Hazırda Azərbaycan gündəmini məşğul edən əsas məsələ tanınmış müğənni Fədayə Laçının kriminal avtoritet Qocanın (Etibar Məmmədov) həbsdən qaçmasına kömək etməsi ilə bağlı yayılan xəbərlərdir. Dünyanın bir çox ölkəsində həbsdən qaçış olayları gerçəkləşib və bu olayların əsasında çox maraqlı filmlər, seriallar çəkilib. Onlardan biri də “Şouşenkdən qaçış” filmidir ki, hazırda dünyada ən çox baxılan və sevilən filmlərdən hesab olunur.
Müstəqil.Az xəbər verir ki, bir tanınmış müğənninin kriminal avtoritetə sevgisi və bu sevginin sonucda (sonuc oldumu?) onu həbsə aparması olayı “film kimi” qəbul edilir. Maraqlıdır, “film kimi” izlənən bu real olaylar filmə daşına bilərmi? Ssenarist və rejissorlar nə düşünür?
“Qara bağ” filminin müəllifi, ssenarist-rejissor Amil Məmiyev bildirib ki, bu hadisə haqda maraqlı kommersiya filmi çəkmək olar:
“Bizdəki hadisə bəlkə də daha dramaturji peripetiyalara gətirib çıxara bilər. Çünki burada baş rolda qadındır. Bir ssenarist kimi bu hadisəni daha çox serial ssenarisinə uyğunlaşdıra bilərəm. Çünki bu kateqoriyaya daha çox uyğundur. Bəlkə də hadisəyə başqa yöndən baxsaq, tamam başqa bir məna çıxarıb fərqli ssenari ortaya qoymaq olar.
Mən bunu ssenariləşdirsəm, Fədayə Laçının daşıdığı təxəllüs yönündən yanaşaram. Avtoriteti daşıdığı təxəllüs olan Laçın rayonuna qaçırmağa cəhd edərkən yaxalanmağı mənim üçün yaxşı bir sənədli film mövzusu ola bilər. Eyni zamanda bu prizmadan kommersiya filmi də çəkmək olar”.
“Əzizim Fellini”, “Dərs” kimi filmlərin müəllifi, rejissor Cavid Təvəkkül olaya başqa prizmadan yanaşıb:
“Təbii ki, mətbuatı izləyən biri kimi müğənni Fədayə Laçının başına gələnlərdən xəbərim var, oxumuşam və düşünürəm ki, bu hadisədə kino, yaxud serial materialı var. Türkiyəli rejissor Zəki Dəmirkubuz demişkən, “Kader”… Fikrimcə, sevən adamın başına belə bir hadisənin gəlməsi təbiidir. Məgər insanın sevdiyi üçün nələr etməsi ilə bağlı az romanlar oxumuşuq, az filmlərə baxmışıq?! İstər müğənni, istərsə də cinayətkar olsun, fərq etməz, onlar insandırlar. Cəmiyyətdə tutduqları mövqelərindən asılı olmayaraq, hamı kimi sevməyi, nifrət etməyi bacarırlar, onların da ülvi hissləri var. Sadəcə, emosional halları bəzilərindən fərqlidir. Mən bu ifadələrimlə heç kimə bəraət qazandırmaq, yaxud kimisə suçlamaq fikrində deyiləm. Sadəcə, sevgidən dolayı atılmış bu addım mənim üçün təsirlidir. Onu yaxşı başa düşürəm, yaradıcı insanlar ruhən bir az da xuliqan olurlar. Seriallara, filmlərə gəldikdə isə fikrimcə, burada hər hansı bir fikir yürütməyim etik normalara zidd olar.
Barmaqdan sovrulan hekayələr heç kimə lazım deyil, heç kim artıq o hekayələrə inanmır. Çox sevdiyim rejissorlardan biri olan Pedro Almodovarın bütün filmlərinin süjet xətti qəzet xəbərlərindən, köşə yazılarından götürülüb.
O ki qaldı Fədayə xanımın bu hərəkətinə, cəzası varsa, qanun qarşısında cavab verməli və bir vətəndaş kimi cəzasını almalıdır”.
Tanınmış rejissor Kənan Mehdiyev (Kənan MM) isə məsələdən tamamilə xəbərsiz olduğunu, Fədayə Laçının başına gələnləri bilmədiyini deyib.
Büllurə Yunus