Feminizmin tarixi kökləri

“Feminizm” sözünün fransızcaya 1837-ci ildə girdiyi bilinməkdədir. İlk feministlər qadın problemini çözmək üçün əsrlər boyunca qadınların sosial statuslarını və ya daha doğrusu statussuzluqlarını incələməyə çalışmışlar.

Feministlərə görə, tarix elmi tərəfsiz olmamış və kişimərkəzli olaraq düşünmüşdür. Beləcə qadınlar tarixi araşdırmalarda ikinci plana edilmişlər. Sanki bilərəkdən qadının tarixdəki rolunu görmək istəməmişlər. Sanki tarixdə qadın deyə bir insan olmamış və ya qadının tarixi prosesdə heç bir rolu olmamışdır. Çünkü tarixdə hər zaman qaba güc axtarılmışdır. Qaba güc yerinə, estetik güc də aransaydı, qadınların da rolu ortaya çıxardı. Tarixçilər və sosioloqlar qadınların durumuyla maraqlandıqları zaman belə, bu məsələyə keşimərkəzli bir baxış bucağından baxmışlar. Avropa mərkəzli feministlər tarix elminə böyük təsir göstərdilər. Feminist bir ölçüylə tarix necə incələnməli və ilk feminist şəxsiyyətlər kimlər olmuşdur?

Tarixin ovçuluq  dövründə kişilər və qadınlar ovçuluq edərək iqtisadi fəaliyyət göstərirdilər. Bəzi araşdırmaçılara görə baş örtüsü də ilk bu dövrdə ortaya çıxmışdır. Məsələnin kökü bəşəriyyətin klan dövrü həyat tərzinə dayanmaqdadır. Klan şəklində yaşayan insanların iqtisadi qaynağı ovçuluq idi. Qadınlar da kişilər kimi çalışmaq məcburiyyətindəydilər. Lakin çağlar boyunca sürən bu dövrdə insanların bir-birləriylə irtibat qurmaları üçün dillər hələ yoxdur. Dillər çox sonrakı dövrlərin təkamül nəticəsidir. Dilsiz irtibat dövrüdür. Dilin hələ olmadığı klanlar dövründə kişilər ovlayıcı və qadınlar ovlanan ovları toplayıcı olaraq çalışırdılar. Baş örtüsü qumaşı filan da yoxdur, çünkü insan hələ iplik və ip əyirməyi, qumaş əldə etməyi bilməməkdədir. Ancaq qadınların hamiləliklərinin son dövrü, uşaq doğduqdan sonra uşağa baxmaları kimi bir məsuliyyətləri vardı. Təbiət bu məsuliyyəti qadınlara yükləmiş. Çünkü uşaq ana sütüylə böyüyər. Bu müşkülü necə çözəcəkdilər? Yeni doğmuş qadın uşağı mağarada buraxıb ova gedə bilməzdi. Bu kimi durumları anlada biləcək dil də hələ yox idi. O zaman nə etməli? Bu vəziyyətdə qadınlar ovlanmış heyvanın dərisindən baş örtüsü düzəldirdilər. Baş örtüsünün rəmzi nə idi? Heyvan dərəsi ilə başını sarıyan qadına yardım etmək gərəkirdi. Başını örtən qadın ova çıxa bilməzdi. Yardıma möhtac olan qadınlar başlarını örtər və klan da bunu anlardı. Bu qadınların yardıma ehtiyaclarının olduqlarını klan bu şəkildə anlardı. Sadəcə qadınlar deyil, kişilər də xəstəlik durumlarında başlarını örtərlərdi. Lakin qadınların sırf qadınlıq durumlarından qaynaqlanan uşaq doğma, uşağa baxma, … kimi vəziyyətləri daha yayqın idi. Tarixdə ilk baş örtüsünün bu şəkildə meydana gəldiyi bildirilməkdədir. Qadının hamiləlik dövrü, ya da bir neçə il ard-arda dünyaya gətirdiyi uşaqlara baxması gərəkirdi. Bu dövrdə uşağın sadəcə anası var. Atası yoxdur. Uşağın atası klandakı bütün kişilərdi. Çünkü bu dövr poliqamiya dövrüdür. Yəni bir kişi bütün klan qadınları və bir qadın da bütün klan kişilərinə aiddi. Poliqamiya və ya “çox ər-arvadlılıq” dövrü adlanan bəşəriyyətin bu mərhələsində çocuq anasını tanıyarkən, atasını tanıya bilməzdi. Bu üzdən qadınlar daha çox uşaqlarla zaman keçirirdilər. Ard-arda doğan qadın 7-8 il mağarada və çevrəsində başını örtərək zaman keçirməliydi. Başını örtən məsul qadınların uzun zaman bir yerdə yaşamaları iki böyük kəşfə yol açdı. Çünkü mağarada qadınların boş vaxtları olurdu və bu boş vaxtda uşaqlara baxmaqla yanaşı bir işlər də etməliydilər. Bol zamanları vardı. Qadınlar ovlanan heyvanların yunundan və tüklərindən ip əyirməyi kəşf etdilər. Çünkü uzun zaman bir yerdə oturmaq onları əl işlərinə cəlb edirdi. İp əyirmək tarixdə böyük dəyişiklik yaradan bir kəşf idi. Bir də qadınlar əkinçiliyi kəşf etdilər. Yerə atdıqları toxumların yazda bar verdiklərini gördülər və buna davam etdilər. Bu şəkildə ip əyirmə və əkinçilik qadınların kəşfi olaraq tarixə girdi. Bu kəşflərlə tarix və sosial həyat alt-üst oldu. Bu iki kəşf bəşər tarixinin ilk sosial inqilabını yaratdı. Klanların böyük toplumlara dönüşüb dillərinin gəlişməsi də bu iki kəşfdən sonra ortaya çıxdı. Soyuqdan qorunmaq və əkinçilik hesabına nüfus artıd. Bir ölkəyə bağılılıq duyqusu da doğdu. Bu üzdən “ata dili” deyil, “ana dili” kimi bir anlayış da tarixə girdi. Çünkü klan həyatı dövründə kişilər uzaqda-yaxında ovçuluqla məşğul olaraq mağaraya qıda gətirərəkən, qadınlar uşaqları böyüdürdü. Bu gəlişmələrin əsasında qadınlar, daha doğrusu başlarını örtən qadınlar durmuşdur. Bu, tarixə feministik bir yanaşmadır.

Qadınların bu kəşfləri daş dövrü inqilabı üçün zəmin yaratdı. Qadınlar kəşf etdikləri iplik əyirməyi uşaqlara öyrətdilər. Qohumluq kişi soyundan deyil, qadın soyundan olduğu üçün bütün qohumlara bu sənət öyrədilirdi. Bu dövrdə qadın iradəsi və yaradıcılığı daha öndə olduğundan pərəstiş edilən Allahlar qadına bənzəməkdədir. Allahlar kişi kimi savaşqan deyil, qadın kimi mehriban və öyrədici. Allahların intiqamçı varlıqlar olaraq şəkillənmə zehniyyəti sonrakı dövrlərdə meydana çıxacaqdı. Miladdan on min il öncə ilk daş dövrü inqilabı gerçəkləşdi. Bu inqilabın əsas yaradıcı enerjisi qadınların iqtisadi həyatı asanlaşdırdıqları kəşfləri idi. Orta daş dövrü miladdan altı min il öncə meydana çıxaraq minillər davam etdi. Bu dövrdə bəzi teknik inqilablar ortaya çıxdı. Nüfus sürətlə artaraq sosial təşkilatlanma modeli alt-üst oldu. Öküz, su, külək kimi enerji qaynaqlarının kəşfi, kotan, xış, yel dəyirmanı, yelkənli gəmilərin düzəldilməsiylə qadınların tarixdəki rolları geriləməyə başladı. Çünkü bu ağır işlərdə çalışmaq üçün kişi gücü lazımdı. Daha əskidən var olan qadının bütün sosial mövqeləri kişilərin kontroluna keçdi. Kəndləşmə və şəhərləşmə siniflərin yaranmasına və mənfəətlərin toqquşmasına yol açdı. Bu prosesdə qadınlar da tarla, heyvan, əşya, … kimi kişilərin şəxsi mülklərinə dönüşdülər.

Tarixdə ilk feminist filosof olaraq bilinən böyük riyaziyatçı Pifaqor olmuşdur. Miladdan öncə 6-cı əsrdə Pifaqor öz dərslərinə oğlanları və qızları bir yerdə qəbul edirdi. Pifaqorun dərslərinə qatılan qadınların əski Yunanda böyük hörmətləri olurmuş. Onlara “Pifaqorçu nəzakətli qadınlar” deyə ləqəb taxıbmışlar. Pifaqorun əsasını qoyduğu bu kültür əski Yunanda başqa filosoflar tərəfindən də davam etdirilmişdir. Yunanistanın mülayım və bol sulu iqlimi düşüncələrin inkişafına və hətta demokrasinin meydana çıxmasına imkan yaradırdı. Platondan 200 il öncə Pifaqor qadın-kişi bərabərliyi görüşünü açıqlamışdı.[1] Platonun akademiyasına riyaziyatçı qadınlar da gəlib təhsil alırdılar. Çünkü Platon da Pifaqor kimi, qadın-kişi bərabərliyinə inanırdı.[2] Əski Yunanda oğlanlar üçün nəzərdə tutulan təlim-tərbiyyə sistemi qızlar üçün də tətbiq edilirdi. Qız və oğlan gənclər bir yerdə jimnastik fəaliyyətləri edirdilər. Gənc qızlar toplumda yarı çılpaq dolansalar da, bir təcavüz olayı kimi əxlaqsızlıqlarla qarşılaşma olmurdu. Bu idmanlar bütünüylə oyun və əyləncə ilə doluydu. Pis niyyət və şüursuqluqdan uzaq idi.[3] Miladdan 700 il əvvəl Hindistanda da qadın filosoflar ortaya çıxdı. Günümüzdə əlimizdə olan “Opanişad”ların yazarlarından biri də Qarqi adında hindli bir qadındır.[4] Daha sonra bütün platonçu fəlsəfi cərəyanlar qadın haqlarını vurqulayacaqlardı.

Avropada ilk feminist sosioloq Ferdrik Engels olmuşdur. O, qadınların tarixdəki rolu və ailənin şəkillənməsi haqda böyük elmi tədqiqat aparmışdı. Renesans sonrası Avropada qadınlar da öz haqlarının əldə edilməsi yolunda oyanmağa başladılar. Soylu və burjua siniflərdə qadınlar rollarının məhdudlaşdırılmasını asanlıqla qəbul etməzlər. 17-ci əsrdə Avropada “mavi corablı” feminist qadınlar hərəkəti başladı. Bunlar bütün imkansızlıqlara rəğmən oxumuş qadınlardı. Bu qadınları ədəbi və şeir gecələri düzənləyərək qadınları sosial işlərə dəvət etdilər. Bunların arasından siyasətə qatılanlar da oldu. Rəmzləri mavi corab geymək idi. Avropada sekulyarizmin doğuşu qadınların azadlıqları yolunda mübarizə aparmalarına böyük imkan yaratdı. 1789-cu ildə Parisdə Böyük Burjua İnqilabı gerçəkləşdi. Feodalizm devrildi. Bu inqilabın cahanşümul ideyalarından təsirlənən qadınlar da oldu. Bir fabrikator qızı olan Mari Wollstonecraft “Qadın haqlarının doğrulması” adında Fransada bir elan yaydı. Elan vərəqlərində “Qadınların öz haqları yolunda bir inqilab etmələrinin zamanı gəlmişdir” deyə bütün qadınları haqları yolunda təşkilatlanmağa çağırırdı.[5] Orta Çağın dinçi rəftarına görə qadının kilsəyə girməsi, incilə toxunması yasaqdı. Bir çox azadlıqsevər qadınları cadıdır deyə kilsənin əmri üzərinə atəşlərdə yandırdılar. İndiki İslam ölkələrində qadını daş-qalaq etmənin bir variantı kimi Orta Çağ Avropasında da qadın düşmənliyi vardı. Heç bir din qadın haqları üzərinə açıq bir bəyanda bulunmamışdır. Qadın haqları tamamıyla modern və rasional bir bir məsələdir.

19-cu əsr feministləri çox böyük başarı əldə edib ilk dəfə olaraq müxtəlif təhsil qurumlarına girə bildilər. Bu əsrdə Edenburq universitetinin tibb fakultəsinə qızların alınması böyük etirazlara səbəb oldu və ölkə etiraz nimayişləri ilə çalxalandı. 1888-ci ildə Beynəlxalq Qadınlar Şurası Vaşinqtonda böyük bir toplantı düzənlədi. Şuranın bəyannaməsində deyirdi ki, qadınların əsarətdən qurtuluşu kişilərin də adam kimi yaşamalarına yardım edəcəkdir.

Tarixdə qadınların haqqını savunan ilk feminist müsəlman filosof XII yüzildə İbni—Rüşd olmuşdur. İbni—Rüşd qadının fitrətini fəlsəfi bucaqdan incələmişdir.

Fiziki güc göz önündə bulundurulduğunda zahirən kişinin qadından üstün olduğu görünür, lakin bir çox sahələrdə, özəlliklə sənət və musiqi sahələrində kişilər kəsinliklə qadınların fitri istedadları səviyyəsinə çata bilməzlər. İbni—Rüşd belə yazır: Qadının istedad qanadlarını bağlayan bağlar qırıldığında İslam ölkələri gəlişməyə başlayacaqdır. Qadın azadlığı müsəlman ölkələrinin inkişafına imkan yaradacaq. Qadın ət yığınından ibarət ləzzət mənbəyi deyildir. Bizim dar görüşlülüyümüz qadınların zəngin dünyalarını anlamamıza əngəl olmaqdadır. Sanki qadın, yalnızca uşaq doğmaq və böyütmək üçün dünyaya gəlmişdir. Qadınları qul səviyyəsinə endirməmiz bizi xeyli gözəlliklərdən və incəliklərdən məhrum buraxmışdır. Bu durum eyni zamanda qadınların əqli imkanlarının təxrib edilməsinə yol açmışdır. Bu üzdən də tarixdə yüksək ərdəmli, fəzilətli, zəkalı qadınlarla qarşılaşmamaqdayıq. Çünkü belə qadınlar ortaya çıxdığında dərhal nəfəsini kəsərək dörd divar arasına məhkum etmişik. Qadınların həyatı bitkilərin, otların həyatı kimi sona çatır. Ancaq qadın bitki deyil, insandır. Ağlı, zəkası və yaradıcılıq istedadı olan insandır. Qadınların insan kimi yaşamamaları onları kişilərin yükü və qulu halına gətirmişdir. Bu da toplumun ümidsizliyinə və “ərdəmli ölkə”nin yox olmasına səbəb olmaqdadır. Çünkü toplumun yarısından çoxu qadınlardan ibarətdir. Ancaq onlar öz zəruri və ilkin ehtiyaclarını təmin ətməkdən məhrumdurlar. Qadınlar heyvanlar kimi kişilər tərəfindən bəslənirlər. Bununla da qadınlar nə fikir, nə də maddi sahələrdə heç bir şey istehsal etmədən, yalnız istehlak edən bioloji məxluqlar və heyvanlar sürüsü halına gətirilmişlər. Bütün İslam ölkələrində bir tək oxumuş və düşünə bilən qadınla qarşılaşmamaqdayıq. Qadınlar bu əsarətdən qurtulmalıdırlar.

Güntay Gəncalp Bayındırlı

[1] Will Durant, Mədəniyyətlərin tarixi, s. 792.

[2] Will Durant, Mədəniyyətlərin tarixi, s. 1045.

[3] Bertrand Russel, Qərb fəlsəfəsinin tarixi, türkcəyə çevirən, Müəmmər Səncər, s. 225.

[4] Will Durant, Mədəniyyətlərin tarixi, s. 326.

[5] Will Durant, Mədəniyyətlərin tarixi, s. 5751.

[6] Həna Elfaxuri—Xəlil Əlcər, İslam dünyasında fəlsəfə tarixi, ərəbcədən farscaya çevirən: Abdulhəmid Ayəti, s. 704.

Share: