“Ləzgi məsələsi”nin yenidən gündəmləşdirilməsi nəyə xidmət edir?İ

Bəlli dairələr yenidən “ləzgi məsələsini” gündəmə gətirərək “YANDEKS”saytında  “Azərbaycanın Quba rayonundakı ləzgi kəndləri məsələsi haqda” başlıqlı məqalə ilə çıxış ediblər. 16 avqust 2020-ci il tarixli bu məqalədə Qubanın 25 kəndinin (Qımıl, Küsnət, Digah, Qonaqkənd, Qımıl Qazma, Küsnət Qazma, Alemid Kuba (Ələmməd Oba), Yelenovka, Qımıl Palasa, İspik, İlisu (?), Amsar, Küpçal, Qələdüz, Qəçrəş, Susay, Uzunmeşə, Zizik, Kürkün, Üçgün, Alpan, Möhüc, Yenikənd) ləzgilərə məxsus olduğunu irəli sürüblər. Bu məqalədə yazılanlar ya tarixi bilməməkdən, ya da qəsdən separatçılıq etmək niyyətindən qaynaqlanır. Odur ki, əsl həqiqəti bilmək üçün tarixə ekskurs edək.

 

AZƏRBAYCANIN ŞİMAL BÖLGƏSİNİN TARİXİ XRONİKASI

Mezolit dövründə son buzlaşma sona yetdiyi dövrdə insanlar Şahdağ massivi təpəliklərində yaşayırdılar. Çünki çökək əraziləri su basmışdı. Ərimiş buzlaq suları çəkildikdən sonra təpəliklərdə yaşayan insanlar daha əlverişlı çay və dənizətrafı ərazilərə köç etdilər. Çola və Dərbənd kimi yaşayış məskənləri meydana gəldi. Alban tayfasının məskunlaşdığı Dərbənd “Alban qapıları” adını daşıdı. Dərbənddən şimalda, indiki Dağıstan ərazisində leqlər (ləzgilər), gellər, udinlər və s. yaşayırdılar (Bax. Oçerki İstorii Dagestana.Tom I.Maxaçkala.1957.səh.23.) E.ə.I minillikdə türk Alban tayfası Dağıstan ərazisindəki gelləri, legləri, udinləri və s. birləşdirərək onları alban tayfa ittifağına daxil etdi. Nəticədə, Albaniyanın şimal sərhədi Sulak çayına qədər uzandı. (Bax; A.A.Kudryavtsev, Drevniy Derbent. Moskva 1982.səh.63.) Bu tayfa ittifaqının yaradılmasından sonra Dağıstan ərazisində yaşayan tayfaların bir qismi Albaniyanın müəyyən yerlərinə tədricən yayıldılar. O cümlədən də ləzgilər Samur çayı boyu torpaqlarda, udinlər isə Qəbələətrafı ərazidə məskunlaşdılar. E.ə. IV əsrdə Terek çayına kimi olan ərazilər Atropaten dövlətinə qatıldı və e.ə.III əsrdə hökmdar Artabazan tərəfindən idarə edildi (Polibi). Həmin dövrdə albanlar Rion çayı vasitəsilə Qara dənizə çıxırdılar. Atropatenin şimal sərhədi Fasisdən (Rion çayi) Girkana (Xəzər dənizi) qədər uzanırdı (Polibi).

E.ə.III əsrin 20-ci illərində Selevkilər Atropateni özlərinə tabe etdilər və III Antioxun ölümünə qədər bu ərazi Selebkilərin tabeçiliyi altında qaldı. III Antiox öldükdən sonra (e.ə.183-cü il) Selevki strategləri (sərkərdələri) Artaşes və Zariadr Kür-Araz arası ərazini tuturlar. Bu zaman alban tayfaları Kür və Sulak arası ərazidə öz müstəqil Alban dövlətlərini yaradırlar. E.ə.164-cü ildə Selevkilər Artaşes və Zariadrın hakimiyyətini ləğv edib fars mənşəli Valarşı strateg təyin edirlər. Atropaten dövləti Kür-Araz arası ərazini yenidən özünə qatır. Albanlar isə Kür və Sülak arası ərazidə hökmdarlıqlarını davam etdirirlər.

E.ə.I əsrdə romalıların Ön Asiyaya ekspansiyası genişlənir və bu zaman albanlar öz ərazilərini Araz çayına qədər genişləndirirlər. E.ə.I əsrin sonlarında sarmatlar da şimaldan Dərbəndə qədər olan əraziləri tuturlar. Albaniya ərazisi Arazdan Dərbəndin şimalına qədər olan ərazilə məhdudlaşmış olur. (Bax; A.A.Kudryavtsev.Drevniy Derbent.səh.63.) I əsrin sonlarında şimalda sarmatlar tərəfindən sıxışdırılan massagetlər Dərbəndə doğru gələrək Çola və Dərbənd arasında öz feodallıqlarını yaradırlar. Bu zaman ləzgilər Samur boyunda Maskat feodallığı tərkibində qalırlar. Alban Maskat feodallığının ərazisi IV əsrdə Sanatrukun çarlığı dövründə (330-342) Araz çayına qədər genişlənir. Maskat çarı Sanatruk Albaniyanın çarı olur. 510-cu ildə Albaniyada çarlıq ləğv edilib səpəhbudluq və mərzbanlıq yaradılır. Bu zaman Şabranla Dərbənd arasında Maskat feodallığı, Şabrandan Kürə qədər isə Şirvan feodal əyaləti yaradılır. Albaniyanın digər ərazilərində Xəzər sahili boyu Kaspiana, Kür-Araz arasında Balasakan (Beyləqan), Otena(Uti), Arsax, kürdən şimalda Lipina (Qəbələ) və Kurtivan (Girdiman) kimi feodallıqlar formalaşır. IX əsrdə Şirvanşahlıq Dərbənddən Kürə kimi olan ərazini əhatə edir. Dərbənd ayrıca əmirliyə çevrilir.

