III Dərgi Qara dəniz Beynəlxalq sosial elmlər simpoziumu
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada “III Dərgi Qara dəniz Beynəlxalq Sosial Elmlər Simpoziumu” keçirilib.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin elmi müstəvidə də inkişafından danışıb. Bu birliyin digər türk dövlətləri üçün də mükəmməl örnək olduğunu bildirib. Akademik əlavə edib ki, “artıq Türkiyədəki dərgilərlə, elmi və akademik qurumlarla, universitetlərlə Azərbaycan alimlərinin ikitərəfli əməkdaşlığı, müqavilə imzalamağı, tanışlıq dövrü bitib. İndi bizim həyatımızda ortaq layihələr dövrü başlayıb. Birgə böyük layihələri icra etmək, ortaq dərgilər çap etmək, ortaq simpoziumlar keçirmək mərhələsindəyik. Bugünki simpozium da belə əməkdaşlığın bir təzahürüdür”.
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu çıxışında qeyd edib ki, “Qara dəniz” dərgisi ətrafında Türkiyə, Azərbaycan, Qazaxıstan kimi qardaş ölkələrin alimləri ilə birgə, Rusiya, İran, Tacikistan, Gürcüstanın da alimləri toplaşıb. Akademik dərginin fəlsəfəsini belə ümumiləşdirib: dünyada milli varlığı axtarmaq və milli varlıqda dünyanı axtarmaq. Dərginin apardığı həmin siyasətin bu konfransda da əksini tapdığını vurğulayıb.
Simpoziumda Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamanov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi, Gürcüstan Samsthke-Javakheti Universitetinin təmsilçisi professor Roin Kavrelişvili, simpoziumun təşkilat komitəsinin rəhbəri, dərginin baş redaktoru, professor Ərdoğan Altınkaynak da çıxış ediblər
AMEA Folklor İnstitutunun əməkdaşı dosent Sönməz Abbaslı çıxışında bildirib ki, ilk dəfə Tbilisidə təşkil edilən bu simpoziumun ikincisi Giresunda baş tutub. Növbəti simpozium isə Bakıda keçirilir. Bakıda gerçəkləşən simpoziumda 96 məruzəçinin 24 bölmədə çıxış edəcəklərini qeyd edib.
Simpozium bölmə iclasları ilə öz işinə davam edib.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi