İrandakı hərbi paradda DƏHŞƏTLİ TERROR ANI: 24 ölü, 53 yaralı – FOTO/VİDEO

Son məlumatlara əsasən terror aktı nəticəsində ən az 24 nəfər ölüb, 53 nəfər yaralanıb.

***

İranda hərbi parad zamanı baş verən terror aktı zamanı ən azı 11 nəfər ölüb, 30 nəfər isə yaralanıb.

Müstəqil.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası “Press TV” məlumat yayıb.

Telekanalın məlumatında bildirilir ki, tədbir zamanı çoxlu sayda şəxs hücum edərək atəş açmağa başlayıb.

Yarı rəsmi xəbər agentliyi “Tasnim” isə hücum edən 4 nəfərdən ikisinin öldürüldüyünü, ikisinin isə qaçdığını bildirmişdi.

İnqilabçı mühafizəçilərin sözçüsü Ramazan Şərif isə hücum edən şəxslərin Səudiyyə Ərəbistanının müdafiə etdiyi “Əl-Ahvaziya” təşkilatına bağlı olduqlarını deyib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif hücum edənlərin xarici ölkədə təlimatlandırıldığını, silahlandırıldığını və dəstəkləndiyini bildirib.

“İran iranlıları qorumaq üçün sürətli və dəqiq qərar verəcək”, deyə nazir vurğulayıb

***

İranda hərbi parad zamanı baş verən terror aktında ölən və yaralananlarla bağlı ilkin məlumat açıqlanıb.

Müstəqil.az xəbər verir ki, İRNA-nın məlumatına görə, hücum nəticəsində 20 nəfər yaralanıb.

Rəsmi xəbər agentliyi “Tasnim”in məlumatına görə, 10 dəqiqə davam edən silahlı atışma nəticəsində 8 nəfər ölüb.

Bəzi məlumatlarda hücum edən 4 nəfərdən ikisinin, bəzisində isə hamısının öldürüldüyü bildirilir..

İlkin məlumatda hücumu İŞİD terror təşkilatının törətdiyi bildirilir. Lakin rəsmi məlumatlarda təşkilatın adı açıq şəkildə bəyan edilmir.

Hücum zamanı paradda iştirak edən İran prezidenti Həsən Ruhani təcili olaraq oradan uzaqlaşdırılıb.

Hadisə ilə bağlı İranın rəsmi qurumları hələlik açıqlama yaymayıb.

***

İranın Ahvaz şəhərində keçirilən hərbi parad zamanı terror aktı baş verib.

Müstəqil.az xəbər verir ki, hadisədə çoxlu sayda ölü və yaralının olduğu bildirilir.

İran Dövlət Televiziyasının məlumatına görə, çoxlu sayda silahlı şəxs parad zamanı atəş açmağa başlayıb.

Qeyd edək ki, sentyabrın 22-də “Müqəddəs müdafiə” həftəsinin birinci günü başlayıb. Bu münasibətlə İran İnqilab Keşikçiləri Qvardiyası və Ordu Tehran da daxil olmaqla İranın bütün şəhərlərində hərbi parad keçirir. Ölkə paytaxtında keçirilən tədbirdə İslam Respublikasının prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani iştirak edib.

Tədbirə körfəzdən və Bəndərabbas limanından 600 döyüş gəmisi də qatılıb.

 

Share: