16 oktyabr 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının teatr şöbəsində “Teatr dramaturgiyası” fənni üzrə “Film Baxış” layihəsi çərçivəsində açıq dərs keçirilib.
Fənn müəllimləri Aysel Fikrət və Ülviyyə Vəlizadənin təqdimatında keçirilən açıq dərsdə İncəsənət Gimnaziyasının teatr şöbəsinin müdiri, kulturologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Hicran Sadıqzadə, şöbənin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Hicran Sadıqzadə gimnaziyanın əsaslı təmirdən sonra istifadəyə verilmiş yeni inzibati binasında tədrisə başlanılması münasibətilə şagirdləri təbrik edib, onlara yeni tədris ilində uğurlar arzulayıb. O, “Teatr dramaturgiyası” fənninin 1997-ci ildən tədris olunduğunu diqqətə çatdıraraq, fənn müəllimi Aysel Fikrətin təşəbbüsü ilə təxminən on il əvvəl yaradılmış “Balaca Yazıçılar Birliyi”nin fəaliyyəti haqqında məlumat verib.
Hicran Sadıqzadə, həmçinin Aysel Fikrəti Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunması münasibətilə təbrik edib, ona və Ülviyyə Vəlizadəyə yeni layihənin həyata keçirilməsində uğurlar arzulayıb.
Açıq dərsdə “Film Baxış” layihəsinin məqsədi və gələcək fəaliyyət istiqamətləri haqqında məlumat verilib. Ayda iki dəfə keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində şagirdlər Azərbaycan kinematoqrafiyasının müxtəlif dövrlərinə aid ekran əsərləri, xüsusilə milli ədəbiyyat nümunələri əsasında çəkilmiş filmlərlə tanış olacaqlar. Dərslərdə klassik Azərbaycan yazıçılarının həyat və yaradıcılığı, əsərlərin dramaturji xüsusiyyətləri və ekranlaşdırılması haqqında məlumat veriləcək, filmlərdən fraqmentlər nümayiş etdiriləcək və mövzular ətrafında interaktiv müzakirələr aparılacaq. İzlədikləri ekran əsərləri haqqında ən maraqlı yazılı təəssüratlarını təqdim edən şagirdlərə həmin filmlərin ədəbi əsasını təşkil edən kitablar hədiyyə olunacaq.
Layihənin ilk açıq dərsi görkəmli Azərbaycan yazıçısı Süleyman Sani Axundovun yaradıcılığına həsr olunub. Aysel Fikrət yazıçının həyat və yaradıcılığı, Azərbaycan uşaq ədəbiyyatındakı mövqeyi və əsərlərinin bədii xüsusiyyətləri haqqında şagirdlərə məlumat verib.
Ülviyyə Vəlizadə isə Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında rejissor Şamil Mahmudbəyov tərəfindən 1966-cı ildə ekranlaşdırılmış “Qaraca qız” filmi haqqında danışıb. Filmin mövzusu, obrazları, əsas ideyası və ədəbi əsərin ekran təcəssümü ilə bağlı şagirdlərlə fikir mübadiləsi aparılıb.
Açıq dərsin sonunda şagirdlər müəllimlərlə keçirilən sual-cavabda fəal iştirak edib, daha sonra “Qaraca qız” filmini izləyiblər.























