Əhalinin 60.0%-i türk dünyası ölkələri ilə əməkdaşlığa üstünlük verir

“Dünyada ötən illərdə pandemiya, iqtisadi böhran və davam edən hərbi münaqişələr beynəlxalq sistemin dayanıqlılığı ilə müzakirələri gündəmə gətirməklə yanaşı, geosiyasi qeyri-müəyyənlik yeni əməkdaşlıq platformaları istiqamətində axtarışlara da zəmin yaradıb”.

xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin məlumatında bildirilib.

Qeyd edilib ki, Mərkəz buradan irəli gələrək, regionun yüksələn gücü olaraq Azərbaycanın yeni dövrdə milli və regional maraqlar baxımından hansı qrup ölkələrlə əməkdaşlığının daha üstün hesab edildiyi barədə ictimai rəyi öyrənib.

Rəy sorğusunun nəticələrinə əsasən, ölkə ictimaiyyətinin 60.0%-i türk dünyası ölkələri ilə, 13.7%-i İslam ölkələri ilə, 9.9%-i məhz qonşu ölkələrlə əməkdaşlığına daha çox üstünlük verdiyini bildirib. Sorğuda iştirak edənlərin 6.6%-i keçmiş sovet ölkələri, 3.3%-i Qərb ölkələri ilə əməkdaşlığını üstün hesab etdiyini ifadə edib. Respondentlərin 2.8%-i digər cavab variantlarını səsləndirib, 3.7%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Sorğular 2024-cü ilin 15-19 fevral tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Share: