Ölkəmizin İspaniya Krallığındakı səfirliyi tərəfindən İspaniyanın nüfuzlu “Diplomatiya XXI əsr” jurnalında Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş məqalə dərc etdirilib.
Məqalədə Azərbaycan diplomatiyasının son 100 ildə əldə etdiyi nailiyyətlərdən söz açılır. Həmçinin Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasına nail olunması, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkəmizin yeni inkişaf və sabitlik dövrünə qədəm qoyması, beynəlxalq aləmdə ardıcıl uğurların qazanılması, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi və 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi, Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını qınayan dörd qətnaməsinin qəbul edilməsindən bəhs olunur.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla aparılan xarici siyasət xəttinin ölkəmizin inkişafının əsasını təşkil etməsi, məhz dövlət başçısının rəhbərliyi ilə ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrildiyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti tərəfindən aparılan humanitar-mədəni diplomatiyanın ölkəmizin multikulturalizm və tolerantlıq dəyərlərinin təşviqinə xidmət etdiyi xüsusi vurğulanır.
Məqalədə ADA Universitetinin gənc diplomatların hazırlanması baxımından fəaliyyəti yüksək qiymətləndirilərək, ölkəmizin ayrı-ayrı beynəlxalq təşkilatlarda fəal iştirakı, Azərbaycan-İspaniya əlaqələrinin inkişafı geniş şəkildə işıqlandırılır.
Bildirilir ki, bu il 100 illik yubileyini qeyd edən Azərbaycan Respublikasının diplomatik xidmət orqanları Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik, fəal, balanslaşdırılmış xarici siyasət həyata keçirir. Azərbaycan Respublikasının diplomatik xidmət orqanları tərəfindən öz fəaliyyətlərində ölkənin milli maraqlarının qorunmasının, beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarının rəhbər tutulması ölkənin beynəlxalq aləmdə nüfuzunun və davamlı uğurlarının təmin olunmasına xidmət edir.
Nəfis tərtibata malik nüfuzlu “Diplomatiya XXI əsr” jurnalı İspaniyanın dövlət orqanları, xüsusilə Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi, həmçinin bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklər arasında xüsusi nüfuza malikdir. Jurnalın redaksiya heyətində İspaniyanın keçmiş xarici işlər nazirlərinin, digər ölkələrdəki səfirlərinin yer alması da təsadüfi deyil.