Dünyanın dərdini çəkən şair… – Sabir RÜSTƏMXANLI yazdı

Hər kəsin həyatı, ömrü fərqli olduğu kimi, ölümü də, ölümünün gətirdiyi acı da fərqlidir… “Ölümün sayəsində” xeyli yaxın dostların, qohumların ünsiyyətindən, gülüşündən, varlığından məhrum oluruq öz ömrümüzdə. Həyat davam edir…

Deməli, ölüm də həmçinin…Vəziyyətlə barışmaqdan özgə yol yoxdu. Bəlkə də ölüm həyatdan daha vəfalıdır, birini sevdimi, ölümünə sevər və bir daha ayrılmaz ondan. Fərqanə Mehdini ölüm axırda tanıyıb sevdi, bundan əvvəl isə onu çoxları – yüzlərlə, minlərlə insan tanımış və sevmişdi. Amma ölüm də insaflı çıxdı, sadəcə onun cisminə sahibləndi, sözünü, xatirələrini, zəngin mənəvi mirasını bizə buraxacaq qədər insaflı…

Fərqanə Mehdi minillik Azərbaycan qadın poeziyasının günümüzdəki öncüllərindən biri, parlaq siması idi. Onun şeirlərində xalq ruhu, hər misrada  hiss olunur. Geniş mövzu dairəsinə malik olan şairin məhəbbət şeirləri də, vətənpərvərlik, qəhrəmanlıq motivli poetik nümunələri də, ictimai-fəlsəfi baxışları özündə əks etdirən qələm məhsulları da oxunaqlıdır, inandırıcıdır, qəlbləri isidəndir.

Fərqanə Mehdinin əksər şeirlərinin lirik qəhrəmanı – o, özü, onun fikir və yaşantıları, qorxu və həyəcanları, həyatı gözəl və sevgi dolu hisslərlə yaşamaq istəyidir. Eyni zamanda, onun poeziyasında vətəndaş lirikasının nümunələri, yüksək vətənpərvərlik hissini tərənnüm edən şeirlər, doğma vətənə və torpağa məhəbbət nümunələri yetərincədir. Öz nəslinin istedadlı şairi kimi  onun şeirləri zəngin poeziya ənənələrimizin, bayatı, rübai yığcamlığı və ifadə tərzinin yeni əsrin ruhuna uyğun yaşaması, boy atmasıdır; sevgi və tənhalığın, olumla ölüm arası bütün insan yaşantılarının bugünün poetik intonasiyası ilə yeni biçimdə səslənməsi və yazılışıdır. O, heç bir şerində kənardan tamaşaçı deyil, hər şeyi ürəyindən, ruhundan, ağlından, hisslərindən keçirib yazıb. Fərqanə bütün yaradıcılığı boyu sözün həqiqi mənasında dünyanın dərdini çəkən şair obrazını qoruyub saxlayıb.

Qoyur ümidləri, qoyur, ac qoyur,
Bir dəli sevdanı yalavac qoyur,
Elə bil başına dünya tac qoyur,
Şairlər dünyanın dərdini çəkir.

Təpədən dırnağa sevgi səsidir,
Vətən dəlisidi, el dəlisidi,
Elə bil Allahın köməkçisidi,
Şairlər dünyanın dərdini çəkir.

Bir sözlə, Fərqanə Mehdi çağdaş Azərbaycan poeziyasına özünəməxsus poetik ruh, çalar bəxş edən, Məhsəti, Natəvan, Heyran xanım, Ağabəyim ağa şeirindəki böyük qadın ürəyinin yaşantılarını, yalnız qadın şairlərə məxsus həssaslıqla sözə xəfif yanaşmanı yeni tərzdə şeirə gətirən şairdir. Fərqanə xanımın yaradıcılığı özünəməxsus lirik-fəlsəfi üsluba malikdir. Bu üslub milli poeziyada həm ənənəvi məktəbin, həm də eksperimental-modern məktəbin ən yaxşı keyfiyyətlərini özündə birləşdirir. Bu cəhətdən də F.Mehdi şeiri bir tərəfdən Molla Pənah Vaqif, Səməd Vurğun şeiriyyətindəki səmimiyyəti, dil sadəliyini, fikir aydınlığını özündə ehtiva edirsə, digər tərəfdən Rəsul Rza, Əli Kərim poeziyasının özünüdərkə səsləyən modernist ruhunu təcəssüm etdirir. Və bu orijinal üslubun səmimiliyi, fəlsəfiliyi, ahəngdarlığı şairin bütün yaradıcılıq nümunələrinə hopub, onun yaratdığı yeni ruhlu poeziyanın başlıca uğurunu təmin edir. Fərqanə Mehdinin sənətkar “mən”i onun poeziyasında son dərəcə fəal, dürüst ifadə olunur. Bu poeziyada şair “mən”i ilə lirik qəhrəmanın ideya-estetik mövqeyi arasında məsafə yoxdur, onların əlaqəsi bütövdür, qırılmazdır. Şairin lirik qəhrəmanının düşüncələr aləminə daxil olduqda bu poeziyanın rəngarəng mövzular “karvanı”na bir aparıcı mövzunun – humanizmin “sarbanlıq” etdiyini görürük. Onun insanın psixoloji aləmi, fəlsəfi təfəkkürü, sevgisi, sevinci, kədəri, həyat, ölüm, dostluq, sədaqət, milli mənlik, dini etiqad və s. haqqında duyğuları əks etdirən lirikasında bütün mövzular humanizmdən qaynaqlanır, mənbəyini həssaslıq, paklıq, mənəvi saflıq, xeyirsevərlik kimi ülvi hisslərdən götürür. Şairə Fərqanə Mehdinin “Təndir” şeiri, mən deyərdim ki, ruhumuzu oyadan, bizi mənəvi köklərimizə bağlayan bir sənət əsəridir. Ana haqqında, halallıq haqqında, xeyir-bərəkət haqqında yazılan bir elegiyadı…

Əyninə özgə don geyməyən anam

Təndir tüstüsündən yüz don geyinib.

Başını bir kəsə əyməyən anam,

Təndirə çatanda min yol əyilib.

Fərqanə xanım həm də əqidədaş olaraq mənə yaxın idi. Onunla uzun illər Vətəndaş Həmrəyliyi partiyasında birgə yol keçmək mənim üçün də, bütün partiyadaşları üçün də unudulmaz xatirədir.  Yenədə “Ölüm sevinməsin qoy” təsəllisi ilə baş başayıq.  Aramızda daha yoxdur deməyək, ürəklərdə, xatirələrdə yaşayır, deyək.

Share: