“Hamının kütləvi şəkildə kimisə söyməsinin yer aldığı Azərbaycan heç birimizə lazım deyil”

Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov ötən həftə çox ciddi açıqlamalar verdi. Dövlət rəsmisi bildirdi ki, Azərbaycanın müstəqilliyini, onun inkişafını qəbul etməyən, cəmiyyətdə xaos yaratmağa çalışan qüvvələr, xalqımıza düşmən kəsilmiş insanlar var. Onun sözlərinə görə, bu qüvvələr istər ölkə daxilində, istərsə də ölkə xaricində anti-Azərbaycan təbliğatı ilə məşğul olurlar. BQB başqanı, deputat Fazil Mustafa ilə budəfəki müsahibəmizdə F.Ələsgərovun dediklərinə münasibət öyrəndik.
– Fazil bəy, kifayət qədər ciddi statusa malik dövlət rəsmisinin “bu məsələlərdə hər birimiz ayıq-sayıq olmalıyıq” xəbərdarlığı, sizcə, nədən xəbər verir?
– Fuad Ələsgərov kifayət qədər təcrübəli bir dövlət xadimidir və əslində onun bu xəbərdarlığı da ciddi bir informasiyaya əsaslanır. Hamımız anlayırıq ki, Azərbaycanın müstəqilliyi üçün təhlükə hardan gəlir. Mən hesab etmirəm ki, bu gün müxalif mövqedə duran insanlar hansısa bir şəkildə müstəqilliyə qarşıdırlar. Onlar da müstəqillik uğrunda vuruşmuş insanlardır. Hakimiyyətdə olan insanların da xeyli hissəsi müstəqilliyi özü üçün dəyər bilən insanlardır. Ola bilsin, 5-10 nəfər hansısa başqa bir ölkənin maraqlarına daha çox üstünlük verən insanlar da tapıla bilər. Amma Azərbaycan əhalisinin böyük əksəriyyəti müstəqilliyə bağlı insanlardır. İnsanlar da var ki, davranışlarının nəticələrini çox vaxt hesablamadan müstəqilliyimizə zərər vura biləcəyinin fərqində olmurlar. Ona görə də hamımız diqqətli olmalıyıq ki, həm daxildə, həm xaricdə müstəqilliyimizə zərər vura biləcək addımlardan qaçaq. Təsəvvür edin ki, Azərbaycana İraqdan, Suriyadan, Venesueladan, Tunisdən, Liviyadan fərqli baxan bir zehniyyət yoxdur. Nə istəyirlər bu ölkədən? Bu ölkədə doğrudanmı xalqın istədiyi hansısa formada ideal hakimiyyət modeli istəyirlər? Burada hamının istədiyi odur ki, Azərbaycanı necə parçalayıb, necə tabe eləsinlər. Ona görə də əslində bu gün artıq Azərbaycanda baş verənlər hakimiyyət davası deyil, Azərbaycan davasıdır. Yəni bu çalxalanmanın qızışdırılması fonunda Azərbaycanın itirilməsi davası gedir. Ona görə də, məncə, müxalifətin maksimalist bir siyasi mübarizə metodundan çəkinməsinə, iqtidarın da müxalifəti qəbuletməzlik sindromundan qurtarmasına ehtiyac var. Müxalifətə ən azı bir çərçivə verilməlidir ki, hansı platformada hüquqi zəmində öz fəaliyyətini davam etdirə bilər. Heç olmasa, növbəti parlamentdə bunu inkişaf etdirmək lazımdır ki, bu cəmiyyət meydan eyforiyasından çıxsın, qaragüruhçu davranış stereotipindən uzaqlaşsın, daha soyuqqanlı bir parlament müzakirəsi mühitinə daxil ola bilsin. Bununla da barışmaz hesab etdiyiniz insanların da bir qismi parlamentdə öz fikirlərini səsləndirmək imkanına sahib olsunlar. Yəni cəmiyyəti daha çox bu istiqamətə yönləndirmək lazımdır ki, Azərbaycan təlatüm yaşamasın, Azərbaycanda meydan davasının nəticəsində biz Vətənin taleyini ilğıma sürükləməyək. Söhbət bundan gedir. Bunu edə bilsək, məncə, bu proseslərdən ağrısız çıxacağıq, Azərbaycanda aqressiya da yumşalacaq, vətəndaş barışı deyilən bir anlayış da hakim kəsiləcək.
– Fazil bəy, parlamentin yaz sessiyasının ilk iclasında spiker Oqtay Əsədov plenar iclasın işində yarımçıq iştirak edən deputatlara ciddi xəbərdarlıq etdi. Necə bilirsiniz, bu xəbərdarlıq kimlərə ünvanlanmışdı, hansısa deputat mandatsız qala bilərmi?
– Yox. Qanunvericilikdə deputatın mandatdan bu şəkildə məhrum edilməsi deyilən bir tələb yoxdur. Spikerin də iradı sırf texniki xarakter daşıyırdı ki, artıq deputatlar parlamentin iclaslarına daha məsuliyyətli yanaşsınlar. Hər dəfə belə iradlar səslənir. Bu, spikerin hüququdur və belə bir söz deməsi əsaslıdır. Amma bunun kimisə mandatdan məhrum etmək niyyətilə deyildiyini söyləmək olmaz. Çünki belə bir niyyət yoxdur və prosedur da bir az uzundur. Neçə iclasda iştirak etməmək, hansısa formada həqiqətən də parlamentin işinin pozulmasına gətirib çıxarması faktı varsa… Belə bir fakt yoxdur. Ona görə də bu, sadəcə texniki iraddır, məncə, bunun şişirdilməsinə ehtiyac qalmır. Bu, adi prosedur qaydada edilən iraddır.
– Bu arada hələ də növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ətrafında şübhəli fikirlər var…
– Bu da inandırıcı deyil. Açığı, kim ki parlamentdə olmaq istəyir, belə məlumatlar daha çox o çevrələr tərəfindən yayılır. Amma rəsmi şəkildə yoxdur və lüzum da yoxdur. Yəni indiki şəraitdə bir addım atılmasına zərurət yaranırsa, onda mümkündür. Yox, əgər yalnız bir texniki, seçkilərin üst-üstə düşmə vasitəsi kimi düşünülürsə, bu da artıq ortadan qaldırılıb. Çünki prezident seçkiləri 2025-ci ilin aprelində, parlament seçkiləri isə payızda keçiriləcək, bu da üst-üstə düşmə deyil. Hələ kifayət qədər müddət var. Ona görə də bu seçkinin keçirilməsi ilə bağlı heç bir arqument yoxdur. Amma çoxluq hansısa mülahizələrlə belə bir qərar qəbul edərsə, onda yəqin ki, məsələyə baxmaq olar.
– Bu günlərdə YAP-dan olan deputatların baş nazirin müavini Əli Əhmədovla görüş keçirməsi də müəyyən uzaqgedən nəticələr çıxarılmasına rəvac verdi. Sizdə bununla bağlı hansı məlumat var?
– Əslində ölkədə ciddi dəyişikliklər prosesi baş verir. Xüsusən ölkə prezidentinin başlatdığı yeni bir kurs ölkədə ciddi struktur və kadr islahatlarının anonsunu verib. Ona görə də artıq ləğv olunan, birləşdirilən qurumlar var. O baxımdan proseslərin onsuz da hansı məcraya getdiyi artıq bəllidir. Amma söhbət ondan gedir ki, YAP-ın bu məsələdə müəyyən passivliyini ortadan qaldırmaq üçün hərəkətə gətirmə məqsədilə belə bir addım atıldı. Bu da faydalıdır. Çünki prezidentin hər hansı addımının avanqardı ilk növbədə onun dəstəklədiyi, onun rəhbərlik etdiyi partiya olmalıdır. Amma biz çox vaxt görürük ki, bitərəflər daha çox bu dəstək kampaniyasında aktiv rol alırlar. Ona görə də bu passivliyi nəzərə alaraq belə bir tədbirin keçirilməsi məqsədəuyğun sayılıb.
– Komitə sədri Siyavuş Novruzovun həmkarlarına çağırışı, yəqin, sizin də diqqətinizi çəkdi. Söyüş söyənlərin cavabını verməyə çağırdı, hamını mövqe bildirməyə dəvət etdi. Bu barədə nə deyə bilərsiniz?
– Bu məzmunda çıxışlar tez-tez olur. Ümumiyyətlə, mənim fikrim odur ki, siyasətdə söyüşə söyüşlə cavab verilmir. Siyasətdə söyüşə cavab vermənin formaları var. Hüquqla, bir də fərqli mənəvi davranışlarla, alternativlərlə cavab verilir. Amma söyüş söyəndə cavab verən də birinci söyənin səviyyəsinə düşür. Ona görə də hamının kütləvi şəkildə kimisə söyməsinin yer aldığı bir Azərbaycan heç birimizə lazım deyil. Biz çalışmalıyıq ki, nə iqtidar tərəfdən, nə özünü müxalif adlandıranlar tərəfdən söyüş olmasın və mədəni üslub pozulmasın. Çox təəssüf ki, bu mədəni üslub pozulmasının simptomları daha çox görünür. Ona görə də, məncə, iqtidar tərəfdən bunu çox stimullaşdırmaq, buna həddən çox əhəmiyyət vermək lazım deyil. Belə qüvvələrlə hüquqi və ideoloji mübarizə aparılmalıdır. Sadəcə, son vaxtlar bu işi daha çox polisin, hüquq mühafizə orqanlarının üzərində atanda, hakimiyyətin arsenalı bu məsələdə ideoloji cəhətdən yetkinlik göstərə bilməyəndə çağırırlar ki, “gəlin, biz də söyək!” Niyə söyürsünüz? Əlinizdə televiziya var, qəzet var, mətbuat, maddi imkanlar var. Bu imkanlardan istifadə edin, intellektual insanları çevrənizə yığın və onları stimullaşdırın, bunlar səviyyəli, mədəni cavablarla, davranışlarla bunun zəiflədilməsinə, bu ənənənin ortadan qalxmasına köməklik göstərsinlər. Əsasən də bu yol seçilməlidir. Amma ölkədə hamı söyüşmü söyməlidir? Ölkənin hüquqi və ideoloji imkanlarını səfərbər edərək bu işin öhdəsindən gəlmək olar. Sadəcə, burada müəyyən qurumlar lazımi səviyyədə çalışsalar və pulu yeyib, başlarını girləməsələr,  bu məsələnin öhdəsindən daha çox gəlmək mümkündür.
– Adətən, bu kimi situasiyalarda, cəmiyyətdə barışmazlıq ab-havası yarananda ziyalılar meydana çıxır, tərəflərə xitab edir. Bu dəfə ziyalıların sükutu sizə nə deyir?
– Ziyalılar əslində bu proseslərdə hər iki tərəfdən qorxurlar. Çünki iqtidar tərəfdən stimullaşdırılan ziyalıdan daha çox tərif eşidilir. Müəyyən dərəcədə də bəzən yaltaqlıq elementləri olur.  Ziyalıların çoxu bu ampluada özünü görmək istəmir. Ona görə də hakimiyyətlə məsafə saxlayır. Müxalifət tərəfindən isə bir qaragüruhçu zehniyyətin müdafiəçisi kimi çıxış etmək tələbi qoyulur. Ziyalı qalır ikisinin arasında. Ona görə nəsə bir söz deməklə hansınınsa mövqeyinə yaxınlaşmağı özünə rəva görmür. Ziyalını burada günahlandırmaq olmur. Diqqət edirsinizsə, tanınmış bir ziyalı, yaxud başqası mütləq aqressiyanı səsləndirməklə “bəh-bəh” qazanmağa daha çox üstünlük verir. Eyni zamanda qaragüruhçu narazı adamdan fərqli, konstruktiv, ağıllı çıxış etmir, qaragüruhçunun xoşuna  gəlmək istəyir. Bir qrup ziyalılar bunu edir. Ziyalılar onu edəndə hakimiyyətlə aralarında münasibət korlanır, hakimiyyət onları yaxına buraxmaq istəmir. Ziyalı elə etməlidir ki, hakimiyyətlə və müxalifətlə təqribən bərabər məsafədə olsun. Ziyalının əsas funksiyası obyektiv gerçəkləri dilə gətirməkdir, müəyyən dərəcədə cəmiyyətdə islahatlar yolu ilə islahatlar prosesinin irəliləməsinə nail olmağa çalışmaqdır. Ziyalı siyasətə həddən artıq bulaşmamalıdır, nə hakimiyyətin, nə müxalifətin yanında. Hər iki tərəfin tələbi fərqli olduğuna görə, özünə hörmət edən ziyalıların çoxu susqun mövqedə sözünün eşidiləcəyi zamanı gözləməklə məşğuldur.
– Mətbuatla davamlı əməkdaşlıq edən millət vəkillərindənsiniz və yəqin ki, qəzetlərin üzləşdiyi problemlər sizi də narahat edir. Bəziləri qəzetlərin fəaliyyətini dayandırmasına “Düşdü bütün qəzetlər qiymətlər ay can-ay can” yanaşmasını sərgiləyir və yazılı mətbuatın önəmini nəzərə almır. Sizin mövqeyiniz necədir və  mövcud situasiyada çıxış yolunu nədə görürsünüz?
– Hər halda bizim ənənəni dağıtmaq olmaz. Azərbaycanda qəzet oxunması istiqamətində müəyyən addımların atılması vacibdir ki, çap mediası sıradan çıxmasın. Amma çap mediası da artıq cəmiyyətdə çoxluqla yox, keyfiyyətlə özünə yer eləməlidir. Çünki bu gün internet tələbatı azaldıb, istəsən də, istəməsən də, bu, belədir. Qəzetlərə reklam imkanı vermək lazımdır. Necə ki, Türkiyədə, digər ölkələrdə qəzetlər həm də bir kommersiya quruluşu kimi fəaliyyət göstərib, çap mediası olaraq öz funksiyalarını qoruyub-saxlayırlar, həmin şeyi Azərbaycanda da etmək imkanı vermək lazımdır ki, qəzetlər məhv olmasın.(musavat.com)
Share: