçmiş başçısı İslamov Gülağa Bayram oğlu, onun oğlanları- 8-ci Polis Bölməsinin rəisi İslamov B.G və Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin sədri İslamov İ.G əlbir olaraq mənə məxsus torpağı xəbərim olmadan, sənədləri köhnə tarixlə, 18.06.2010 cu ilə saxtalaşdırmaqla, “AzTürk Holding” ASC- yə 5 (beş) milyon ABŞ dolları qiymətinə satmışlar. Bütün səlahiyyətli orqanlara saysız müracitətlərim zamanı “AzTürk Holding”ASC-yə də gedib vəziyyəti onlara anlatmağa çalışmışam. Ordan mənə, “bu torpağa görə 5 (beş) milyon ABŞ dolları ödəmişik” cavabını söyləmiş və bir də onları narahat etməməyim tövsiyyə olunmuşdur.
Hörmətli cənab Prezident, yerli icra strukturlarından tutmuş Bakı şəhər İcra hakimiyyətinə etdiyim çoxsaylı müraciətlər bugünədək nəticəsiz qalmışdır. Sizin icra məmurlarına verdiyiniz tapşırıqlara yerlərdə nəinki əməl olunmur, üstəlik müxtəlif yollarla hüquqlarımızı taptalayıb bizi hədələyirlər də. Bu, dələduzluq faktlarının araşdırılması və günahkarların cəzalandırılması üçün Xəzər rayon prokurorluğuna etdiyim şikayət ərizəsi Xəzər rayon prokuror köməkçisi Səməd Nəcəfov tərəfindən rədd edilməklə, prokuror Fəxri Ələsgərov tərəfindən təsdiqlənmişdir.
Rayon prokurorluğunun çıxardığı əsassız qərarla bağlı Bakı şəhər prokuroru İlqar Abbasova şikayət ünvanlanmışdır.
Müraciətim və həmin material nəzarət qaydasında Bakı şəhər prokurorluğunda öyrənilərkən müəyyən edilmişdir ki, həmin qərar material üzrə tam və hərtərəfli araşdırılma aparılmadan qəbul olunmuşdur. Faktları diqqətlə araşdıran Bakı şəhər prokurorluğu Xəzər rayon prokurorluğunda toplanmış 199-C-18 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında rayon prokurorluğunun sabiq böyük müstəntiqi Zaur Ağakişiyev tərəfindən qəbul edilmiş 10 may 2018 ci il tarixli qərarı əsassız olduğundan ləğv etmişdir. Material əlavə yoxlama aparılması üçün Xəzər rayon prokurorluğuna göndərilsə də bugünədək sayları bəlli olmayan müraciətlərimi davam etdirirəm.
Məhkəmə- hüquq sistemində islahatlara dair qərarlarınız, məmur- vətəndaş münasibətlərinə olan kəskin mövqeyiniz inanmağa əsas verir ki, tapdalanmış hüquqlarım bərpa olunacaq, mənə məxsus torpağımı qaytaracaq, yaxud da torpağıma uyğun kompensasiya veriləcək.
Hörmətlə: Musayeva Gülsəfa Vəli qızı