Gözlədiyim gəmilər, Yan almayıb limana

Ülfət ZİYAFƏTQIZI

 

Geyinib ayağıma
Bir cüt yorgun ümidi
Sabaha yol getməyim
Bu həyata inadım.

Çox vaxt küsüb hamıdan
Təkliyimə qısılıb,
Sol əlim üşüyəndə
Sağ əlimdə qızınıb.

Gözlədiyim gəmilər
Yan almayıb limana,
Dönmüşəm xəritəsin
İtirən kapitana.

Əzildikcə çiyinlər
Topuqlarım bərkidi.
Çətinliklər əzmimə
Tənə vuran sərkidi.

Gözlərimdə qarışıb,
Fəsillər bircə rəngdi.
Ruhu buz bağlayana
Nə yaz, nə yay qəşəngdi.

Sual dolu baxışdan
Od alıb, yanıb ömrüm.
Arzular sorağında
Boşa yaşanıb ömrüm.

Öyrəndim ilk uduzan
Son oyunda itirmir.
Bu da mənim şansımdır,
Gətirmir ki, gətirmir…

Share: