Biz dənizin dibində yaşayırıq, İlahi

VƏLİ SÜLEYMAN ÇİÇƏKDAĞLININ XATİRƏSİNƏ

(ELEGİYA ƏVƏZİ)

Hələ o vaxt Bayılın Buxta küçəsində bir balaca həyəti olan “samastroyka”da (gecəqondu) yaşayırdım. İndi sökülüb, yerində yeni sahil bağı var…
Həyətin taxta hasarının dibində taxta hində 3-4 toyuğumuz vardı. Bir dəfə eşitdik toyuqlar hay-küy saldı, qaqqıltıları evin divarndan, pəncərəsindən aşıb, evə doluşdu. O dəqiqə oğru yada düşdü.

Bayıra çıxdım, Vəli qalıb o üzdə, hasardan aşan Həjar Şamıloğlu da düşüb toyuqların üstünə (”Hasar üstdən aşması var …”):
– Gəldik, hazırlaş gedək balıq tutmağa.
– Toyuq var da, nə balıq? Ölməyib, kəsilməlidi, yaxşı gəlmisiniz…
Dəniz kənarıyla 300 m aralıda estekada vardı. Getdik, “balıqcılar” balıq tutdu, üstəlik “raçki” (zəhrimarın adı yada düşmür) aldıq… elə balıq da.
O vaxt mənim dəniz kənarındakı evimi (20-30 evdən biri) az qala dərnəyə çevirmişdim, həm də ali məktəblərə “şagird” də hazırlayırdım, amma pulsuz… Ağıl nə gəzrdi.
Bizə qonaq gələn qohumların qızı İlahə (indi müdirdi) ortancıl oğlum Təyyarla həmyaşıddı. “Biz dəninzin dibində yaşayırıq, ilahi” şerimi oğlum, görünür özünə xas şəkildə yadında saxlamışdı. Ona görə deyirdi, bilirsən, biz dənizin dibində yaşayırıq, İlahə…
“Səni bağışladım üşaqlığına” Həjarın şeiriydi, “Bir qız oturmuşdu alma bağında” Vəlinin, “Bir durna itirdim yaz dumanında” isə bəndəninzin.
O zaman (1983) biz Bayıldakı Mədəniyyət sarayında “Müşfiq bulağı” dərnəyinə yığaşardıq. Telman Haqverdiyev (rəhbər), rəhmətlik Əlislam Bilal, İttifaq Mirzəbəyli (tarixçi Qabil, müğənni Oqtayla), Yaşar Məmmədli (sonradan BDU-da professor), Valeh Məhərrəmli, Vəli, Həjar və başqaları. Arada-bir Vəlinin təkidi ilə Məmməd İsmayılın YB-dəki dərnəyində də olurduq. Mən oradakıları,  öz aramızda “Kapitan Qrantın uşaqları” adlandırırdım. Sabir Sarvan, Əjdər ol, rəhmətlik Hüseyn Əfəndi, Məmməd İlqar, İlham və bir çoxlarını oradan tanıyırdım. Səyyabın, Vəlinin şeirləri çoxlarına çoçün gəlirdi: Haranı qurtarmısan, haralısan və s. Mən hər dəfə oradakaların bəzilərinə “sübut” eləməyə çalışırdım ki, bizimkilər əsl həyatın dibindən çıxmış şairlərdi, o cümlədən də mən. Axırda Məmməd İsmayıl noqtə qoyurdu ki, Cələbi düz deyir, haqlıdı. “Dənizin bu başı, o başı birdi”…

Səyyabın şerindən, şeir deyilmi, buna qulp qoymağa, burunnamağa nə hacət?:

Qoşa nağaranın çubuğu kimi,
Qollarım uzanır payıza sarı.

Ramiz Qusarçaylı belə münasibətlərin şahididir, çünki onun şeirə ciddi münasibəti, məsuliyyət hissi, dəqiqliyi, öyrənməyə tənbəllik etməməsi, başını aşağı salıb ilmə-ilmə söz toxuması o vaxtlardan vardı.
Səyyab sonradan xəstələndi… “Başladı bir nəslin yarpaq tökümü” (Nazim Hikmət). Başlamadımı?
Sonradan yenə Vəlinin hesabına ”Pərvanə”yə gəldik, burada yeni dostlar-Musa Ələkbərli (rəhbər), Vasif Süleyman, Faiq Balabəyli, İlham Qəhrəman, sonralar rəhmətlik Elçin Səlcuq, İbrahim Yergöy, Bayram Əvəzoğlu, (Gözlə, Bayram Əvəzoğlu, vurarlar səni), arada-bir Murad Kohnəqala (şuluqsalanlar), Həmid Herisçi, İlyas Ərnəfəslə dərnəklərdə qarşılaşdıq.
Bir az da qızışıb göyünən gedər,
Üzü dənizədi dağ çaylarının
“Üzü dənizədi dağ çaylarının” şeirin hesabına Rauf Şenolla (Arifoğlu) tanış olduq.
Vəli bir gün yapışdı yaxamdan ki, şeirlərini gətir, Zəlimxan Yaqub almanax hazırlayır. Soruşdum hansı xətlə? Bildirdi ki, gətir e, Hüseyn Arif ön söz də yazacaq. Dedim, kimə? Dedi: kimə nədi? Cavab verdim ki, Hüseyn Arif ön söz yazacaq e, yazmağına, kitab da çıxacaq, ancaq almanaxa yox e, o adamın şeir kitabına. Mərcləşdik. Təbii ki, Vəli qonaqlığı uduzdu…
Vəli xarakter etibarilə narazı adamdı, narazı qaldığı cəmiyyəti, adamları yaxşı-yaxşı yağlayır, sonra da üz-gözünü bəzəyirdi.
Onun şeir dili təbiətin özü kimi təbii idi. Sanki canlı təbiətlə özü danışır-danışdırırsan. Poetik dilindəki təbii ab-havanı mən şair Eldar Baxışın, İlham Qəhrəmanın, Səyabın, Cəmşid Xan İmanın, Məmməd Tahirin, Tahir Rəsulzadənin, Azər Qasımovun, İnqılab Opxanın şeirlərində hiss etmişdim, bu, Araz Mədəniyyətindən gələndi, gah sərt, gah mülayım, eynilə Araz çayı kimi oynağan-şıltaq, mənalı, ibrətamiz, qəribə, şaqqıltılı, bənzərsiz.
Vəlinin səsi gur, cəlbediciydi. Ona çöx zərbələr dəydi. Birinci zərbə o idi ki, o cür səsi olanı İncəsənətə tərifləyə-tərifləyə qəbul eləməmişdılər. Necə ki, bizləri tərifləyib bilə-bilə ki, konkursa düşəcəyik 5 yerinə müsbət 4 verirdi sevimli, tanınmış müəllimlər. Mən elələrinin çoxunu ağlatdım sonralar. Etiraf edən də oldu. Mən deyirdim ki, Vəli, sənin səsinin gurluğu azalanda şeirlərin gurlaşacaq. Amma yanıldım, onun sona qədər nə səsi itdi, nə də poeziyası kökdən düşdü.
Ona ikinci ağır zərbə anası Çiçək xanımım kənd camaatı ilə birgə əsir düşməsi, sonra da elə camaatın gözü qabağında erməni faşistləri tərəfindən güllələnməsi idi. Vəli başını itirmişdi. Ona verdiyimiz təsəllilər yapışmırdı. Bir balasının adını Çıçək qolmuşdu, ona dedim ki, sən “Çiçəkdağlı” təxəllüsüylə yaz, Çiçək balanın xətrinə yaşa.
Üçüncü ağır zərbə onun əmisi oğlunun gözü qarşısıında güllələnməsi idi. Pölis idarəsinin 10-15 metrliyində əmisioğlunu (valyutadəyişmədə işləyirdi) 10.000 dollara görə üzü maskalı özümüzünkülər güllələmişdi. Vəlinin də başı üzərindən yayılım atəşləri açmışdılar. Anasını gülələyən ermənilər kimi, əmisioğlunu da bizimkilər pula görə güllə qabağına qoymuşdu. Vəli özünə heç cür gələ bilmədi, sanki özü günahkar idi, bağışlamadı özünü, artıq şeir də onu ovutmurdu. Qatilləri axtarmaq əvəzinə rəis Vəliyə xox gəlirdi. Ən ağırı da bu idi.
Vəli Süleyman Çiçəkdağlı mənim ən çox güvəndiyim dostlarımdandı (Tıq-tıq xanım kimi mən dostarayan dostayarıyan olmasam da, cünki cin kimi, şeytan kimi adamlardan qaçaq olanlardanam) və şeirlərini də bəyəndiyim möhtəşəm şairdi. Vəlini qəm üstələyəndə biz onun yanında olmuşuq. Amma son vaxtlar …
Telefon nömrəsi işi xarabladı. Onun ” Bir qız oturmuşdu alma bağında”, mənim “Üzü dənizədi dağ çaylarının” şeirlərimiz eyni dövrün məhsulu.
Vəlinin birinci şeir kitabını (”Dilimi oğluma öyrədəcəyəm”) mən nəşr elədim. İkincisini-“At amanatı”nı özü.
Vəli dilini oğluna öyrətdi, amma poetik dili özünəməxsus, onu hamımız öyrənirik.
Vəli son zamanlar, elə əvvəllər də, çox əsəbiydi. Hamıdan üz döndərirdi. Acı həyat ona yer eləyirdi. Amma haqqın yanında olmaq istəyirdi. Son şeirlərinə çəpərləmə deyirdi, mən elə ha deyirdim ki, Vəli, sənin “çəpərləmə” dediyin bu şeirlər janr etibarilə qitə-dir. Gəraylı qəzələ və qitəyə çevrilə bilir. Məsələn, “Məni candan usandırdı… “ qəzəli kimi. Sənsə qitə (parça, hissə) yazırsan, müdrikdir, poetikdir, yeni fikirlərin də öz yerində.

Hər nazını çəkə-çəkə, neçə ildir bəsləmişəm,
Əyilir, səcdəyə gəlir, canım bar verir, bar verir.

Torpaq hələ sevinməsin, düşəri-düşməzi olur,
Əllərim qabarlarını, saçım qar verir, qar verir.

Ucsuz-bucaqsız dünyada ay Allah məni öldürsün,
Mən Tanrıya neyləmişəm, qəbri dar verir, dar verir.

Mərdlik onun qanındaydı. Onun səsi heyrətamizdi. Saz çalmağı, oxumağı dəhşət.
Səsini də, sözünü də, istedadını da Vəlı özüylə aparmadı. Çiçək balaya qaldı, oğlu Coşquna saxladı. Bezdiyi dünyadan aralandı Vəli. Onsuz da çoxdan üz çevirmişdi nakişi dünyadan.
Vəlinin mənim ürəyimdə həmişə yeri vardı, yoxluğunda da yeri dörünür, görünəcək də… Sadəcə, elə şərair yaranıb ki, adam görünə bilmir, kara gələ bilmədiyinə görə çəkinir, özü-özündən utanır, gizlənir, çünki hörümçəklər tor toxuyub peyğmbərləri qorumaq üçün yox, yox etmək üçün… Bir də baxırsan ki, güdaza getmisən, zaya çıxıb eləmək istədiklərin.


“Bu gecə Kazım da özünü asdı” deyən Vəli, əslində özünü çoxdan öldürürdü barama qurdutək, ağ məzarı çoxdan hazırdı, İpək bağ necə qırıldı kəndiri kəsilmiş MƏN-lər bilə bilmədik. Lənnət olsun alçaqlara…
Vəli son sözünü deyib getdi. Ətrafımlz seyrəlir.
Eldar Baxış, Əlislslsm Bilal, Dərviş Cavanşir, Mehdi Bəyazid, Böyükkişi Heydərli, Vəli Süleyman Cicəkdağlı… Əvvəlində, ortasında coxları var, sonunda da dalı gələcək…
Okean dalğalananda iri balıqlar dərinə enər, nə qədər doğru. Biləmmədim. Quşdan, quş dilindən baş açan güldən anlayan mən balıqlardan baş acmadlm, ay dənizçi şair Faiq Balabəyli, qonşum Novrüz da balıq həvəskarıdır, şair Vəli Süleyman Çıçəkdağlı da balıq tutmağı çox sevərdi… Onunku balıq tutmaq deyildi, dərd üyütmək idi, yelə-suya vermək idi, ha dedi, gedə bilmədim onunla balıq tutmağa, zatən bizlər söz tuturuq balıq kimi, özümüz tilovda ola-ola…
İki Vəli DOST tanıyıram, biri Vəli Süleyman Cicəkdağlı, Allah rəhmət eləsin, dünyasını dəyişdi, o biri Dərviş Vəlidi, 3 cilidliyi cap olunub…
Vəli Süleyman Çiçəkdağlı mənim ən çox güvəndiyim dostlarımdandı və şeirlərini də bəyəndiyim möhtəşəmdi. Vəlini qəm üstələyəndə biz onun yanında olmuşuq. Amma son vaxtlar … Telefon nömrəsi işi xarabladı.
Ölüm gözlə qaş arası
Ölmə, Vəli, ölmə, Vəli.
Artıb çoxalır dünyada
Ölməli, güllələnməli
“Öldü bir Vəli. Bir Vəli”.

Vəlilər ölməz, torpaq baışlasın, könüllərə gömülər.

Teyfur CƏLƏBİ

Share: