“Son illərdə xüsusilə aydın müşahidə olunur ki, Rusiya Cənubi Qafqaz regionunda yeganə siyasi və iqtisadi güc kimi məhz Azərbaycanı görür”.
Müstəqil.Az xəbər verir ki, bunu politoloq Elşad Mirbəşiroğlu qeyd edib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin prezident Vladimir Putinin dəvəti ilə “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında iştirak etməsi Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsinin göstəricisi olmaqla yanaşı, həm də dövlətimizin başçısının böyük nüfuzuna dəlalət edir: “Müasir dünyanın ən aktual məsələlərinin müzakirə olunduğu bu sessiyadan əvvəl İlham Əliyevin və Vladimir Putinin görüşündə əsas müzakirə mövzusu iki dövlət arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi oldu. Azərbaycan-Rusiya əlaqələrinin hazırkı yüksək inkişaf səviyyəsini digər amillərlə yanaşı, həm də iki ölkə liderlərinin yaxın dostluq münasibətləri şərtləndirir. Bunu Prezident İlham Əliyev də ayrıca olaraq qeyd etdi. O, çıxışı zamanı vurğuladı ki, Rusiya Prezidenti ilə intensiv görüşür. Hətta görüşlərə bir neçə ay ara verdikdə, bu, böyük fasilə hesab olunur. Həm Azərbaycan, həm də Rusiya tərəfi münasibətləri strateji xarakterli hesab edirlər”.
Politoloq qeyd edib ki, Azərbaycanla Rusiya arasındakı siyasi dialoqun hazırkı səviyyəsi səmərəli əməkdaşlığın mühüm komponentini təşkil edir. Prezident İlham Əliyevin də Valday klubunun sessiyasında qeyd etdiyi kimi, ölkə başçıları və digər rəsmi səviyyələrdəki sıx təmaslar əməkdaşlığı daha da dərinləşdirir. Azərbaycanla Rusiya arasında münasibətlərin strateji xarakterini təyin edən mühüm amillərdən biri də ondan ibarətdir ki, ikitərəfli səmərəli əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və birgə fəaliyyətin koordinasiyası da müşahidə olunur.
E.Mirbəşiroğlu vurğulayıb ki, Rusiya Azərbaycanı potensiallı olmaqla yanaşı, həm də etibarlı və səmərəli tərəfdaş kimi qəbul edir: “Ayrıca olaraq qeyd etmək lazımdır ki, Rusiya nümayəndəsinin AŞPA-ya qayıtması məsələsi ilə bağlı səsvermə keçirilən zaman Ermənistan tərəddüdlü mövqe nümayiş etdirdiyi halda, Azərbaycan nümayəndə heyəti tam tərkibdə qətiyyətli mövqeyi ilə dəstək nümayiş etdirdi”.
E.Mirbəşirlinin sözlərinə görə, bütün parametrlər üzrə Azərbaycan-Rusiya əməkdaşlığı yüksələn xətt tendensiyasına malikdir. Bu gün Cənubi Qafqaz regionun geosiyasi və geoiqtisadi ab-havasını məhz Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsi və əməkdaşlığının səmərəliliyi müəyyən edir.