“Fərqli görünsə də hekayələri , Bütün ayrılıqlar eyni dad verir..”-Müşviqə Baladdinqızı…

Müstəqil.Az gənc yazar Müşviqə Baladdinqızının şeirlərini təqdim edir:
Həsrətin vərəmi
Mən daha yerinə bir rəsm cızdım,
Saçları boyasız bəm-bəyaz ana.
O gün ki, sən mənə yeni yol yazdın,
Az qaldı balaca qəlbim dayana.
 
Daha xatırlaya bilmirəm səni,
Üzünün rəngini ,təbəssümünü.
Körpələr evinin astanasında,
Ele o qapıda unutdum səni.
 
Son dəfə gözümə baxdı gözlərin,
Bilmirəm qaraydı, yoxsa qəhvəyi.
Səndən daha heç nə xatırlamıram ,
Soyuq ürəyindən başqa heç nəyi.
 
Suallar, sorğular didir qəlbimi,
Sən nəyi qazandın ,nəyi itirdin.
Əgər sənin üçün dəyərsizdimsə,
Məni bu dünyaya niyə gətirdin?
 
Mənim xəyalımdan anam çağırır ,
Mənə lay-lay deyir ,”can” deyir qadın.
Sənin həyatında çoxmu yer tutdum,
Ay ,mənə can verən, can alan qadın ?
 
Körpələr evi də isinmir heç vaxt,
Sənin o sonuncu əllərin kimi.
Cızır hər saniyə vərəm çöpləri,
Dağıdır günbəgün ciyərlərimi.
 
Həkimlər ümidə bükürlər məni,
Gözəl göstərirlər mənə sabahı .
Basdırdım qəlbimə ümidlərimi,
Həsrətin vərəmi sağalmır axı…
 
Külə çevirdim ..
Ayrılıq qapımın astanasında
Mən ona baxıram, o mənə baxır.
Dikilib gözlərim xatirələrə,
Göz yaşı yerinə gözümdən axır.
Axır illər boyu yaşadıqlarım ,
Əksini gözümdən süzüb aparsın.
Yaza bilmədiyim hekayələri ,
Tale dəftərimdən dartıb qoparsın .
Ən böyük acımın acısı olub,
Ağlasın sürünən bu güzarıma.
Yad etsin sinəmdə gömdüklərimi,
Bir çiçək gətirsin qəlb məzarıma.
Son dəfə üzünə baxsın- vicdanın,
Baxsın oda düşmüş oduna sevgim.
Bir dünya sandığım xatirələri
Odumda yandırıb külə çevirdim …
 
Heç böyümək istəmədim
 
Heç böyümək istəmədim,
Bax,eləcə uşaq qalıb, xəyallara qarışardım.
Nə ananı itirərdim,
Nə də məni əzizləyən
atadan ayrı düşərdim..
 
Heç böyümək istəmədim,
Bax,beləcə uşaq qalıb
oyunlara qarışardım,
Torpaqdan evcik düzəldib
o balaca evciyimə
barmaq boyda sığışardım.
 
Qovuşardım öz dünyama
o balaca evciyimdə
Dünyadan ayrı düşərdim.
 
Heç böyümək istəmədim
Böyüdükcə xəyallarım yerə düşür,
Torpaq evim yavaş- yavaş kiçikləşir.
 
sonra…
dünyam zərrə boyda gözlərimdə kiçik düşür.
 
Ömrün qışı kəsir məni,
Qar ələnir həm atanin,
həm ananın tellərinə.
Qar ələnir, hər ikisinin illlərinə
Bu səbəbdən kiçik dünyam mənə daha əziz gəlir.
Usaqlığım daha doğma ,
mənə, daha təmiz gəlir.
Heç böyümək istəmədim
Bax,beləcə uşaq qalıb ,
Uşaqlara qarışardım
dizlərimi yaralayıb
bəhanəylə küsüb, qaşıb,
 
Mən anamın qucağında sığışardım …
 
Bütün ayrılıqlar ..
Hər addım aldadır məni bu gecə,
Bu boş küçələrin döngəsi kimi.
Gözlərim yollara uzanıb gedir,
İşıq dirəyinin kölgəsi kimi.
 
Əllərin üstümdən çəkib əbədi,
Bütün arzularım gözümdən düşür.
Baş alıb harasa gedir ürəyim,
Yolu xəyalının izindən düşür.
 
O dərya gözündə hər yan dənizdir,
Coşqun dalğasında itib gedirəm.
Bəlkə mən üzməyi öyrənməmişəm,
Dəniz gözlərində batıb gedirəm
 
Bütün ağrılara təklənən ürək,
Hər sevgi nağlına yeni ad verir .
Fərqli görünsə də hekayələri ,
Bütün ayrılıqlar eyni dad verir..
Müstəqil.Az
Share: