Birləşmiş Ştatlar Amerika qitəsində azad insanların hesabına yenidən böyük güc olmaq istəyir. ABŞ soyuq müharibə dövründə bizim ölkələri “üçüncü dünya ölkələri” adlandırırdı. Kiçik ölkələr laboratoriyalara və silah ticarətinin məkanına çevrilmişdi.
Müstəqil.Az xəbər verir ki, bunu Kuba Prezidenti Migel Diaz-Kanel Qoşulmama Hərəkatının Zirvə Görüşündə bildirib.
O deyib ki, ABŞ qərarlar qəbul edir və digər ölkələrin bunlara riayət etməsini istəyir.
“Terrorizmlə mübarizə və demokratiyanın qurulması bəhanəsi ilə onlar müxtəlif ölkələrə müdaxilə edir. Psixoloji müharibənin yeni metodlarından istifadə olunur, münaqişələr yenidən alovlandırılır. Onlar bizim iqtisadi əlaqələrimizi bloklamağa cəhd edir və informasiya müharibələri təşkil edirlər. Onlar yenidən ABŞ-ın böyük olacağını bildirirlər. Lakin onların Amerikası bizim Amerika deyil. Biz öz inkişafımızı hegemonluq olmadan davam etdirmək niyyətindəyik. ABŞ-ın aqressiyası bizim inkişafımıza maneə və Kubada insan haqlarına hörmətsizlikdir.
Kubaya qarşı blokada davam edir və hər həftə yeni iqtisadi sanksiyalar qəbul olunur. Birləşmiş Ştatlar ötən əsrin dəniz quldurlarına bənzəyir. Biz bu təhdidlərdən qorxmuruq və təcavüzə boyun əyməyəcəyik. Birləşmiş Ştatlar bizim regionu gərginləşdirməyə davam edir.
Vurğulamaq istəyirəm ki, biz dialoqun və sabitliyin bərqərar olmasının tərəfdarıyıq. Biz müstəqillikdən imtina etməyəcəyik. Onların silahı varsa, bizim də xalqımız var. Təklif edirəm ki, biz birgə, güclü olaq”.
Prezident əlavə edib ki, Kuba Venesuelanı, Şimali Koreyanı, Boliviyanı Birləşmiş Ştatların hücumuna qarşı dəstəkləyir.
“Ümid edirik ki, yaxın zamanlarda Suriya xalqına qarşı müharibə də başa çatacaq və Fələstin münaqişəsi nizamlanacaq”.