IX əsrin 60-cı illərinə qədər bu feodallıqlar Xilafət hakimlərinə tabe idilər. Xilafət süqut etdikdən sonra Dərbənd əmirliyi 988-ci ilə kimi Şabrana qədər olan əraziləri əhatə edirdi. Bu dövrdə Dərbənd əmirliyi tərkibində olan Samurboyu ərazidəki ləzgilərin bir qismi Dərbəndlə Şabran arasındakı ərazilərə, o cümlədən də Quba ərazisinə gəlirlər. Qubanın indiki Digah kəndində ilk ləzgi mənşəlilər məskunlaşırlar. 988-ci ildə Şirvanşahlar Dərbənd və Dərbəndətrafı əraziləri tuturlar. Bundan sonrakı dövrlərdə Dərbənd Şirvanşahlardan ayırılmağa cəhd etsə də nəticədə, buna nail ola bilmir. 1538-ci ildə Səfəvilər Şirvanşahlar dövlətinə son qoyurlar. 1578-ci ildə türklər Şirvanı tutub Osman paşanı ora hakim təyin edirlər. Türklər Şirvanı Şamaxı və Dərbənd bəylərbəyliklərinə bölürlər. Dərbənd bəylərbəyliyinə 8 sancaqlıq (mahal) daxil olur. Bunlardan da biri Quba idi. Bu dövrdə Dağıstan ərazisində türk mənşəli tərəkəmələrin sayı artdı. Dərbəndin türklərin tabeçiliyi altında qalmasına I Şah Abbas (1587-1629) 1603-1639-cu illər arasında son qoyur. İnzibati bölgü kimi bəylərbəyliklər saxlanılır və Quba Dərbənd bəylərbəyliyinin mahalı olaraq qalır.

I Şah Abbasın tabeçiliyi dövründə Dağıstan ərazisindəki əhalinin iqtisadi vəziyyəti ağırlaşır. Bu zaman həm Dağıstan ərazisindəki tərəkəmələr, həm də ləzgi mənşəli xalq Azərbaycan ərazilərinə köç edirlər. XVII əsrdə genişlənən bu prosesdən bəhs edən avropalı səyyah Adam Oleari Dağıstandan ac-yalavac adamların öz qız uşaqlarını pula satmaq üçün Şəki bazarına gətirdiyini yazırdı. Məhz həmin vəziyyətlə bağlı olaraq XVI əsrin sonu, XVII əsrin əvvəllərində Dağıstandakı tərəkəmələrdən olan türk ispiklər və iqriqlər Rutul və Axtı ətrafı ərazilərdən Quba ərazisinə köçdülər. Qubada İspik və İqriq türk kəndləri yarandı. Quba ərazisinə axışan ləzgilər Digah, Zizik, Qımıl, Üçgün, Küsnət, Uzunmeşə ərazilərində məskunlaşıb yerli bəylərin təbələrinə çevrildilər. Bunlardan uzunmeçəlilər assimliasiya nəticəsində türkləşdilər. Həmin kəndlərə XVIII-XX əsrlər arasında da ləzgi əhalinin köçü davam etmişdi. Seperatçıların ləzgi kəndləri kimi təqdim etdikləri digər kəndlər isə yerli türk mənşəlilərə və III-IV əsrlərdə Azərbaycanda məskunlaşmış tatlara məxsus kəndlərdir. O cümlədən də Qonaqkənd əsasən tatlardan ibarət bir neçə kəndi əhatə edir.

Alpan və Susay kəndləri isə çox qədim tarixə malik olan aborigen türk kəndləridir. ”Alpan” ifadəsi Alban adının meydana gəlməsinə səbəb olan əsas müəyyənedici ifadədir. Bu ifadəni ləzgilər də özləri üçün ilahiləşdiriblər. Bu ilahiləşdirmə Albaniya dövlətində onlara olan qayğılı münasibətdən irəli gəlmişdir. Onlar şimşəyi “Alpan” adı ilə öz allahları olaraq qəbul edirlər.

Alban tayfası türk-massaget mənşəlidir (Dion Kssi). ”Susay” toponimi də türk mənşəli Su tayfası ilə əlaqəlidir. N.A.Aristov və Y.O.Qrum-Qrijjimaylo Say,Se,Su soylarının türk olduqlarını yazırdılar.

Qələdüz, Qəçrəş və ləzgi kəndləri kimi siyahıda sadalanan digər kəndlər də türk əhaliyə mənsub kəndlər olub, onların ləzgilərə heç bir məxsusluğu yoxdur. Qubanın bütün kəndlərində az sayda ləzgi mənşəlilər var ki, bunlar da tarixin ayrı-ayrı dövrlərində ailə qurma, iş, dolanışıq yerinə yiyələnmə və sair ilə əlaqədar buralara gəlib məskunlaşanlardır. Odur ki, seperatçı niyyətlə Azərbaycanın şimal bölgəsində ləzgi məsələsini vaxtaşırı gündəmə gətirməyin heç bir tarixi istinadı yoxdur. Quba tək ləzgiləri yox, türklərlə bərabər bütün Şahdağ dil qrupuna daxil olan etnosları da öz qoynunda yaşadan xalqlar dostluğu diyarıdır!

 Müəllif: Z.B.Babayev, Quba tarixinin ilk yazarı, tədqiqatçı-tarixçi.

 

Share: