Elə insanlar var ki, bu həyatda onunla eyni dövrdə yaşamaqdan, ünsiyyətdə olmaqdan, nailiyyətlərini görməkdən, hətta müəyyən fikir ayrılıqlarınız olursa da mövcudluğundan qürur duyursan, həzz alırsan, faydalanırsan, dərin mənalar əxz edirsən, yaşanmış ömrə görə heç təəssüflənmirsən. O adamlar daim özündən müsbət emosiya saçan, nikbin, pozitiv, gülərüz, mütaliəli və zəki insanlardır. Lənkəran və lənkəranlılar haqqında söz düşərkən şəhərin Kiçik Bazar nahiyyəsi barədə xüsusi haşiyə çıxmalısan. Çünki buranın adamları həm də çox zarafatcıl, mərd, dürüst və çevik insanlardır. Buradakı araşdırmalardan (“razborkalardan”) hər adam dürüst çıxa bilmir. O adamı ki, Kiçik bazarda “priyezdin aşağısına” apardılar, hökmən ya qan çıxmalıdır, ya da adı bədnam olmalıır. Azərbaycanın ən “bərkgedən” oğlanları (oxu:”vorzakonları”) da buradan çıxıb. Fantomas Əli, Rövşən Lənkəranski, Nəsir Hüseynov, Mirhüseyn, Həşim, Şəkər,.. Alimlərinə də söz ola bilməz: Arif Bağırov, Böyükağa Həsənov, Məmmədhüseyn Cəfərov,.. Elə bircə məzəkeş “Baləmi” adı kifayətdir ki, orada özünü yığışdırasan. Qonşu rayonlardan köçüb Lənkəranda məskunlaşmaq istəyənlərdən ötrü Kiçik bazarda baş açmaq çox çətin məsələdir. Bir balaca ayağını yan qoydun ki, batdın: səni hoydu-huyduya tutacaqlar, günün qara olacaq, ən azı əcaib bir ləğəb qazanacaqsan. Məsələn: Geydirmə Kərim, Hop-gop Ağarza, Dartan Qulam, Şeyxor Mamed və sair. Baləmi adını xüsusi vurğulamaqda fayda var. Çünki onun adı ilə mövzunun tən ortasına düşmək çox asandır. Baləminin adı ilə bağlı bütün lətifələri toplasan Molla Nəsrəddindən, hətta Bəhlul Danəndədən az olmaz. Ötən əsrin ortalarında yaşamış balıqçı Baləmini qələmə tuş gətirən, belə deyək, üzə çıxardan, folklorumuza daxil edən və adına onlarca lətifə bağlayan şəxs isə İdrak Dadaşovdur. O İdrak ki, barəsində ilin 12 ayı danış¬mağın yeri var. Amma adamın barəsində doğum günündə danışmaq ikiqat kafisentə bərabər olur deyə İdrak müəllim,..İdrak Dadaşov barəsində onun doğum tarixində danışmağı qərara al¬dıq. Barəsində “Zərban” TV internet kanalında zaman-zaman 1 film, 3 dərs çəkilib. Çünki İdrak Dadaşov təkcə müasirimiz deyil, həm də Lənkərana xüsusi kalorit gətirən keyfiyyətli şəxslərdəndir.
Barəsində geniş danışmaq istədiyim İdrak Tağı oğlu Dadaşov 01 avqust 1958-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2 saylı Lənkəran şəhər orta məktəbini, 1981-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirmişdir. Atası Tağı Dadaşov kimya-biologiya üzrə ən məşhur müəllim kimi Lənkəranın ilk “Əməkdar müəllim” fəxri adına layiq görülənlərdəndir. İdrak peşəkar əmək failiyyətinə Lənkəran Radio-televiziya Təmiri müəssisəsində başlamış, sahə ustası, sonra baş mühəndis vəzifəsinə yüksəlmişdi. İlk baxışdan ictimai həyatda yüksək fəallıq tələb edən sahə deyil. Amma İdrak sanki Lənkəranın şəhər həyatına birbaşa məsul adam kimi bütün hadisələrə müdaxilə etməyə başlamışdı. Əslində onu məşhurlaşdıran ilk sahə şahmat oldu. Altı yaşından şahmatla məşğul idi. Şahmat onu gün ərzində çox məşğul edirdi. Ölkə miqyaslı müxtəlif yarışların qalibi və ya mükafatçısı olurdu. Nəhayət 1988-ci ildə o, Lənkəran şəhər Şahmat Məktəbinin direktoru vəzifəsinə təyin edildi.
Lənkəran Şahmat Məktəbinin şagirdləri oğlanlar və məktəblilər arasında nəinki Azərbaycan, hətta dünya üzrə yarışmalarda çempion oldular, ən yüksək yerlərə layiq görüldülər. İdrak müəllim Azərbaycanın şahmat üzrə əməkdar məşqçisi, “Fəxri Bədən Tərbiyyəsi və İdman İşçisi” və Beynəlxalq Şahmat Federasiyasının ( FİDE) hakimi oldu. O dəfələrlə Dünya və Azərbaycan birinciliklərində hakimlik etdi. Bir şahmat mütəxəssisi üçün bütün bunlardan daha üstün təkcə Şahmat üzrə Dünya Çempionu titulunu almaq qalırdı. Bu adı da onun şagirdləri qazandı.
Adətən dəyərli ziyalıdan ötrü təkcə fəxri adlar, titullar, mükafatlar qazanmaq çox az olur. İdrak Dadaşov üçün də təkcə ad qazanmaq son zirvə deyildi, o, Lənkəran adından, bu elin şərəfindən, şöhrətindən həzz ala bilən böyük ziyalılardan idi. Artıq 40 ilə yaxındır ki, Lənkəranda yaradıcılıq ruhu, istedad işığı, ədəbiyyat ətri, muğam fəlsəfəsi, idman hünəri olan elə məclis yoxdur ki, İdrak Dadaşovu orada görməyəsən.
Ötən əsrin səksəninci illərində, yəni milli-azadlıq hərəkatının tüğyan etdiyi dövrdə insanlar çox aqresivləşmiş, sərtləşmişdilər. Belə zamanlarda düz sözü yeritmək, kimisə tənqid eləmək, yol göstərmək çox çətin olur. Azərbaycan Xalq Cəbhəsinin Lənkəran Təşkilatı o illərdə fiğan edirdi. Təşkilat hər gün sərt bəyanatlar verir, Sovet imperiyasına əzələ göstərir, könüllü özünümüdafiə dəstələri düzəldib cəbhəyə göndərir, etiraz mitinqləri, yürüşlər keirdir, Qarabağ kəndlərini hamiliyə götürür, sözə baxmayan, xalqa qoşulmayan məmurlar üçün ləçək göndərirdi. Nəhayət 20 yanvar Bakı qırğınına görə Sovet hökumətinin də başna ləçək bağladı ( Sovet idarəetmə strukturlarını adi ov tüfəngi və tir silahı ilə devirdi). Belə radikallığı tədricən daha faydalı və strateji hədəflərə yönləndirmək vacib idi. Bu zaman İdrak Dadaşov və dostu Sakin Məmmədzadə “Çeşmə” satirik qəzetini buraxmağa başladılar. “Çeşmə” ən dərin, ən doğru və ən vacib fikirləri yumorun dili ilə ifadə etdi. Liderdən tutmuş sıravi üzvə qədər hər kəs “Çeşmə”nin oxuna tuş gəlirdi. Qəzetin nüsxələri əldən-ələ gəzirdi. Hamı gülür, daha kimsə radikal etiraz edə, divan tuta, tənqid olunduğu cəhəti davam etdirə bilmirdi. Ən əsası da bu idi ki, o qəzeti buraxan şəxsləri “KQB” axtarsa da, uzun illər kimsə tanımadı. 1995-ci ildə məhz onun tərtibində “Çeşmədən seçmələr” kitabı nəşr olunduqdan sonra bir çoxları o qəzetdə “Cırtqoz” ləğəbi il yazan müəllifin İdrak Dadaşov olduğunu anladı.
Onun mahir qəzəl bilicisi kimi tanınması da bir qeyri-adilik idi.
XIX əsrin ortalarında Lənkəranda şair və müəllim Mirzə İsmayıl Qasir tərəfindən məşhur “Fövcül –Füsəha” ədəbi məclisi yaradılmışdı. Qasir bu məşhur məclisin rəhbəri idi. 1900-cu ildə onun vəfatından sonra məclis tədricən öz failiyyətini dayandırmışdı. Bu məclis bir də 1990-cı illərin əvvəllərində Hacı Mirhaşım Talışlı tərəfindən bərpa edildi. O zaman Mirhaşım Talışlıya yaxından kömək edən, məclisin strukturunu formaya salan, yığıncaqlarını öz iş yerində təşkil edən şəxs heç də hansısa digər bir qəzəlxan deyildi. Həmin şəxs İdrak Dadaşov idi. Bir neft-kimya mühəndisinin, bir şahmat ustasının, satirikin, ictimai fəalın həm də əruzun bütün bəhrlərini mükəmməl bilməsi, qəzəli məharətlə təhlil etməsi, hətta ustadlardan səhv tutması həqiqətən də qeyri-adi hadisə idi. Onun fitri istedadı bununla tamamlanmırdı. Çox keçmədi ki, İdrak müəllimin həm də gözəl muğam bilicisi olması aşkar olundu. Azərbaycan muğamı üzrə bir çox müğənnilər “Segah”dan o yana keçə bilmədiyi halda İdrak müəllim peşəkar xanəndələrlə hər muğamın şöbələrinə qədər birgə analizlər apara bilmək istedadına malik idi.
Azərbaycanda elə muğam ifaçısı yoxdur ki, İdrak müəllim onu tanımasın və onda həmin şəxsin lent yazısı olmasın. Xanəndə olmasa da muğamın təbliği sahəsində onun xidmətləri bir çox məşhur xanəndələrdən heç də az sayılmaz.
İdrak müəllim qollarını çırmalayıb qəzəl, şeir, hekayə yazmasa da obyektiv ədəbi tənqidi onu yazar kimi tanıtmaqdadır. O, bir müddət ANS, sonra “Speys” televiziyalarının bölgə müxbiri kimi də failiyyət göstərdi və operativ publisistikanın mərkəzində durdu.
2018-ci ildən etibarən İdrak müəllim Lənkəran Təhsil və İdman Mərkəzinin baş təlimatçısıdır. Övladının zəka potensialının artırılması üçün təkcə Lənkərandan deyil, qonşu rayonlardan da ona müraciətlər davam edir. Həyat davam edirsə, faydalı olmaq xüsusiyyəti heç vaxt korşalaşmayacaq. Futbol barəsində söhbət aç, çəkil dur kənara, ən dəqiq və peşəkar analizləri İdrak müəllim verəcək. Futbol hakimi buyursun İdrak müəllimin suallarına cavab versin. Bir lətifə danış, sənə on beş lətifə danışsın. Bir ara onunla şərtləşmişdik, Vatçapla hər gün mənə bir lətifə (“anekdot”) göndərəcəkdi, ta ki, tamam tükənənəcən. Bilirdik ki, tükənən deyil, heç nədən, anında bir lətifə yarada bilmək istedadına malik idi. Xüsusən də özü bu lətifəni danışanda daha duzlu olurdu. Onun lətifə göndərişləri bir neçə il davam etdi. Günümüz İdrakın yaratdığı xoş əhvalla başlanırdı. 2020-ci ilin sentyabrında 44 günlük Vətən müharibəsi başlandı, qəhrəman Azərbaycan əsgəri öz rəşadəti hesabına torpaqları düşmən tapdağından azad etməyə başladı. Lənkərana hər gün bir neçə şəhid gətirilirdi. Yalnız bu səbəbdən yumor göndərişləri dayandırıldı.
Lənkəran yazarlarının “Söz” ədəbi məclisinin əksər tədbirlərində İdrak Dadaşovu görmək mümkündür. O olmadıqda tədbirdə sanki nəsə çatışmır qənaətinə gəlirsən. Ədəbi yardıcılıq, incəsənət və idman sərhəd tanımır. İdrak Dadaşovun şəxsində bu fenomen özünü bariz şəkildə göstərir. Belə şəxslər diyarımızın və ölkəmizin milli sərvətidir.
Sərvətin bol olsun, Azərbaycan!
Hafiz MİRZƏ
P.S. Avqustun 01-i İdrak Dadaşovun doğum günüdür! Bu fenomen şəxsiyyəti bu münasibətlə təbrik edirik!






















