“Gözlərin deyirdi: “Getmə.” Səsin isə Susurdu” – Tural BALABƏYLİ

“Gözlərin deyirdi: “Getmə.” Səsin isə Susurdu” – Tural BALABƏYLİ

Tanınmış qələm adamı, şair, tənqidçi Sevil AZADQIZI  Tural Balabəylinin “Darixmaq” şeiri haqda təəssüratlarını oxucularla bölüşüb.  Müstəqil.Az haqqında bəhs olunan şeiri və Sevil xanımın qələmə aldığı fikirləri yayınlayır.

DARIXMAQ…
Sənin üçün yaman darıxmışam
Sənin yoxluğun —
Divara söykənmiş bir nəfəsdi.
Gəlmir.
Getmir.
Bir stəkan çay soyuyur
Dodağımdan xəbərsiz.
Nə adın var içimdə,
Nə də adını siləcək bir dua.
Gözlərin deyirdi:
“Getmə.”
Səsin isə…
Susurdu.
Darıxmaq —
Artıq izah deyil,
Bir cəza formasına çevrilib.
Gecə olanda
Qolumun altındakı boşluqdan səni çağırıram.
Elə bil hər gecə
Unudulmuş bir dua ilə səni oyatmaq istəyirəm-
səssiz bağırırıram.
Gülüşün —
Yatağımın boş yerinə yıxılıb qalıb.
Və hər səhər
Onu yığışdırmaqdan yoruluram
sənin üçün.
Sanki, səhər də açılmaq istəmir –
gecəyə sıxılıb qalıb…
Sənin yoxluğun üçün,
Sənin heç gəlməyəcəyin
keçməyəcəyin o qapı üçün
Darıxmışam.
Bu darıxmaq —
Artıq sən deyilsən.
Bu darıxmaq —
Mənim içimdə qalan son insandı.
Tural BALABƏYLİ

 

****

Müxtəlif mövzularda, müxtəlif vəznlərdə, janrlarda yazılmış əsərlər oxumuşam. Məhz darıxmaq mövzusu, Faiq müəllim sizin də, yazarların da, mənim özümün də yaradıcılığımda yer alıb. Bu gənc yazarın yazdığı şeir sanki çoxlarının həyatına uyğun. Şeirdə yazılanlar gözümün qarşısında canlandı. Bəs bu darıxmaq nədən irəli gəlir, insanın həyatında nə baş verir ki, belə?..

Şeir elə ilk misralardan özünün sərbəstliyi, duygusallığı ilə diqqəti cəlb edir. Əsərdəki poetik məqamlara fikir verək :
Sənin yoxluğun –
Divara söykənmiş bir nəfəsdi
Gəlmir.
Getmir.
Ayrılığın, yoxluğun izahıdır bu.
Əsərin qəhrəmanı ayrılığın sarsıntısını, narahatlığını yaşayır.
Ayrılığın yaratdığı narahatlıqdır bu. Həyəcandır bu.
Ayrılıq insanın
darıxmasına səbəb olur.
Şeirin lirik qəhrəmanı itirdiyi insanın xəyalı ilə yaşayır:
Gözlərin deyirdi:
“Getmə”
Səsin isə susurdu…
Lirik qəhrəman sevgisini itirsə də, onu yanında hiss edir , onun xəyalı ilə yaşayır:
Darıxmaq –
Artıq izah deyil.
Bir cəza formasına çevrilir.
Bəli, lirik qəhrəman həyəcan və narahatlığını tamamilə başqalarından fərqli şəkildə özünəməxsus təsvir edir. Əlbəttə ki, bu gənc şairin fikirləfini ifadə etməsi üçün gözəl tapıntıdır.
Müəllif yazır:
Gecə olanda
Qolumun altındakı boşluqdan
Səni çağırıram.
Unudulmuş bir dua ilə
Səni oyatmaq istəyirəm.
Gördüyümüz kimi şeir sərbəst şəkildə yaranıb, qafiyələnmələr az olsa da, obrazlılıq, emosionallıq özünü aydın göstərir:
Gülüşün
Yatağımın boş yerinə yıxılıb qalıb
və ya
Darıxıram
Sənin üçün,
Sənin yoxluğun üçün.
Sənin heç gəlməyəcəyin
O qapı üçün darıxmışam
deyir.
Gənc yazarımıza nikbin şeirlər yazaraq darıxmağa son qoymağı diləyirəm!
Həyat qəribədir. Hamımız bu qəribəliklərin içindən keçərək özümüzə yol açmışıq, çətinlikləri arxada qoymuşuq. Yaşadıqca acıları unutmaq, şirinləri axtarıb tapmaq, nikbin ruhlu əsərlər yazmaq lazımdır, çünki başqa cür davam etmək mümkün deyil…
Əziz insan, qarşında uzun bir ömür, uzun yaradıcılıq yolu var. Sənə bu yolda nikbin olmağı, Allahın verdiyi gözəlliklərdən zövq almağı diləyirəm. İnanıram ki, qarşıda səni xoş bir gələcək və gözəl poeziya yaradıcılığı gözləyir. Var ol və çalış nikbin ol!
Bir daha doğum günün-35 yaşın mübarək olsun!
Faiq Balabeyli təbirincə deyirik: Çox yaşa, xoş yaşa!!!
Hörmətlə: Sevil AZADQIZI, şair.
Share: