İŞIQLI ADAM – Sevindik Hətəmov

Redaksiyadan: Sevindik Hətəmov dörd il Yardımlıda icra başçısı işləyib. Artıq beş ildir ki, Salyana təyin olunub. Buna baxmayaraq, hələ də adı çəkiləndə Yardımlılar onun haqqında xoş sözlər söyləyirlər, ehtiramla xatırlayırlar. Sevindik müəllimin yaddaqalan əməlləri çox olub. Həmin əməllər onu Yardımlılara sevdirə bilib. Elə bu sevginin təcəssümüdür ki, “Yardımlı Xeyriyyə Cəmiyyəti” Yardımlıda çalışdığı illərdə onun haqqında qələmə alınan yazıları toplayaraq “Yardımlıda ötən illər” adlı kitab nəşr etdirməyi planlaşdırır. Eloğlumuz, yazıçı-ssenarist Hafiz İmamnəzərlinin hazırladığı bu yazı da həmin kitabda yer alacaq

İŞIQLI ADAM

İnsanlıq kodeksi və yol

Daxili gözəlliyin, xeyir işlərə vəsilə olacaq mənəvi – ruhi duyğuların görüntüdə, yəni simada yansımasını Allah – təala hər adama nəsib etmir. Gərəkdir ki, genetik yaddaşın diktəsi, iç dünyanın, sağlam təfəkkürün hökmü ilə pərvəriş tapan və gözün közündən mürəkkəb alıb yazılan insanlıq kodeksi, əxlaq çərçivəsi, davranış əndazəsi, dürüstlük metodologiyası və xeyirxahlıq vərdişi birləşib yaşam fəlsəfəsini formalaşdıra və vəhdət müstəvisində təqdimata çıxara…
… Yol – təkcə fizioloji anlamı ifadə edən cümlə üzvü deyil. Həm də mənəvi xəritənin istiqamətverici, şəcərə mənbəyinin keyfiyyət göstəricisi, düşüncə trayektoriyasının, baxış bucağının ölçü-etalonu və xarakter çeşnisinin rənglər, çalarlar ayrıntısını göstərən məfhumdur. Və əslində, həm də yol başlanğıcını insanlıq kodeksindən götürür.
Sufi isən alıb satma,
Həlalinə həram qatma.
Yolun əyrisinə getmə,
Doğru yola nəzər eylə…
Şah İsmayıl Xətainin həqiqətinə tapınıb yolun doğrusunu tutmusansa, Allahın fərz buyurduğu nöqtəyə doğru gedişatında insanlıq libasını əynindən, daha doğrusu, qəlbindən çıxartmadan düzgün və qətiyyətli addım atırsansa, – ki, zatən, düzgün addım qətiyyətli olar – o zaman sənin çöhrən də bütün müsbət fəzilətlərin işığını özündə ehtiva edər…

Yardımlı – Salyan yolu

Lirik ricət, ya bədii priyom xatirinə yol metaforasına müraciət etmədim. Biz yol gəlirdik. “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri, şair-publisist Elman Eldaroğlu ilə Yardımlıdan Sumqayıta, Elmanın maşınında. 2001 – 2005-ci illərdə Yardımlı rayonunun icra başçısı işləmiş unudulmaz Yaşar Abdulovun 75 illiyi münasibəti ilə Cəmiyyətin düzənlədiyi anım mərasimindən qayıdırdıq. Möhtəşəm tədbirdə Yaşar Abdulovun ömür yoluna nəzər salıb yola çıxmışdıq. Salyana çathaçatda Elman Eldaroğlu maşını şəhərə döndərdi. Yolüstü də olsa, Sevindik müəllimə baş çəkməmək günah olar, – dedi. İcra Hakimiyyətinin binasına yaxınlaşdıq. Mən həyətdə gözləməyi qərara aldım. Elman binaya yaxınlaşıb, əsas qapıdan içəri keçdi. Hasar boyunca tut ağaclarını gördükdə “kənd uşağı” sindromum tutdu. Yetərincə tut yeyib əllərimi batırmışdım ki, polis nəfərinin tələsik mənə tərəf gəldiyini gördüm. Sevindik müəllim sizi çağırır, – söylədi. Başçının kabinetinə girəndə Elman məni ona təqdim etdi. Birlikdə çay içib, çörək kəsdik. Uzaq yol gəlmisiz, sizi elə – belə buraxmaram,- söylədi. Tanıdığı adamları bir – bir soruşurdu. Yardımlıya çox bağlandığını və özünün “Yardımlının pisinə də qurban olum” aforizmini dilə gətirdi…
Sevindik Hətəmov icra hakimiyyəti başçısı karyerasına Yardımlıdan başlayıb. Sonra yüksəliş yolu onu Salyana istiqamətləndirib. Mən iki tarix, iki sərəncam arasında çox da uzun olmayan xronometraj kəsimində, eyni kontingentin fərqli münasibəti konteksində dramaturji inkişaf xəttini cızmağa, bir obraz təqdimatının rəng, naxış, ilmə çeşnisinin düzümünü verməyə çalışacağam.

“Təzə “katib” gəlir”

Köhnə kişilərin dilində hələ də sovet strukturuna məxsus vəzifə adları qalıb. Xüsusilə, rayonlarda ağsaqqallar icra başçısına “katib” deyirlər.
2012-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Yardımlıya Sevindik Hətəmovun təyinatı ilə bağlı sərəncamı veriləndə ağsaqqallar, ziyalılar “çox gəncdir, təcrübəsizdir, bacaracaqmı?” nagümanlığı ilə fikrə getdilər. Yalnız bir təsəlli vardı ki, təzə “katibin” əsli-kökü Laçındandır. Dağ adamıdır. Etibarlı olar hər halda, mərd olar. Əzəmətli qayalar görüb, şır-şır bulaqların səsini dinləyib…
Yeni rəhbər öncə camaatı tanımağa çalışdı. Arada səmimiyyət körpüsü yaratdı. Qədim-qayım kişilərin söhbətini dinlədi, onlara sayğısı, əhaliyə qardaş simsarlığı göstərdi. İnsanları gülərüzlə, həm də rəsmi qəbul standartından, bürokratik prosedirdan kənar formatda qəbul etdi. İcra hakimiyyəti aparatında, müəssisələrdə saf mühit formalaşdırdı. Dövlət başçısının tələbinə uyğun “məmurlar-xalqın xidmətçisi olmalıdır” prinsipini rəhbərlikdə prioritet istiqamət götürdü. Əvvəlcə problemin mahiyyətinə vardı, kökünü araşdırdı. Sonra çözüm mərhələsini gerçəkləşdirdi. Vaxtı olduqca xeyir – şərlərdən qalmadı. Dədə-baba qaydalarına layiqincə riayət edən başçı el sevgisini qazandı. Küçədə, yolda, məclisdə ona yaxınlaşmaq istəyinə doğru özü addım atdı, dərdini, sərini diqqətlə dinlədi.
Quruculuq yolunda
Yardımlı üçün yol probleminin yaşı böyük olub. Sevindik Hətəmov yol infrastrukturundan başladı. Qəsəbə əhalisi və bəzi kəndlər su sarıdan korluq çəkirdilər. Rayon rəhbəri ucqarlardakı mənbələrdən, gur bulaqlardan mərkəzə su borusu çəkdirdi. Güvənli ünsiyyət körpüsünü qurmuşdu, qalırdı çayüstü körpülər. Onun da, demək olar ki, əksər qismini gerçəkləşdirdi. Abadlıq, quruculuq işləri gücləndirildi, təhsilə önəm verildi. Ziyalıların təklif və iradları, təşəbbüsləri diqqət mərkəzində saxlanıldı. Yardımlıda sosial-mədəni, iqtisadi inkişaf üçün gərəkən nə varsa, tətbiqinə çalışdı. İdarə və təşkilatlarda işgüzar mühit yaradıldı. Sadəliyi, müdrikliyi, işə canyanğısı, etik davranış tərzi ilə rayon rəhbərliyi üçün yeni model qurdu. Heç şübhəsiz, onun uğurları Prezident İlham Əliyevin dürüst kadr siyasəti və idarəçilik metodologiyasından köz götürürdü. Dövlət başçısının tövsiyyə və göstərişlərinə əməl edən Sevindik Hətəmov Yardımlıda vətənə, dövlətə, döblətçiliyə layiqıi xidmətin salnaməsini yazırdı…

Yeni təyinat

…. Və 2016-cı il, 4 mart. Sevindik Hətəmovun Yardımlı rayon icra halimiyyətinin başçısı vəzifəsindən azad edilərək Salyana rəhbər göndərilməsi barədə sərəncam verilir. Yenə Yardımlı ağsaqqalları, ziyalılar, ümumilikdə bütün rayon əhalisi narahatlıq içindədir.
Bu dəfə isə alayı səbəbdən. Hətta bir qrup ağsaqqal icra hakimiyyətinin inzibati binasının qarşısına toplaşır. “Biz Sevindiyi heç yerə buraxan deyilik”, “Cənab Prezidentin qəbuluna gedək, yalvaraq – yaxaraq, qoy sərəncamı dəyişsin”, “Axı niyə Sevindik Hətəmovu Yardımlıdan aparırlar”, “Bir adam tapılmadı Salyana göndərməyə” kimi ritorik fikirlər və suallar yağışı bağışlanır. Bu səhnə, əslində, “məmurun özünü sevdirə bilmək, xalq sevgisini qazanmaq” teoreminin aksioma təntənəsiydi. Əlbəttə, hər zaman dövlətə bağlı, Prezidentə sadiq Yardımlılar reallığı anlayırdılar. Sadəcə hörmət və ehtiramlarını, mərhəm duyğularını bu formada biruzə verirdilər…
… Salyanlıların da bəxti gətirib. İndi Sevindik Hətəmov eyni sevgi və şövqlə Salyanlıların xidmətində dayanıb. Prezidentin tövsiyyə və göstərişlərinin Saıyanda mükəmməl şəkildə yerinə yetirilməsi üçün cani – könüldən çalışır. Şəhərin problemlərini çözür. Problemin yaranması gözləmir, onu yaradan səbəbləri bəri başdan aradan qaldırır. Şəhid ailələrinə, qazilərə baş çəkir. Məktəblərin tikintisi, təmiri, küçələrin abadlığı, kəndlərin yolları ilə maraqlanır. Fermer təsərrüfatlarının , özəl sektorun inkişafı üçün gərəkən qayğını göstərir. İcra hakimiyyəti aparatının əməkdaşlarına təşəbbüskarlıq, əzm və iradə, qayğıkeşlik hisslərini aşılayır.
Amma Yardımlını, Yardımlıda kəsdiyi duz – çörəyi heç unutmur. Bir Yardımlı balası görəndə ayaq saxlayır, hal – əhval tutur. Bu sevgini öbladlarına da aşılayıb.
… Sevindik Hətəmov Laçının Güləbird kəndindəndir. Müəllim ailəsində böyüyüb. Qosqoca yurdun aurası və valideyn tərbiyəsi onda bütün xeyirxah əməllərlə bərabər, duz-çörəyə də sədaqət hissi formalaşdırıb. Güləbirdli Qorxmaz Eyvazov haqqında “Qorxmazların yolu” adlı sənədli film çəkmişəm. Azərbaycan Respublikasının Milli Qəhrəmanı Qorxmaz Eyvazova Ulu öndər Heydər Əliyev ön cəbhəyə səfərində qol saatı bağışlamışdı. Qorxmaz Eyvazov Cəbrayılın Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşlərdə Şəhid oldu. Bu gün onun ocağını oğlu, polis kapitanı Asəm Eyvazov işıqlandırır. Əxlaqi davranışı, vətənpərbərliyi, dövlətçiliyə sədaqəti və ən başlıcası peşəkarlığı ilə. Asəmlə, bir də qazi əmiləri və əmisi oğlanları ilə çörək kəsmişəm.
… Həmin gün- iyulun 1-də Salyanda Güləbirdin daha bir dəyərli oğlu ilə duz-çörək kəsdim…
“Yardımlının Səsi” qəzeti, iyul sayı
Share: