Elnur Uğur Abdiyevin “Təkcə sən bilirsən” kitabı barədə Müzəffər Məzahimin düşüncələri…

Elnur Uğur Abdiyevin “Təkcə sən bilirsən” kitabı barədə təqdimat öncəsi düşüncələrim.

Elnur Uğur Abdiyevin imzası ədəbi aləmə yaxşı tanışdır. Onun yenicə çapdan çıxmış “Təkcə sən bilirsən” adlı şerlər kitabını vərəqlədikcə bu istedadlı gənc şairin nə qədər zəngin könül dünyasının olduğunu müşahidə edirsən. Bu kitabdakı şerlərin mövzu, vəzn və forma rəngarəngliyi, bu şerlərdəki yeni bədii söz, orjinal deyim tərzləri oxucunu bir daha inandırır ki, ədəbiyyata öz dəsti-xətti ilə istedadlı bir şair gəlmişdir.
Təsadüfi deyildir ki, xalq şairi Fikrət Qoca kitabın əvvəlində Elnura uğurlar diləmiş və Şair-publisist Güləmail Muradlı kitaba çox səmimi ön söz yazmışdır. Bu, Elnur Uğurun istedadının bəhrəsidir. O, nədən yazırsa yazsın əsl poeziya nümunəsi, tutarlı söz çələhgi toxuyur. Onun şerlərinin özəlliyi ondadır ki, deyim tərzi, söz manerası tamamilə özünəməxsusdur.

Göyədək ucaldır düşüncələri,
Torpağın döşündən əmən şeirim.
Kürdə yaxalanır durulanmağa,
Arazın suyunda çimən şeirim.

Öz ilhamını bu torpaqdan, Arazdan, Kürdən, Xəzərdən- ümumiyyətlə Vətəndən alan şairin şerləri də qəlbi kimi kövrək və səmimidir. O, Vətəni öz şerlərinin baş mövzusu seçmişdir desəm yanılmaram:

Adını siz qoyun, eşq tarlasında,
Cücərdib əkdiyim nə dəndir, nə dən?
İçimdə göyərən ulu sevdanın,
Sünbülü, zəmisi Vətəndir, Vətən.

Elnur Uğur üçün mövzu kasadlığı, vəzn və forma qıtlığı yoxdur. O. Klassik və müasir Azərbaycan və dünya ədəbiyyatına məxsus bütün forma və vəznlərdən məharətlə istifadə edir, onları öz orjinal poetik düşüncələrinin qəlibinə asanlıqla sala bilir. Qoşma, gəraylı, təcnis, heca, sərbəst və digər vəznlərdə ustalıqla uğur qazanır.
Bu kitabı vərəqlədikcə, Elnur Uğurun könül dünyasına səyahət etdikcə bir daha inanır və əmin oluram ki, ağsaqqal şairimiz Fikrət Qocanın təbirincə desəm: Elnur Uğur Abdiyev “Sona kimi gedəcək, son nəfəsinə kimi şair olacaq”. Bu çətin və şərəfli yolda sənə bol-bol uğurlar diləyirəm, Elnurum, kitabın-uğurun mübarəkdir.
PS: Sabahki tədbirini bəri başdan təbrik edir, bol şanslar arzulayıram. Uğur səninlədir.

Hörmətlə: Müzəffər Məzahim

Share: