İsraildə ağır durum: “İtaliyadakı kimi küçədə cəsədlər görəcəyik”

İsrail Səhiyyə nazirinin müavini Yoav Kiş ölkənin “Kanal 12” televiziyasına müsahibə verib.

Teleqraf.com xəbər verir ki, Yoav Kiş karantin rejiminin iki həftə müddətinə sərtləşdirilməsi ilə bağlı birbaşa suala cavab olaraq deyib:

“Biz infeksiyaya yeni yoluxanların sayını gündə min nəfərdən aşağı salmalıyıq. Bunun nə qədər vaxt tələb edəcəyini bilmirik. Bütün hallarda bunun üçün iki həftə kifayət etməyəcək”.

Nazir müavini daha sonra bildirib: “Biz differensial proseslər təşkil etməyə çalışırdıq. Səmimi olaraq etiraf edirəm ki, bu, uğursuz oldu. İsraildə differensial yanaşma tətbiq etmək mümkün deyil. Biz hər bir sektorla işləməyə çalışdıq, hər sektor da etiraz etdi: bircə mən yox, bircə mən yox!”

Müxbirin “Yəni buna görə kollektiv cəza aldıq?” sualına cavab olaraq Kiş deyib:

“Bunu izah edəcəm. Müxtəlif qrupların cəmiyyətə siyasi təzyiq problemi var. Hamı bağlanmamaq üçün mübarizə aparırdı. Mən açıq və ağrı ilə etiraf edirəm ki, differensial yanaşmanı tətbiq edə bilmədik. İndi kollektiv cəza nədir? Əgər hər kəs tələblərə uyğun davransaydı, toylara və gənclərin məclislərinə getməsəydi, indi gündəlik 4 min yoluxma olmazdı”.

Kiş xəbərdar edib: “Xəstəxana müdirləri deyir: artıq koronavirus xəstələrini qəbul etmirik. Bütün xəstəxanalar bunu demir, ancaq başa düşürsən ki, hər iki həftədə iki dəfə böyüyən bu cür rəqəmlərlə səhiyyə sistemini iki həftədən bir böyütmək lazım olan bir vəziyyət yaranır”.

Kiş həkimlər də daxil olmaqla “koronavirus inkarçıları”na hücum edib:

“Nədir, İtaliyada və Nyu Yorkda olduğu kimi küçələrdə cəsədlər görünənə qədər gözləmək lazımdır? Onlar hər kəsi yoluxdurmaq istəyirlər? Bu şəkildə davransaq elə olacaq. Ümid edirəm karantin rejiminin sərtləşdirilməsi dəyişikliyə gətirib çıxaracaq”.

Share: