“Kaş ki, olmayaydı dayanacaqlar. Baş alıb gedəydik çəkisizliyə…”- Yusif Kamal…

Narkoz həkimi
( Yusif Kamal )

Ay həkim, dünyanın qaydasıdı bu,
Ölsəm, yanaqlarda bir damla yaşam.
Bil ki, gözlərinin xatasıdı bu,
Desələr, narkozdan ayılmamışam.

Başqa cür ömrümə gəlməmisən sən,
Bu tale qismətim, yazım deyilmiş.
Həkim olduğunu bilməmisən sən,
Heç sənə oxumaq lazım deyilmiş.

Sənə elm öyrədən o cavan alim,
Qarşında min dəfə imtahan verib.
Yazdılar – xəstədi, bəs filan alim…
Bilən də olmadı niyə can verib.

Ay narkoz həkimi, ay gözəl mələk,
Heyif ki, xərcləndi ömrün yarısı.
Bilmirəm gözəlin nəyinə gərək,
Dünyanın cürbəcür bihuşdarısı.

Həyat bıçaq altda, ürək dözümdə,
Taleyin payına qane olmayaq.
Gözəl, gözlərini saxla gözümdə,
Cərrahın işi var, mane olmayaq…

Nə yaxşı çıxmısan yolumun üstə…

Demə geridəymiş eşqin qovğası
Özüm də bimirəm bu nə fikirdi.
Bu qoca avtobus vüsal yuvası
Səhər də, axşam da yolumuz birdi.

Qoşa gözləyirik bu marşurutu,
Fkrimdən qəribə kölgələr keçər.
Bir həzin musiqi pozar Şükür’ün,
Dəli xəyalımdan gör nələr keçər…

Gözlərdən savayı köməyiz yox
Dilimiz bağlanıb, batmışıq yasa.
Dünyada şərikli heç nəyimiz yox,
Hardasa,şərikik bu avtobusa.

Qollarım uzanın,hey açıq qalar
Gəlsən,çiçək açar ömrün dışına.
Gözlərin söhbəti yarımçıq qalar
Hələ tələsməyək mənzil başına.

İndi nə demişəm,yanan ocaqlar
Alıb qucağında məni gizləyə.
Kaş ki, olmayaydı dayanacaqlar.
Baş alıb gedəydik çəkisizliyə.

Bir qismət yazılır,şahlıq yanında,
Bir tale can verir,qolumun üstə.
Qalmışdım bəlkənin yol ayrımında,
Nə yaxşı çıxmısan yolumun üstə.

Bir parça Laçın…

Bir parça Laçın.
Arzular bağlanıb
bir xöş ümidə
Bilməzdim bu boyda
xırdaymış Laçin.
Elə yerləşibdir
Taxta Körpüdə,
Elə bil yüz ildi
burdaymış Laçın.

Biz qardaşıq
doğma,
ögey.
Əyə vallah
sən görkəmdə qaçqın olmaz.
Qalx ayağa
qeyrətini əyninə gey
Yüz dənə
Taxta Körpüdən
bir parça Laçın olmaz.

 

QOYMADINIZ.
(Oğlanlarıma)

Bir sovrulmuş dəyirmanam,
Gözümdə yaş qoymadınız.
Nə vaxt getdi cavanlığım,
Ağzımda diş qoymadınız.

Ömrü gün-gün sökənlərim,
Hər sınağa çəkənlərim,
Başımda turp əkənlərim
Başda da baş qoymadınız.

Gah dağ oldum, aran oldum,
Gah sökdüm, gah quran oldum.
Vallah elə viran oldum,
Daş üstə daş qoymadınız.

Bir sevgi var, yaşı cavan
Bir tale var ,qışı cavan.
Ölmüş idi naşı cavan,
Məzara tuş qoymadınız.

Yusif Kamal nə həvəsdə,
Ömrü keçdi bir qəfəsdə.
Xoş gəldiniz son nəfəsdə
Yurdumu boş qoymadınız.

 Müstəqil.az
Share: