“İspaniya kimi Azərbaycanın da ərazi bütövlüyünə hörmətlə yanaşın!..” – Bakıdan Qərbə sərt ismarış…

Xəbər verdiyimiz kimi, bu gün –avqustun 30-da Beynəlxalq Mətbuat Mərkəzində V Beynəlxalq Qarabağ Forumu keçirilib.
Moderator.az-ın tədbirdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, forumda Azərbaycan,Türkiyə, İran, Rusiya, Gürcüstanın Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri qatılıb.
Tədbir iştirakçıları işlərinə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
“Bizim fəaliyyətimiz getdikcə genişlənir, artıq Türkiyə, Rusiya, İran, Gürcüstanda bu istiqamətdə qurumlar formalaşır. Çatışmayan cəhətlər olsa da, qarşıya qoyulan məqsədlərə qarşı addımlarımızı atırıq. Məqsədimiz Qarabağ həqiqətlərini beynəlxalq aləmə çatdırmaq, müxtəlif ölkələrdə Azərbaycanın haqq işi ilə bağlı obyektiv ictimai rəyin formalaşdırılması üçün daimi fəaliyyət göstərən qurumları yaratmaqdır… “
Bu sözlərlə çıxışına başlayan Beynəlxalq Qarabağ Forumunun Azərbaycan təmsilçiliyinin rəhbəri, QAT sədri Akif Nağı forum təsis olunduqdan bu günədək qarşıya qoyulan məqsədlərə nail olmağa çalışıldığını vurğulayıb:
“Biz bu istiqamətdə nəticələrə nail olmağa çalışırıq. Bununla Qarabağın azadlığı işinə öz payımızı verir, imkanımız daxilində əlimizdən gələni edirik”.
“Qarabağ həqiqətlərinin çatdırılması üçün nə qədər çalışsaq, yenə də azdır” söyləyən  Diasporla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüqar Məmmədov deyib:
“Azərbaycanın xaricdə fəaliyyət göstərən diasporları da bu istiqamətdə fəaliyyət göstərirlər. Bəzən xarici ölkələrdə Azərbaycan həqiqətləri ilə bağlı informasiyaların az olduğunun şahidi oluruq. Bu baxımdan biz birlikdə, daha geniş və sıx çalışmalıyıq. Azərbaycanın başına gətirilən müsibətlər dünya ictimaiyyətinə çatdırılmalıdır…”
Xaricdə ölkəmizin təbliğatının çox vacib məsələ olduğunu söyləyən şöbə müdiri erməni yönümlü mətbuatın ölkəmizə qarşı təbliğat maşınının müqabilində bizim  daha geniş fəaliyyət ortaya qoymalı olduğumuzun da önəmliliyini vurğulayaraq deyib: “Biz xaricdə yaşayan həmvətənlərimizlə yanaşı, orada yaşayan ziyalılarla əməkdaşlıq etməliyik. Bu baxımdan Forumun fəaliyyətinə uğurlar arzu edirik. Əgər bərabər çalışsaq, düşünürəm ki, məqsədlərimizə də nail ola bilərik”.
QHT-lərə Dövlət Dəstəyi Şurasının İdarə heyətinin üzvü Emin Həsənli sosial media, QHT-lər ictimai rəyə təsir edən əsas sahələrdən olduğunu önə çəkib: “İctimai təyin formalaşmasında vətəndaş cəmiyyətinin rolu önəmlidir”.
“1 milyondan çox hüququ pozulan vətəndaşlarımızın hüquqları bərpa olunmursa, bu, beynəlxalq aləmin sərgilədiyi ikili standartlardır. Məlum dövlətlər, xüsusən də ABŞ və Avropa dövlətlətləri lazım olduğu təqdirdə istədikləri ölkəni yerlə yeksan edə, lazımı qərar qəbul edə bilirlər. Amma həqiqətlərə gəldikdə xüsusən də müsəlman ölkələrinə qarşı ədalətli mövqe ortaya qoymurlar”,-deyən E.Həsənli vurğulayıb.
Forumun davamında təşkilatı məsələlər, Koordinatorlar qrupunun seçilməsi, Qarabağlı bağlı aktual məsələlər, o cümlədən Qarabağ həqiqətlərinin təbliğində KİV-lərin rolu və digər məsələlər müzakirə olunub.
Türkiyə nümayəndələri Bilal Dundar, Cafer Dal, Cemal Barış, Möhsün Akçay, Rafet Ulutürk, İran təmsilçiləri Mehdi Nalbəndi, Mehdi Rəsulzadə, Möhsün Hadi,  Rusiya nümayəndəsi Tofiq Rzayev, Gürcürstan nümayəndəsi Sabir Mehdiyev və başqaları məsələlərlə bağlı konkret ideya və təkliflərlə çıxış ediblər.
Tədbirin sonunda Forum adından yekun qətnamə qəbul edilib. Qətnamədə Türkiyə, İran və Rusiya arasında xoş əməkdaşlıq  və qarşılıqlı dəstək preosesinin sürətlənməsi, bu yaxınlaşmanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində ciddi rol oynayacağı və s. qeyd edilməklə 8 bəndlik qərar nəzərə çatıdırııb. Qərarda Türkiyə, İran, Rusiya və digər ölkələrə qarşı  aparılan əsassız sanksiyalar pislənib. Bu siyasətdən bir sıra digər ölkələrin, o cümlədən Gürcüstanın da zərər  gördüyü vurğulanıb. Qərarın son bəndində deyilir:
“Biz beynəlxalq təşkilatları, dünya dövlətlərini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe tutmağa, ikili standartlar siyasətinə son qoymağa, İspaniya və digər Avropa dövlətlərinin ərazi bütövlüyünə dəstək verdikləri kimi, Azərbaycanın da ərazi bütövlüyünə, suveren hüquqlarına hörmətlə yanaşmağa çağırırıq”.
Xaricdən gəlmiş Forum nümayəndələrinin Bakıda müxtəlif görüşlər də keçirəcəyi gözlənilir.
Qeyd edək ki, Beynəlxalq Qarabağ Forumu 2015-ci ildə Bakıda təsis olunub. Forumun 2-ci toplantısı İzmirdə, 3-cü Gəncədə, 4-cüsü isə Ərdəbildə keçirilib.
Sultan Laçın

Share: