Gözünü sıxanda nəm əvəzinə Mən düşdüm dünyanın yanaqlarına

Müstəqil.Az şairə AYSEL SƏFƏRLİNİN şeirlərini təqdim edir:

SƏN QURA BİLMƏDİN SEVGİMƏ YUVA 

Gözümün yaşından sən çəkib şərab,
İçdin amansızca xumarlanaraq.
Qərarsız ürəyin-uçurum yolu,
Əzildi hisslərim yuvarlanaraq.

Hər gün damağında çəkdiyin o eşq,
Dərdin tüstüsü tək çıxdı başımdan.
Get doldur badənə baxışlarımı,
Mən çəkim başıma hicrin aşından.

Süz, qalan ömrümün yağışlarını,
Qaldır təkliyimin öz şərəfinə.
Dibinə endikcə ruhumun,durma
Əzgin qürurumu süz qədəhinə.

Sən qura bilmədin sevgimə yuva,
Hicrə yuva qurdun eşq budağında.
Olmadı tavanı arzularımın,
Ömrüm gecələdi dərd otağında.

Qoy içib ağlasın əlində badə
Qırıq qollarımın qanadsızlığı.
Doldur şərəfinə, qeyd etsin ürək
“Sonsuz” ümidimin anasızlığın.

SƏN BİLMƏZSƏN…
Sən bilməzsən ağrının payız rəngin,
Sən bilməzsən acıların xəzanın.
Küləkləri saçlarımda əsəndə,
Buludlara kirpiyiylə yazanı.

Bilməzsən ki, bəxt yazısı alında,
Qırışanda necə olur baxışlar,-
gözlərimin aynasında tərləyən,
yanaqları yumruqlayan yağışlar.

Sən bilməzsən acıların loxması,
Ən bahalı sinilərdə qarşımda.
Dərdlərimi mənə nişan taxıblar,
Payız rəngi üzüyümün qaşında.

******

Gözünü sıxanda nəm əvəzinə
Men düşdüm dünyanın yanaqlarına.
Ilahi,sen məni unudan gündən
Dizlərim əyilib ayaqlarıma.

Sürünən ümidlər səbrin ətəyin
Dartar,dizlerinin yarasi ile.
Ilahi,sən məni atdığın gecə
Bölündüm ruhumun yarısı ilə.

Ovcuna sıxanda buz əllərimi
Əridim dünyanin başının üstə.
Sən məni kimsəsiz qoyduğun o gün
Yanıqlı ah oldum,bir son nəfəsdə..

Bəxtdən kasıb olan ömür süfrəmin
Sevinci pəhrizdə,dərdi çox yeyən.
Nə olar,qəlbimin qapısın bağla
Dəvətsiz nisgillər çıxmır eşiyə.

Yoxdur pəncərəsi arzuların da
Baxsın aynasından sabaha doğru.
Sən məni doğanda anam ağladı,
Alnima bəxt deyil,yazdın dərd,ağrı.

Qocalar evinə atdığım ruhum-
Gəncliyi ovcunda öldürmüş qadın.
De nə vaxt,de nə vaxt övladlıq alıb
Sevinc gözlərimə verər soyadın??

Dunyanın tezyiqi uymadı nəbzə,
Yıxıldım bəxtimin uçurumuna.
Ilahi sən məni unudan gündən
Intihar qədəhin qoydu yanıma

Share: