Jurnalistika vazkeçilməzimdir – Əntiqə QONAQ

Müstəqil.Az tanınmış qələm adamı, Respublikanın əməkdar jurnalisti, müharibə Veteranı Əntiqə Qonaqla müsahibəni təqdim edir:

– Əntiqə xanım, ilk öncə ondan başlayaq ki, Qonaq soy adınız, yoxsa təxəllüsünüzdü? Hardan qaynaqlanıb?

– Soyadımdı. Atamın babasının, yəni, babamın atasının adı olub. Hamı onu “Gülləbatmaz Qonaq” kimi tanıyıb. Çox qorxmaz, həm də cəsarətli idi. Qurdla əlbəyaxa savaşda qalib gəlməyi bacaran kişilərdən olub.

Bir haşiyəyə çıxım, “Azərbaycan” qəzetində çalışarkən çox hörmətli bir nazirdən müsahibə almalıydım. Şöbə müdirimiz həmin nazirə zəng vuraraq görüş üşün vaxt aldı. Dedi ki, Əntiqə Qonaq gələcək yanınıza. Nazir də soruşdu ki, müxbirin adıını və soyadını deyin qapıya buraxılış vərəqəsi qoyaq. Şöbə müdirimiz adımı və soyadımı təkrarladı. Nazir qayıdasan ki, ay xanım, qonaq əlbəttə əntiqə olar, gözümüz üstə yeri var, buna söz yox, siz müxbirin adını deyin. Bu mükalimə indiyədək lətifə olub dilimizdə. Adımın və soyadımın ümumi isim olması və birlikdə fikir ifadə etməsi belə anlaşılmazzlıqlar yaradırdı.

– Uzun müddət mətbuatda çalışmısız. Son vaxtlar isə imzanıza az-az rast gəlinir. Özfəliyyət desək, işləmirsiz daha?

-1984-cü ildə təyinatla jurnalistlik fəaliyyətimə başlamışam. Avtomobil Nəqliyyatı Nazirliyinin “Magistral” qəzetində korrektor, müxbir (1984-1990), “Həyat” qəzetində baş müxbir (1990-1992), “Biznes” qəzetində şöbə müdiri (1992-1993), “Ana” müstəqil qadın qəzetində təsisçi və baş redaktor (1993-1996), “Azərbaycan” qəzetində müxbir (1999-2001). 2001- 2017-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və informasiya idarəsinin mətbuat xidmətində baş məsləhətçi işləmişəm. Dövlət qulluğunun müşaviriyəm. Səhhətimlə əlaqədar təqaüddəyəm. Hazırda yaradıcılıqla məşğulam. Kitablarım üzərində işləyirəm.

– Dövlət qəzetlərində də çalışmısız, özəl qəzetiniz də olub, özünüzü harda rahat hiss edirdiz?

– Bu suala iki yanaşmam olacaq. Əvvəla, jurnalist peşəsiylə rahatlıq kəlməsinin bir yerdə səslənməsinə diqqət çəkmək istərdim. Məncə rahat insan jurnalist ola bilməz. Daim axtarışda, sabahı bu gündən yaşamalı olan, media sahəsindəki rəqabətlə ayaqlaşmağa məcbur, informasıyanın tezliyi, dəqiqliyi, operativliyi və keyfiyyətini… düşünən bir peşə sahibinin rahatlığından söhbət belə gedə bilməz. Qaldı ki, çalışdığım redaksiyalarda özümü sərbəst və rahat hiss etməmə… təbii ki, “Ana” qəzetində daha sərbəst idim. Necə deyərlər, öz əlim, öz başım. Buna baxmayaraq, harda işləsəm də sözümü keşirməyə nail olmuşam. İstədiyim mövzuda yazılar yazıb dərc etdirmişəm. Mövqeyimi qoruyub saxlamışam, elə etmişəm ki, hamı şəxsiyyətimə hörmətlə yanaşsın, fikirlərimlə hesablaşsın və mənə sayğı göstərsin.

Ümumiyyətlə, jurnalistikada bu gün xanımlar daha çox sərbəstdir, özlərini ifadə edə bilir, yoxsa qabaqlar?

– Mən sərbəstliyi və özünüifadəni peşəkarlığa bağlayardım daha çox. Peşəsini sevən, həyatını SÖZ adlı bir nəsnəni beyninin məhsulu və düşüncələri ilə yoğuraraq ictimai fikri yönləndirməyə həsr edən, SÖZün yolunu tutaraq oxucalara maraqlı ədəbi nümunələr bəxş edən, SÖZdən SÖZ yaradaraq ədəbi irsimizi zənginləşdirən yazarlar bütün fəaliyyətləri boyu özlərini çox yüksək səviyyədə ifadə edə biliblər. Bu prizmadan yanaşarıqsa, məncə qabaqlar xanım jurnalistlərimiz daha sərbəst, daha mükəmməl idilər. Çünki yazdıqları qəlblərinin hərarəti, təxəyyüllərinin, zehinlərinin, şüurlarıııının məhsulu olaraq ərsəyə gəlirdi. İndi əksəriyyətin faydalandığı diktafon məhsulu kimi deyil.

– Əntiqə xanım, bilirik ki, siz bir müddət MN-nin hərbi hissələrinə ezam olunmuş ilk, həm də, azsaylı xanım jurnalistlərimizdənsiniz. İlk cəbhə yazınızı xatırlayırsızmı?

– Cəbhəyə elə müharibənin ilk aylarından könüllü olaraq getmişəm. Təyinat yerimdə-Nəqliyyat Nazirliyinin “Magistral” qəzetində işləyirdim. Redaktorumuz narazılıq etsə də, çox isrardan sonra istəyimə nail oldum. 1989-cu ildə Ağdamda, 1990-cı ildə isə Şuşada oldum. “Qarabağın bağrı qan” və “Şuşanın dağları başı dumanlı…” iri həcmli yazılarımda bir çox mətləblərə toxunmuşdum.

– Sarsıntılı anlarınız çox olmuşdur təbii ki..

– İlk səfərimdə Şuşaya Əsgəran, Xocalı və Xankəndindən keşərək getmişdim. Rus hərbçiləri tez-tez sənədlərimizi yoxlayır və gedişimizin məqsədini soruşurdular. Amma nə Xankəndindəki Lampa zavodunun üzərinə sancılmış Ermənistanın bayrağı, nə də ki, Ağa körpüsünü köndələninə kəsən elektrik xəttindən asılmış xaç hərbçilərin diqqətini cəlb etmirdi. Etsə də, əhəmiyyət vermirdilər güman ki… Amma mən gördüklərimdən möhkəm sarsılmışdım. Qarabağ savaşında elə bil ki, ilk güllə yarası almış kimi his edirdim özümü. İçim param-parça olmuşdu. Azərbaycan ərazisində Ermənistanın simvollarını görmək çox ağır gəlmişdi mənə.

-Müharibə yaxından maraqlı, yaxud dəhşətlidir, yoxsa filimlərdə, kitablarda?

-Maraqlı kəlməsini müharibə ilə yanaşı çəkməyək. Müharibələr həmişə dəhşətləriylə, faciələriylə, səfalət və xarabalıqlarıyla, ölüm və itkiləriylə, ağrı-acılarıyla, viranəlikləriylə, ürəklərdə açdığı əbədi yaraları ilə müşayiət olunub. Mən və yaşıdlarım müharibələri filmlərdən seyr edib kitablardan oxuyan uşaqlar, bununla bərabər, müharibənin canlı şahidi olan gənclər olmuşuq. Demək, uşaqlığımız və gəncliyimiz bir növ müharibəyə köklənmiş olub. Elə bu günədək də vəziyyət belədir, – deyərdim həm də. Müharibənin canlı şahidi olmaq normal yaşam alışqanlıqlarını bircə anda unutnaq deməkdi. İllər boyu özün üçün, doğmaların üçün yaratdığın düzənin bircə anda pozulması deməkdi. Canının bir parçası olan əzizlərinin bircə anda, gözünün qarşısında məhv olması deməkdi. Keçmişinin, bu gününün, gələcəyinin bircə anda yox olması deməkdi. Arzularının, xəyallarının alt-üst olması deməkdi. Havasızlıq deməkdi, boğulma deməkdi, yaşaya-yaşaya ölmək deməkdi, həm də ölmək istədiyində ölə bilməməkdi, çarəsizlik, ümidsizlik… deməkdi. Yenə də sayımmı?

– Cəbhənin hansı bölgələrində daha çox olmusuz?

– Qarabağın dağlıq hissəsinə erməni quldurlarının təcavüzü başlayan gündən jurnalist kimi dəfələrlə cəbhə bölgələrində, səngərlərdə olmuşam, torpaqlarımızı qoruyan könüllülərə, əsgər və zabitlərə, ordu heyətinə mənəvi dayaq olmağa çalışmışam. Xocalının soyqırımdan əvvəlki vəziyyətində, Şuşada, Ağdamın Gülablı, Mərzili, Başqərvənd, Papravənd, Füzulinin Qacar, Xələfşə, Cuvarlı, Gövşatlı, Veysəlli, Arış, Hoğa kəndlərində və Məngələnata yüksəkliyində, Cəbrayılın Sur yüksəkliyində, Zəngilanın Novlu, Kollu, Rəzdərə, Yeməzli, Günqışlaq, Pirveyisli, Şərifan, Aşağı Göyəli, Nəcəflər, Ağbənd, Vejnəli, Qubadlının Çardaqlı, Əyin, Məlikəhmədli, Tarovlu, Yuxarı Cibikli, Aşağı Cibikli, Əliquluuşağı, Zor, Laşının Səfyan, Güləbird, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Türklər, Qazağın Barxudarlı, Sofulu, Qızılhacılı, Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Tovuzun Ağdam, Əlibəyli, Koxanəbi, Göyəbaxan, Böyükqışlaq, Ağdərənin Yarımca, Seysulan kəndlərində, Vəng yüksəkliyində olmuşam və ön cəbhədə gedən döyüşlərin iştirakçılarından müxtəlif səpkili yazılar yazmışam. Ümumiyyətlə desəm,1988-1994-cü illərdə Füzuli cəbhəsində 12, Ağdamda 8, Qubadlıda 4, Laçında 2, Zəngilanda 2, Şuşada 2, Cəbrayılda 1, Xocalıda 4, Ağdərədə 2, Kəlbəcərdə 1, Qazaxda 2, Tovuzda 2, Gədəbəydə 1 dəfə olmuşam və burada şahidi olduğum hadisələr, canlı döyüş epizodları, döyüşçülərin vəziyyəti, qayğı və problemləri ilə bağlı yazılarla çalışdığım mətbu orqanında çıxışlar etmişəm. Bundan başqa mütəmadi olaraq xəstəxanalarda müalicə olunan yaralı əsgər və zabitlərimizə baş çəkmişəm, şəhid ailələrinə maddi və mənəvi dayaq durmuşam. Demirəm bütün sərhəd kəndlərini adddım-addım gəzmişəm. Bu, mümkünsüz bir şeydi. Amma, ayağımın dəymədiyi cəbhə bölgəsi, müharibə zonası yoxdu. Çalışırdım ən təhlükəli yerlərdə torpaqlarımızı qoruyan əsgərlərimizlə daha çox ünsiyyətdə olum.

– Döyüş bölgələrində olmusuz. Ordumuzun döyüş yolunu əks etdirə bilən nələri etmisiz, daha nələri edə bilərdiz, amma edə bilməmisiz?

– Qarabağ savaşının müxtəlif epizodlarını canlandıran, cəbhə bölgələrindən yazdığım məqalələrimdən ibarət 780 səhifəlik “Vətən, səndən keçmək olmaz!”, Milli Qəhrəman mayor Elman Hüseynovun döyüş şücaətlərindən bəhs edən “Ölməzlik” kitablarının müəllifiyəm. Hazırda müharibəylə bağlı daha iki kitab üzərində işləyirəm.

Amma bunlar kifayətdi demədim heç vaxt. Daha çox iş görə bilərdim məncə. Məsələn, fotoaparatım olsaydı görüşdüyüm zabit və əsgərlərin rəsimlərini çəkib tarixiləşdirə bilərdim. Yəni adi bir fotoaparat alsaydım… Mənsə hərbçilərin səslərini diktafona yazıb, faktları qeyd dəftərçəmə yazmaqlaməli oldum. Bir peşmançılığım budur.

Universitet illərimdə hərbi-hazırlıq müəllimim olmuş, daha sonra general rütbəsinədək yüksəlmiş hərbi səriştəsi və peşəkarlığı, cəsurluğu və qəhrəmanlığı ilə tanınan Zaur Rzayevlə Kəlbəcər cəbhəsində görüşüb intervyü aldım ondan. Burda artıq tələbə və müəllim kimi deyil, jurnalist və hərbçi kimi görüşdük. Mənə hərbi hissənin ictimaiyyətlə əlaqələr üzrə rəsmi sözçüsü vəzifəsini təklif etdi. Kaş ki, qəbul etsəydim deyirəm. İkinci peşmançılığım bu.

Gözlərimin önündə, qollarım üstündə can verən şəhidlərimizin ruhu qarşısında bir insanlıq andım var: Qanla suvarılmış o torpaqlarda bir daha addımlayaraq “Ruhunuz şad olsun, qanınız yerdə qalmadı”, – deyə bilmək. Qələbə yazısını yazmağa köklənmişəm nə zamandı… Təəssüflər olsun…

Bir də…ölə bilmədim…ölmədim yəni…

– Müharibənin bu günədək unuda bilmədiyiniz, qəlbinizin bir küncündə ağrısı-acısıyla qoruyub saxladığınız anları olmamış deyil.

-Həm də o qədərdi ki…

Əslində müharibədə şahidi olduğum, həm də mətbuatdan oxuyub televiziyalardan seyr etdiyim məlumatların hamısı yaddaşıma hopub. Bu hadisələr heç bir zaman mənim üçün ikinci plana keçmədi, daim göz önümdə oldu. Oturub düşünəndə birər-birər gözlərimin qarşısında canlanır. Lap elə indicə baş veribmiş kimi. Hansını dilə gətirim, hansından danışım?.. Əslən İmişlinin Bəhramtəpə qəsəbəsindən olan, müharibə başlayanda Rusiyadakı işini atıb Vətənə dönən, arxasınca cəbhəyə gələn anasına: Ana, o qıfıllı qapıları açmayınca geri dönən deyiləm, -deyən, Füzulidəki 28 iyun əməliyyatında ağır yaralanan, Semaşko adına xəstəxanada əməliyyat olunsa da həyat mücadiləsini itirən və gözlərim önündə həyatdan gedən Sahib Qarayev var beynimin o gizli köşəsində…

Son dərəcə təsirli və ağrıdıcı bir səhnə də var. Füzulinin Gövşadlı kəndinə yaxın neytral ərazidə Xocalıdan olan girovların dəyişdirilmə səhnəsi. Əslən Amasiyadan olan və Xocalıda məskunlaşan, girovluqdakı işgəncələrdən beli bükülmüş, oğlunun kürəyində doğmalarına qovuşan, bütün ailəsiylə əsir düşən Əli dayının ilk kəlməsi bu olmuşdu: “Nəfəsinizə qurban olum”. 3 gün əvvəl onun həyat yoldaşını və qızını, indi isə oğlunu və özünü azad etmişdilər. Hələ bir oğlu da girovluqda qalmışdı.

Mən İmişlinin bir qrup fəal qadını ilə Zəngilanın işğalı zamanı İran tərəfə keçərək canlarını qurtaran rayon əhalisinin bir qisminin Araz çayı ilə İmişli tərəfə keçmələrini izləmişəm. Çayın içi ilə atın üzəngisindən tutaraq lal-dinməz…amma məğrur yerişlə gələn ucaboylu, vüqarlı qadını bir görsəydiniz…Bəlkə də bir ailədən qalan yalnız bu qadınla at olmuşdu…

Bu və ya buna bənzər onlarla, bəlkə də yüzlərlə hadisənin şahidiyəm. Müharibə bundan ağır hansı zərbələri vura bilərdi ki, bizlərə?

– Hərbi jurnalistikamızın o zamanlar çətinliyi olmurdu ki?

– Vardı çətinliklərimiz. Müharibənin ilk illərində maneəsiz olaraq könüllü surətdə cəbhəyə gedə bilirdik. Milli ordu formalaşmağa başlayanda Xalq Cəbhəsinin hakimiyyətdə olduğu illər Müdafiə Nazirliyindən icazə almalıydıq. Leyla Yunus nazirliyin mətbuat katibi idi. Bizi o qədər imcidirdi ki… Ezamiyyə kağızını alanadək canımız boğazımıza gəlirdi. Məlumdu ki, jurnalistlər cəbhədə gördüklərini birər-birər qələmə alacaqdılar. Onlar da cəbhədəki real vəziyyətin üzə çıxacağından, aşkar olacağından çəkinirdilər güman ki. Günlərlə yubadırdlar bizi. Cəbhədə geniş əməliyyat keçirilirdi, biz oradan isti-isti məlumat hazırlamaqda bəzən çətinlik çəkirdik.

– Səhv etmirəmsə siz sonradan hərblə bağlı bir qəzat də təsis etdiz.

– Xeyir. Mən respublikada ilk “Ana” müstəqil qadın qəzetini təsis etdim və baş redaktoru oldum. Amma qəzetdə dərc olunan materialların ana xəttini müharibə, cəbhə bölgəsi, zabit və əsgərlər, könüllü döyüşçülər, yaralılar, itkinlər, məcburi köçkünlər və cəbhəyə yardım təşkil edirdi. Hər bir hərbçi bir ananın oğludur və biz də bu anaların göz yaşlarını silməyə çalışır, onların mütəşəkkil formada cəbhəyə yardımlarını təşkil edirdik. Əlləri cəbhəyə yetişməyənlər yundan əlcək, papaq və corab, isti geyimlər hörüb redaksiyaya gətirirdilər. Biz də cəbhəyə hər səfərimizdə ərzaq məhsulları ilə bərabər bu sovqatları da əsgərlərimizə çatdırırdıq. Orta məktəb şagirdlərinin əsgərlərə məktublarını təşkil edirdik. Və ön xətdə xidmət edən döyüşçülərimizə çatdırırdıq. Elə maraqlı alımırdı ki… sonra da cavab məktüblarıyla şəhərə dönürdük.

– Əntiqə xanım, indi nə işlə məşğulsuz?

– Ən əvvəl sağlam həyat tərzimi qaydaya salıram. Hər gün yürüş, idman, lazımi müalicə və düzənli şəkildə istirahət. Təbii ki, yazmadan dura bilmərəm. Yaradıcılığımı davam etdirirəm.

– Siz bir çox tanınmış jurnalistlərlə bir kollektivdə çalışmısız, yaxud da onların rəhbərlik etdiyi mətbu orqanlarda işləmisiz. Onları necə xatırlayırsız? Sizcə, onların yerləri boş deyil ki?

– Sevinirəm ki, jurnalistikada xüsusi və bənzərsiz dəst-xətti olan, peşəkarlığı ilə seçilən, ədəbi aləmdə tanınan və ən başlıcası, təçkilatçılıq qabiliyyəti olan redaktorların rəhbərliyi altında çalışmışam.

Televiziyada və radioda işləyərkən İlyas Tapdıq, Firidun Ağayev, Mailə Muradxanlı, İntiqam Mehdizadə və bir çox peşəkar jurnalistlərin redaktorluğu ilə verilişlər hazırlamışam.

“Həyat” qəzetinin baş redaktoru, istedadlı yazıçımız Əfqan Əsgərov isə Şuşadan yazdığım bir yazımı oxumaqla işə götürmüşdü məni. Şox gözəl redaktə səriştəsi vardı. Yazını biçib tökməzdi. Hər bir yazarın stilini qoruyub saxlamağa çalışardı. Redaktə bacarığıma görə, redaktəyə olan sevgimə görə Əfqan müəllimə bir ömür boyu borcluyam.

“Azərbaycan” qəzetinin baş redaktoru Əmir Mustafayevin isə özəl xüsusiyyətləri vardı. Məsələn, hər hansı bir müxbirin məqaləsində onu tutan yeni bir fikir və ya bənzətmə forması görərdisə yazının həmin hissəsini qırmızı qələmlə haşiyəyə alar, təşəkkürünü və müsbət rəyini yazardı. Bilirsiz, bu jurnalist üşün nə demək idi… böyük bir ilham mənbəyi və həvəsləndirmə forması.

– Jurnalist fəaliyyətinizlə bərabər ölkəmizin ictimai həyatında hər hansı bir fəaliyyətiniz olubmu?

– Respublikanın ictimai həyatında fəal iştirak etmişəm. Respublika Qadınlar Cəmiyyətinin ictimai əsaslarla mətbuat xidmətinin rəhbəri kimi fəal qadınlarla bərabər dəfələrlə ön cəbhədə döyüşən hərbçilərimizə sovqat – ərzaq, geyim əşyaları, müxtəlif gündəlik tələbat malları aparmışıq. Onlarla şəhid ailəsini himayəyə götürərək onların problemlərini əlaqədar təşkilatlar qarşısında qaldırmışıq və həllinə nail olmuşuq. Bu günə qədər müharibənin ağrı-acısını qəlbində və həyatında daşıyan yüzlərlə insanla, onlarla ailəylə dostluq əlaqələrimi davam etdirir, onların xeyir-şərində yanlarında olmağa çalışıram. Respublikamızın bir qrup ictimaiyyətçi qadını ilə bərabər qocalar evinə, internatlara, əqli zəif uşaqlara baş çəkərək onlara maddi və mənəvi dəstək oluruq. Məhz bu və ya digər xidmətlərimə görə BMT-nin Xoşməramlı Səfiri diplomuna layiq görülmüşəm.

– Qarabağ müharibəsi veteranısınız. Bu sizin üçün nə deməkdi?

– Çox qürurvericidi. Bəlkə də, Vətənin ən yüksək mükafatına bərabər tuta biləcəyim bir fəxri addı. Bəzən özüm-özümlə qalanda olub keçənləri, yaşadığım ömrün ən xırda detallarını belə xatırlayıb nəyi doğru, nəyi səhv etdiyimi təhlil edirəm. Bəlkə də gəldiyim nəticənin ən doğrusu Qarabağ savaşında canlı şahid olmağımdı. Cəbhə bölgələrinə getmək istəməmin bir səbəbi vətən təəssübündən irəli gəlirdisə, digər bir tərəfi mənim peşəmlə bağlı idi. Bir jurnalist olaraq Vətənin ən ağır günündə gərəkən yerdə olmaq borcum idi. O dövrdə nədən yazsan da, nəyi qələmə alsan da bir ucu hökmən müharibəyə dayanacaqdı. Başqa cür ola da bilməzdi. Aktual mövzu-müharibə, operativ yazı – cəbhədən reportaj, qaynar nöqtə – Qarabağ torpağı, jurnalist peşəkarlığılnın nümunəsi – hərbi yazar.

O dövrdə vətənpərvərlik və qorpqa sevgisi çox güclü idi insanlarda. Yazılarımın birində belə bir ifadə işlətmişdim: Biz artıq divarlara “Qarabağ bizimdir!” yazan uşaqlar deyilik. Qarabağ uğrunda son damla qanımızadək vuruşmağa qadir Vətən sevdalılarıyıq!…

Demək istəyirəm ki, o dövrün yazılarında vətənpərvərlik və qələəəbəyə inam, ruh yüksəkliyi və döyüşkən ab-hava hakim idi. Başqa cür də ola bilməzdi. Azərbaycan gəncləri və kişiləri ilk dəfəydi ki, öz doğma torpaqlarının müdafiəsinə qalxmışdılar. Müstəqil və demokratik ölkənin özgür gəncliyi, ötən əsrin ilk onilliklərində yaranmış və yenicə bərpa olmuş Şərqin ilk demokratik respublikasının azadlığı hava və su kimi içən gənc vətəndaşları. Bunlar böyük önəm daşıyırdı. Hamı bir nöqtəyə vururdu…

– Əntiqə xanımın həyat fəlsəfəsi?

– Bir qadın olaraq ailə qurmaq, sadiq, qayğıkeş həyat yoldaşı və təmənnasız sevgiylə övladlarına bağlı ana olmaq hamımızın borcudur. Bunlarla yanaşı, əsas olan cəmiyyətdə tutduğun mövqe və sağlam düşüncənlə, tükənməz enerjinlə dövlətinə və xalqına verdiyin xeyirdir. Mən hər zaman yaradanıma verəcəyim hesabı düşünmüşəm: özümü kamil, mükəmməl insan kimi yetişdirərək cəmiyyətdə layiqli yer tuta bildimmi, insanlara xeyrim dəydimi? Həyat yoluma bələd olanlar bunun cavabını daha dəqiq verərlər.

– Peşənizin sizə verdiyi mükafatlar varmı?

– Hər bir jurnalist üçün ən mühümü yazılarının oxunması və imzasının tanınmasıdı məncə. Bir də ki, yazıda qaldırdığın hansısa problemin həllinə nail olmaq, əlacsız bir insana həyan olmağı bacarmaq. Mənim üçün bunlar çox önəmlidi. Hər şeydi demək olar. Amma ödüllərə gəlincə bir qədər zənginəm deyim.

Azərbaycan Jurnalistlər Birliyinin “Həsən Bəy Zərdabi” və “Salatın Əsgərova” mükafatlarının laureatıyam. “24 yaşdan asılmış ömür” öçerkim Respublika Həmkarlar Komitəsinin fəxri fərmanına layiq görülmüşdür. “Bu günəş Türk üfüqlərində doğdu” məqaləm Böyük Atatürk haqqında yazılmış ən gözəl məqalə müsabiqəsinin qalibi olub. Onlarla Fəxri Fərman və müxtəlif diplomlarla təltif olunmuşam.

2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşəm.

Qarabağ Müharibəsi Veteranıyam.

 

Faiq Balabəyli

 

 

Share: