İNSANLIĞA XİDMƏTİN ÜNVANI – TƏBİB və Yeni Klinika

İNSANLIĞA XİDMƏTİN ÜNVANI –   TƏBİB və Yeni Klinika

Səhiyyənin gücü yalnız müasir tibbi avadanlıqlarla deyil, insan həyatına verilən dəyərlə, həkimlərin peşəkarlığı və tibb işçilərinin mənəvi keyfiyyətləri ilə ölçülür.

Bu günlərdə bir yaxınımın səhhətində yaranmış problemlə əlaqədar yolum TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikaya düşdü. Bu tibb müəssisəsi haqqında əvvəllər də eşitmişdim. Ancaq necə deyərlər, yüz eşitməkdənsə, bir görmək yaxşıdır. Yeni Klinikada gördüklərim, xəstəyə münasibət, tibbi xidmətin təşkili, təmizlik və nizam-intizam məndə xoş təəssürat yaratdı. Bu yazını da məhz həmin təəssüratların, gördüyüm diqqət və qayğının doğurduğu səmimi minnətdarlıq hissinin ifadəsi kimi qələmə alıram.
Bizi ilk olaraq qeydiyyat bölməsinin əməkdaşı Aysel Nəsirova qarşıladı, qeydiyyat prosesini həyata keçirdi və xəstənin müvafiq şöbəyə yönləndirilməsinə kömək göstərdi. İlk təmasın nə qədər əhəmiyyətli olduğunu hər kəs yaxşı bilir. Xüsusilə, səhhətindən narahat olan insan və onun yaxınları üçün aydın məlumat, operativ istiqamətləndirmə və nəzakətli münasibət böyük əhəmiyyət daşıyır.
Daha sonra xəstə xidmətləri şöbəsinin müdiri Oktay Süleymanova yönləndirildik. Xəstənin vəziyyəti müasir tibbi avadanlıqların köməyi ilə dəqiqləşdirildikdən sonra əməliyyata ehtiyac olduğu müəyyənləşdirildi və bizi Yeni Klinikanın Ümumi Cərrahiyyə Mərkəzinin rəhbəri Elşən Qədimovun qəbuluna göndərdilər. Azərbaycan Tibb Universitetində, sonra isə Rusiya Federasiyasında təhsil alan, Praqada keçirilən imtahanı uğurla başa vuraraq Beynəlxalq titula layiq görülən Elşən Qədimov istər ölkə daxilində, istərsə də onun sərhədlərindən kənarda kifayət qədər tanınmış mütəxəssisdir. Əməliyyat heyətinə gənc olmasına baxmayaraq, bir mütəxəssis kimi kifayət qədər tanınan cərrah Elvin Təhməzov da daxil idi. Bütün bunlara görə əməliyyatın uğurla başa çatacağına şübhəm yox idi.
Xəstəmiz qadın olduğundan onun əməliyyata hazırlanması mərhələsində göstərilən diqqət və qayğı mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Elşən Qədimovun köməkçisi Aysel Məmmədova xəstənin əməliyyata hazırlanmasında yüksək nəzakət və həssaslıq nümayiş etdirdi. Onun xəstəyə mənəvi dəstək göstərməsi, narahatlığını azaltmağa çalışması, qayğıkeş davranışı həqiqətən təqdirəlayiq idi. Bu münasibətdə yalnız peşə borcunu yerinə yetirən əməkdaşın məsuliyyətini deyil, insanın ağrısını və narahatlığını anlayan bir şəxsin səmimiyyətini də hiss etmək mümkün idi. Şükürlər olsun ki, əməliyyat uğurla başa çatdı.
Yeni Klinikada qarşılaşdığım xidmət səviyyəsi və əməkdaşların münasibəti məndə müəssisənin rəhbərliyi ilə də tanış olmaq istəyi yaratdı. Bu məqsədlə klinikanın direktoru, tibb üzrə fəlsəfə doktoru Zəhra Vəzirova ilə görüşmək qərarına gəldim. Onun bizimlə rəftarı, nümayiş etdirdiyi nəzakət və mənəvi keyfiyyətlər diqqətimi çəkdi.
Yeni Klinikada məmnunluğumu qazanan məqamlardan biri də təhlükəsizlik məsələsinə verilən önəm oldu. Müasir tibb müəssisəsində təhlükəsizlik yalnız texniki vasitələrdən ibarət deyil, burada nizam-intizam, məsuliyyət, operativlik və insanların rahatlığının qorunması da mühüm rol oynayır. Bu sahə ilə maraqlandıqda təhlükəsizlik şöbəsinin müdiri vəzifəsini icra edən Sərxan Babayev haqqında məlumat aldım və onun öz işinin peşəkarı olması məni sevindirdi. Çünki xəstələr, onların yaxınları və tibb personalının təhlükəsizliyinin təmin edilməsi səhiyyə müəssisəsinin ümumi fəaliyyətində xüsusi yer tutur.
Yeni Klinikada yaşadığım təcrübə məni TƏBİB-in fəaliyyəti barədə də düşünməyə vadar etdi. Əlbəttə ki, bu işdə TƏBİB-in icraçı direktoru, tibb üzrə fəlsəfə doktoru Anar Bayramovun rolunu xüsusi vurğulamaq istəyirəm. Çünki hər bir qurumun, təşkilatın, müəssisənin uğurlu fəaliyyəti hər şeydən əvvəl onun rəhbərliyinin öz işinə göstərdiyi münasibətdən asılıdır. TƏBİB-ə Anar Bayramov kimi şəxsiyyətin rəhbərlik etməsi göstərir ki, Azərbaycan səhiyyəsi etibarlı əllərdədir.
Bu məqamda katibliyin rəhbəri Sahib Gülməmmədovun və ixtisasçı xidmətlər şöbəsinin müdiri Turan İbrahimovanın, eləcə də, bu sistemdə çalışan bütün məsul şəxslərin adlarını çəkmək yerinə düşər. Bütün bunlara görə mən ölkəmizdə səhiyyənin inkişafı, tibbi infrastrukturun müasirləşdirilməsi və vətəndaşların sağlamlığının qorunmasına göstərilən diqqətə görə dövlət rəhbərliyinə minnətdarlığımı ifadə edirəm.
Amerikalı kardioloq Pol Uayta aid edilən bir fikir var: “Təcrübəli həkim üç əsas keyfiyyətə malik olmalıdır: insanlığa məhəbbət, elmi bilik və müəmmalı sirlərin açılmasına maraq”. Bu fikrin mahiyyəti olduqca düşündürücüdür. Həkimlik yalnız tibbi biliklərə yiyələnmək deyil, həm də insan həyatına sevgi, daim öyrənmək həvəsi və məsuliyyət tələb edən müqəddəs bir peşədir. Mən Yeni Klinikada qarşılaşdığım həkim və əməkdaşların fəaliyyətində bu keyfiyyətlərin təzahürünü gördüm.
Yeni Klinikadan ayrılanda qəlbimdə minnətdarlıq hissi var idi. Arzu edirəm ki, ölkəmizdə səhiyyə müəssisələri daim inkişaf etsin, həkimlərimizin uğurları artsın, tibb işçilərimizin əməyi layiqincə qiymətləndirilsin, xəstələrimiz şəfa tapsın! Bu yolda çalışan hər kəsə, Anar Bayramov başda olmaqla, TƏBİB-in bütün əməkdaşlarına möhkəm cansağlığı, fəaliyyətində uğurlar, xalqımıza isə sağlam və firavan həyat arzulayıram.

Rauf Aslanov,

Azərbaycan Yazıçılar Birliyi

 

Yazıya 9 dəfə baxılıb

Share: