“Gec açılan səhərlərin Vaxtını gecə almış, Vaxtsız düşən axşamların Saatları geridi…”-Səadət Cahangir…

 Müstəqil.Az istedadlı şair Səadət Cahangirin şeirlərini təqdim edir:

 

 

Gələn qasırğanın şeiri

Bu yağmurlu gecədə
“Hardasan” çağır, gəlim,
Bir dayanacaqda dur,
Çətir aç, yağır, gəlim…

Çağır, bəlkə bu küçənin
Kənarından keçirsən,
Qısıldığım qaranlığın
Fanarından keçirsən…

Çağır, islaq gözlərim
Ünvanları çaşdırır,
Fikirli əllərim dönüb
Saçımı dolaşdırır…

Çağır gəlim, tufan qopa,
Leysan yağa, razıyam,
Gəlim, lap quş dimdiyində
Çöp olmağa razıyam…

Çağır gəlim, son qatarın
Bəlkə, son fiti qalır,
Gəlim, gecə uçuşlardan
Bir şans bileti qalır…

Bu islanmış gecədən çıx,
“Hardasan” çağır, gəlim,
Bir dayanacaqda dayan,
Sənsizlik yağır, gəlim…

 

 Bakı

Üstündəki duman nədi,
Dağlara bu ahın, Bakı,
Gözlərin Xəzər dolusu,
Ruhun darmadağın, Bakı.

Könül yolunda Təbrizmi,
İstanbulmu yaxın, Bakı.
Endirilmiş bayraq kimi
Getmiş Qarabağın, Bakı.

Şəhidlikdə göy üzünə
Kimdi o ağlayan, Bakı,
Tənha çəkilməz bu kədər,
Gəl, bir qucaqlayım, Bakı.

Sən nə zəfərlər yaşadın,
Ruhuna dön, baxım, Bakı,
Yüz yol yazdın, zamanıdır
Bir daha yazmağın, Bakı.

Bu yolların…

Bu yolların uzaqlığı,
Küçənin qaranlığı.
Divarları tutub gedən
Dir korun gözləridi.

Gec açılan səhərlərin
Vaxtını gecə almış,
Vaxtsız düşən axşamların
Saatları geridi.

Burda fikirlər dolaşıq,
Xəyallar darmadağın.
Səssiz bir küncə çəkilib,
Ağlamağın yeridi.

Çöküb o ağac dibində
Hönkürsən acı-acı,
Görənlər başın bulayıb
Deyəcək “sərsəridi”…

Burda yorğun limanların
Oyaq yolçusu Xəzər,
Bəlkə bitmiş ümidlərdən
Sağ qalan son pəridi.

Həbsxana

Bilirəm,
həbsxana
suvaqsız üzünə
məhbus kölgələri asılmış
Rəngsiz dörd divar,
Günləri üzgün və dar –
Bir küncə qısılıb
xatirələrin
Tozunu silmək kimi…

Bilirəm,
Həbsxana
yuxudan
yorğun gözlərin
Qaranlıq kədəri
və dustaqlıq –
kəsilmiş ağacların
kölgəsində
Dincəlmək kimi…

Bilirəm,
Həbsxana
yağışı, günəşi
bitmiş bir mövsüm,
vaxt öldürmək adına
zamanı fikirlərə,
fikirləri boşluğa
Bölmək kimi…

Bilirəm,
Dostlar,
bilirəm çox zor…
ancaq, həbsxana
Nə ümidlərə son,
Nə arzulara yasaq.
Hər açılan sabahı,
Daha insan yaşamaq,
Azadlıq üçün
Düşünmədən
Ölə bilmək kimi…

 

Bilməzdim

Onda lap balacaydım,
Boyum bir qırıq idi,
Bilməzdim yoxluqların
Adı ayrılıq idi…

Ayağım tutan kimi
Qaçdım ordan sənəcən,
Qaçdım nəfəsim bitib,
Nitqim kəsilənəcən…

Yıxdım ayrılıqları,
Gəlib ölkəni tapdım,
Susuz bir yolçuluqdu…
Sərin kölgəni tapdım…

Sonra bir axşam çağı
Kölgələrin yox oldu,
Çiçəyin, yarpaqların
Sərin-sərin yox oldu…

İndi illər sonrası
Dönüb gəldiyin niyə,
Deyirsən “pəncərəmə
Düşürsən, yuxum qaçır,
Gəlmişəm gözlərində
İşığı söndürməyə…”

Müstəqil.Az

Share: