Fazil Mustafaya qarşı terror hücumu ilə bağlı saxlanılan şəxslər DTX-də dindirilirlər

Deputat Fazil Mustafaya qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxslərin ünvanlarında axtarışlar aparılıb. 

Oxu.Az-ın məlumatına görə, saxlanan dörd nəfər ötən gecədən etibarən Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dindirilir.

Qeyd edək ki, martın 28-də saat 21:51-də Fazil Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” avtomatından atəş açılaraq terror aktı törədilib

Terror aktı nəticəsində deputat bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Ötən gün Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən dörd nəfər saxlanılıb.

İlhamə Əbülfət

Share: