Gürcüstanın xarici işlər naziri Blinkenə məktub yazdı

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ABŞ dövlət katibi Antoni Blinkenə məktub yazaraq, Vaşinqtonu dörd hakimə sanksiya qərarına yenidən baxmağa çağırıb.

ABŞ Dövlət Departamentinin Gürcüstan-ABŞ münasibətləri tarixində ilk dəfə olaraq Tbilisiyə qarşı sanksiyalar mexanizmini tətbiq etməsi dünən məlum olub.

ABŞ üç hazırkı və bir keçmiş gürcü hakimə qarşı məhdudiyyətlər tətbiq edib.

Dövlət katibi Antoni Blinkenin bəyanatında Mixail Çinçaladze, Levan Murusidze, İrakli Şengeliya və Valerian Tsertsvadze “qanunun aliliyini və Gürcüstanın məhkəmə sisteminə ictimai etimadı sarsıdan” şəxslər kimi qeyd olunur. Dörd gürcü hakim üçün “irimiqyaslı korrupsiyada iştirak etdiyinə görə” viza məhdudiyyəti tətbiq edilib.

Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri yazıb ki, Vaşinqton sanksiyalarla bağlı qərara yenidən baxmasa, Gürcüstan dövləti və gürcü xalqı bunu “suveren dövlətin müstəqil məhkəməsinə təzyiq və onun fəaliyyətinə kobud müdaxilə kimi” qəbul edəcək. Bu, Gürcüstan və ABŞ arasında çoxillik dostluq münasibətlərinə xələl gətirəcək.

Darçiaşvili sanksiyaları “tamamilə anlaşılmaz və qəbuledilməz” adlandırıb və qərarın “heç bir sübut olmadan ictimaiyyətə açıqlandığını” yazıb.

Mənbə: newsgeorgia.ge

Share: