“Kor cərrah bıçağıdı, xatirə işə gəlməz…”-Əkbər Qoşalı…

 DGTYB Məsləhət Şurasının başqanı, ATATÜRK Mərkəzinin şöbə müdiri, şair, publisist Əkbər Qoşalını ad günü münasibətilə təbrik edir,ömrünün baharında ona yaradıcılıq uğurları arzulayırıq!

Müstəqil.Az şair,publisist Əkbər Qoşalının şeirlərini təqdim edir:

Yağışlar, yağışlar yağırdı nazla,
Çiçəklər, çiçəklər sığallanırdı;
Nə gözəl, nə gözəl əsirdi yellər,
Göllər beşiyində yırğalanırdı…

 

Quşlar yeni yeni cəh-cəh vururdu,
Ovlaqlar, yaylaqlar yoxuydu hələ;
Çay öz yatağıyla tanış olurdu,
Ah, dünya qalaydı… – qalmazdı belə…

 

Dərələr-təpələr şəkillənirdi,
Yer yerə bərkiyir, göy çəkilirdi…
Hər yer təptəzəydi, hər şey yepyeni,
Buludlar, buludlar nəsə deyirdi…

 

İlk kişi – ilk qadın gəldi göz-gözə, –
Şimşəklər, şimşəklər belə yarandı…
İlk dəfə uzandı əllər əllərə,
Barmaqlar toxundu, Ay paralandı…

 

 

 

Dünən

Dünən biziydik orda –
O kafe, o masada.
Bugün iki gənc gördüm
bizim masamızdaca
vermişdilər baş-başa.
Səndən nə gizlədim, elə qısqandım,
İstədim içəri keçim, səs salım…
Ancaq
demədiyin sözə ayıldım
Və ən yeyin addımla
uzaqlaşdım özümdən…
 
Dünən qaldı dünəndə
Dünən masada qaldı,
Kor cərrah bıçağıdı –
Xatirə işə gəlməz.
 
Eh… nə vardı dünəndə? –
Guya neynəmişdik ki?
Sən öz telinnən oynadın,
Ürəyim mənnən oynadı.
Hər təbəssüm edəndə,
çökəldi gözəl üzün,
və mən zalimcasına dözdüm o gözəlliyə…
 
Dünən neynəmişdik ki? –
Bir az söhbət elədik
və baxışdıq bir xeyli.
Sən Bakıdan danışdın, mən Daşkənddən,
Sən Bakını təriflədin, mən Daşkəndi;
Mən əslində səndən danışır,
səni tərif edirdim,
yəqin sən də düşündün ki,
mən heç nə anlamıram,
anlamıram ki,
bir şəhəri bu qədər adamlaşdırmaq olmaz…
Nə dedinsə sağ ol,
sağ ol, çox sağ ol,
Amma
mənim Bakılığım qoy hələ qalsın.
sənsə dəqiq Daşkəndsən. –
həsərətin daş kimi düşür ürəyə.
 
Dünən başqa dünəndi,
gah hər şeydən danışdıq,
gah hər bir sözə susduq,
üzə daldıq,
üzdə qaldıq…
 
Dünən nəydi,
nəydi dünən, İlahi?
Hər şeydən danışırdıq
amma büsbütün sözlər
gəlib-gəlib tıxanırdı bir yerdə,
Hər şeydən danışırdıq,
amma o hər şey dediyin
tək bircə kəlməyə xidmət edirdi –
ikimiz də bilirdik,
noolsun, ikimiz də deyə bilmirdik…
 
Sahi, nə deyəcəkdik?
Məndən heç soruşma,
Mən nə dediymi bilmirəm,
zalim,
Sənsə bildiyini demirsən
sanki…
 
Bugün o iki cavan
dirsək qoyan masada
ürək qoyub gəlmişik,
onlar hardan biləcək..?
Eh, hardan bilsinlər ki,
dünən elə ordaca
necə vurub ürəklər,
boğaz necə quruyub,
topuq çalıb necə dil?
 
Nəydi kafenin adı? –
bir də geri dönməyim,
Sən də xatırlamazsan,
Olsun.
Sevgistan olsun. –
İki nəfərçün bir ad…
 
Dünən dünəndə qaldı,
Dünən qaldı masada
Kor cərrah bıçağıdı
xatirə işə gəlməz…
Atlar ayaqlandı
Atlar ayaqlandı Altay tərəfdən,
Atlar qanadlandı Günbatan səmtə;
Soyuqdan əsəndə yüyən tutan əl,
Buğ qalxanda atların, adamların
burnundan,
və sırsıra tutanda kirpikləri-qaşları,
at özü qoparıb şah damarını
içirtdi qanını süvarilərə…
fışqıran o qaynar qanıydı elə –
işlədi iliyə, qarışdı qana,
azarlar-bezarlar qaçdı ordudan.
İgidlər atdan düşüb atlandı yenə;
yeni atlar ilə tərpəndi elat.
Sonradan uşaqlar atağız oldu,
bulaqlar Atbulaq,
yollar atyolu,
aşrımlar dəyişib Atyalı oldu…
 
Yorğun atlar yetişəndə mənzilə,
Günbatan torpağı çiçəkləyirdi.
Atımızın təriylə sulanırdı biçənək…
O ağır, o ləngər, ahəngli yeriş
bərəkət qatırdı torpağa lay-lay…
 
Günbatanda batdılar
o igidlər, o atlar,
Gün kimi doğsaydılar..!
07.02.2019. Atyalı-ABŞERON
Müstəqil.Az
Share: