“…Günəşi düyün vuraram gecənin hörüklərinə” – Sevinc Qərib deyir

Mənim düşüncə tərzimə görə, şeir elə əslində ulu sevginin ənənəvi mədəniyyətidi. Çünki o, milli mədəniyyət sisteminin özünə məxsusluğunu özündə ehtiva edən milli yaddaşın arxetipi sütunlarının üzərində dayanır.

Poeziya hər zaman olduğu kimi günümüzdə də milli məfkurənin formalaşmasına birbaşa təsir edən daimi funksional-mədəni fenomendir. Ki, məndə bu fenomenol yurdun mərifəti və iffəti ilə seçilən şairlərindən birinin sözə müqəddəs münasibətindən, hadisələrə baxışından səf tutduğu misralarının yükü haqqında deyinəcəm…
Bir halda ki, haqqında söz açacağım xanım şair gecənin hörüklərinə günəşi düyün vurur , onda mən də o, düyünləri çözməyə çalışacam.
Xanım şairin adı “hardasa o uzaqlardan” ta günümüzə qədər Sevinc Qəribmiş…
Yurd həsrətindən gecələri uyuyamayan Sevinc gecələrin misra-misra saçını hörərək asta-asta asiliyinin rəsmini belə çəkir:

Gecəyə saç hörürəm
zülmətin əlləriylə.
Uzanar gecənin
qaranlıq saçları
sabaha qədər.
Günəşi düyün vuraram
gecənin hörüklərinə.

(əbədi dərdlər, əbədi sevgilər və onların bükümünün açıqlanması yalnız şeirlə mümkündür) Çünki şeir həm dərdin, həm də sevincin qərami dilidi. Ruhu, sevgisi və kəndi rəngi olan sözün də öz sözü var ki, onun adına şeir deyirik.
O şeir ki, yuxusu qaçan adama da oxunur:

Kipriyini duyğularla qovuşdur,
Yuxu gözlərinə şeir oxusun.
Ürəyini sahmana sal, yığışdır
Düşüncən ruhuna yuxu toxusun.

…fikrimcə şeir müəllifinin yaddaşının ömrüdür, çünki o yaddaş ömrünü gerçək anlamda şair dışında deyil, içində yaşayır, yaşayır qalaq-qalaq qalaqlanan duyğularla. Gətirilən cümlələr Sevinc Qəribin bu konudakı mövqeyini ortalığa qoyur:

Qalaqlanan duyğular
düşər ruhun bətninə.
Ruh bədəni çalxalar,
dar qəfəsdə boğulmaz.
Sarar ruhu ağrılar,
fikirlər əzab çəkər.
Ruh hamilə qalmasa,
yeni şeir doğulmaz.

"...Günəşi düyün vuraram gecənin hörüklərinə"

Mənə görə Sevin Qəribin kitabının vərəqlərini təqvim yarpağı kimi hər çevirən oxucu fərqinə varar ki, bu şeirlər yalnız dalıb gedən gözlərdə, nur saçan üzlərdə deyil, duyğunun coşa gətirdiyi könüllərdə yaşayacaq qədər məsumdu… Çünki müəllifi axınla ədəbiyyata gələn bir nəslin ələnib, seçilən istedadlı nümayəndəsidi. Şeir o zaman gözəldi k, o öz tutum yükü ilə oxucunun zövqünü oxşamaqla həp estetik səviyyəsindən söz etdirir.
… Hər yazılan poeziya nümunəsinin içəriyi şairin könlündə sultan olan qəhrəmanlıq qırmancının ucundakı ədəbi həqiqətdir.

Kölgəsiz otların çəməni kimi,
qəm döyüb saraldıb ömür bağımı.
İtən xəyalların dünəni kimi
geri vərəqləyib sənli çağımı.

Hərb tarixi qılınc zəfərləri ilə doludur, kultur və mədəniyyət tarixi isə qəlbin zəfəridir ki, bu müqəddəs missiyanın bələdçisi ədəbiyyatdır.
Şeir ədəbiyyatın milli iftixar nizamnaməsi olduğundan onun özündə epoxallıq ana xətt kimi nəfəs alır, yürüyüb gedir.
Sevinc Qəribin şeirində muxtariyyət yoxdu, o tüm insanlığın adından, odundan danışır:

Tanrı ətəyində bir daşa dönəm,
Dolam göy üzünün bulud bətninə.
Daş ağrısı çəkə bulud, tərpənəm,
Doğulam daş kimi mən, yer üzünə.

Sevinc Qəribin şeirlərinin taleyinə köçəmən quş timsalı köçkünlük düşüb. Heç təsadüfi deyil ki, onun şeirlərinin misralarında gecələyən qəmin mayası hardasa o, uzaqlarda yaradanın insafsızlığına, həyatın amansızlığından və bir də taleyin qəddarlığına “çalasını” alır.

Hardasa o uzaqlarda
bir qərib
vətənsizlikdən üşüyür.
Əynində isti paltarı,
evinin istisinə isti çatmaz,
yenə üşüyür…
üşüyür qışın qar dodaqlarının
buza dönmüş öpüşü kimi
üşüyür son közü sönmüüş
ocağın üşüyən ümidləri kimi.
Üşüyür…
Əyninə geyməyə Vətəni yoxdu..

Bu yazımla mən Sevinc Qəribin “hardasa o uzaqlarda” eşidilən şeirləri haqqında araşdırma aparmaq, orijinal fikir və mülahizələr barədə çözümləmə yapmaqdan daha çox onun yaradıcılığı barədə ümumi təsəvvür yaratmaq fikrindəyəm. Xanım şairin şeirlərinin özülündə Sevincin bəşəri qəmi gözükür… yoxsa niyə desin ki…

Qubardı, nisgildi ürəyim onsuz,
sən də qoşularsan dərd karvanıma.
Bu tale yöndəmsiz, bu qismət yönsüz,
get, dərdim önündə, dön sarvanına.

Sevinc Qərib istedadına, təvazökarlıq ortaqlıq etdiyi üçün onun şeirləri səmimidi və bundan dolayıdır ki, onları anlamaq, yön tutduğu hədəfi çözmək zaman məsrəfinə izdivac verir. Oxucunu düşündürmək şairin söz qüdrətinin dəyərini ortaya qoyur. Və onun bir şeirlik çimir almaq üçün yuxuya nə qədər rica etdiyində belə görünür.
Kipriyimə qonan gecə
yuxuları qısqandırma.
Çox demirəm, bircə gecə,
heç olmasa bircə gecə
yerini ver yuxulara…
Gözlərimi yoran gecə
burax yuxuma dalım.
Yatım demirəm, eləcə
bir şeirlik çimir allm…

Şair xanımın hissləri elə səmimi, elə təbii dillə qələmə alınıb ki, onları oxuduqdan sonra, sonunda çox nöqtələr qoyulmuş acı bir təəssüf çəkməmək mümkün deyil.
…Sevincdə sevdaya olan eşq ilə vətənə olan sevgi əkizdi…
Mənim düşüncə tərzimə görə şairdə əsl olan qəlb tərbiyəsidir ki, o da Sevinc Qəribdə özünü hər məqam göstərir… Mənə belə gəlir ki, şeirin imanın kamala ərməsinə xidmət etməsini xanım şair çoxdan əxz etmiş… ki, bəlkə də… yoxsa… necə ağlına gətirə bilərdi ki…

Alasan əlinə mürəkkəbini
Düşəsən yolların ağ izlərinə.
Çəkəsən sınağa şair təbini,
Sərəsən ruhunu kəhrizlərinə.

Və ya… Atasan özünü dəlisov çaya,
Çəkə ürəyindən çıxara səni.
Elə rast gətirə bir özgə taya,
Özün tapmayasan özündə səni.

Günəş buludun arxasına keçəndə yay tənəffüs edib, nəfəsini dərdiyi kimi mən də şair xanımın şeirlərini oxuyanda ruhum tənəffüs edir:

Ruhum pərvaz-pərvaz,
göyün üzü buludlu
Qorxuram…
qorxuram göylər
ruhumu bəyənməyə,
buluda dəyib düşəm yerə…
Ruhum avaz-avaz,
sevdalar kar qulaqlı…
Qorxuram…
qorxuram duyan olmaz
nəğmələr susar bu yaz…

Tam səmimiyyətlə deyirəm ki, Sevincin ruhunun sürgün yeri şeirləridi. Kölgə, kölgə sahibinə möhtac olduğu kimi ümumbəşəri poeziyada hürr qələm adamının blövlü zəkasına möhtacdı. Ədəbiyyatda qismət anlamı hər vaxt bir sonrakı sırada dayanır. Mənim düşüncəmə görə qismət fəhimsiz adamlara allahın fitrəsidir Sevincin şeirlərində qismətsə olur düşüncə forması yox dərəcəsində…Bəlkə də…yollar geri gələr,gətirər deyib özü-özüylə yolçuluğa çıxır…

Tutub özümün əlindən
gedəcəyəm buralardan.
Qoy bu şəhər mənsiz
qalsın.
Bir az ağlasın arxamca,
bir az darıxsın.
Yerim görünsün
o tanış küçədə.
İz qoyduğum o yollar da,
yaşadığım məhəllə də
həsrətimi çəksin bir az.

Son dönəmlər ürəksiz yazdığım yazılar heç gözümə dəymir… ürəklə yazdığım yazıların da bəzi bölümlərindən küsdüyüm anlar olmur desəm, doğru olmaz. Amma Sevinc Qəribin “Hardasa o uzaqlarda” şeirlər kitabı haqqında yazdığım bu nübarçalığı ruhumun diqtəsi ilə yazdım…
Yazdım ki, Sevinc Qəribin yaradıcılığı səs-küydən, ritorikadan uzaq, ruh və sevginin dolandığı Vətəndi…
Dilərəm “hardasa o uzaqlarda” qoyub gəldiyin uğur sənə yetişsin… Tutasan özünün əlindən.

Xaqani Abbasəli Öztürk,
AYB-nin üzvü, şair-publisist

Share: