“Dünyanın bir çox ölkələrindən, nüfuzlu insanlardan təbriklər almaqdayıq” – Əkbər Qoşalı

“Dünya Gənc Türk Yazarları Birliyi 20 illik yubileyi münasibətilə bir çox ölkələrdən, dünyanın müxtəlif yerlərində çalışan və yaşayan alimlərdən, mədəniyyət, elm və qələm adamlarından çoxsaylı təbriklər alır və bu təbriklər bu gün də gəlməkdə davam edir. Həmin ölkələr arasında təbii ki, qardaş Türkiyə Cümhuriyyəti başda olmaqla, Makedoniya, Kosova, Yunanıstan, (Qərbi Trakiya türkləri), İraq (türkmən qardaşlarımız) və bir çox yaxın dövlətlər var. Orada yaşayan elm və qələm adamları, xüsusən də tələbələr DGTYB-ni səmimi qəlbdən təbrik etməkdədirlər.
Həmçinin, Orta Asiyadakı türk dövlətlərindən, Rusiya Federasiyasında yerləşən türk toplumlarından, oradakı nüfuzlu işanlardan, xalq şairlərindən professorlardan , yazıçılardan təbrik məktubları almışıq. İstərdim ki, bu sevinci sizinlə də  bölüşüm. Türk Akademiyası, TÜRKSOY bizi təbrik edib. Ortaq türk qurumları olaraq bu təbriklər bizim üçün çox xoş və əzizdir”.
Müstəqil.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Dünya Gənc Türk Yazarlar Birliyinin fəxri başqanı, şair- publisist Əkbər Qoşalı deyib.
 
Qeyd edək ki, ötən ay türk dünyasındakı yazarları bir araya gətirən  DGTYB-nin 20 yaşı tamam oldu. 20 il ərzində türk dövlətləri və toplumları arasında körpü rolunu oynayan ədəbi birlik bir çox layihələrə imza atıb, saysız kitabların çapında vəsilə olub. Hazırda birliyin qardaş Türkiyə başda olmaqla, Mərkəzi Asiyadakı türk dövlətlərindən, eləcə də Rusiya Federasiyasındakı türk toplumlarından xeyli sayda üzvü var.

Əkbər Qoşalı yubiley münasibətilə  təbriklərin ard-arasının kəsilmədiyini bildirir:

“Qarşı günlərdə qardaş Türkiyə və Qazaxıstanda, eləcə də, Azərbaycanda birliyin 20 illiyi münasibətilə tədbirlər planlaşdırırıq. Qarşı günlər deyərkən, burada bir məqama diqqət etmək istərdim: bizim qurumun 20 yaşı sentyabrda tamam oldu. Amma rəsmi dövlət qeydiyyatından keçməsinin 20 yaşı isə gələn ilin iyununda olacaq.
Ona görə də biz keçirəcəyimiz tədbirlər planının bu ilin sentyabrı ilə gələn ilin iyunu aralığına saldıq. İstəyirik ki bu dönəmi dəyərləndirək. Artıq video materiallar hazırlanmaqdadı.
Aldığımız bir çox təbriklər birliyin sosial media səhifəsində paylaşılır. İzləyicilər də bu təbriklərlə tanış olurlar”.
Xatırladaq ki, 1999-cu ildə Çuvaşıstanda IX Türk Dünyası Gənclik Günləri və Qurultayı keçirildi. DGTYB-nin artıq Azərbaycan dövləti tərəfindən hüquqi şəxs statusu verilərək (qeyd edək ki, DGTYB-nin dövlət qeydiyyatına alınması üçün müraciət məktubunu gənc yazarlardan Ə.Qoşalı, R.Sabir, İ.İlkin, A.Həsənoğlu, D. Osmanlı, Səhər, Xanəmir, G.Yoloğlu və başqaları imzalamışlar) uluslararası birlik kimi tanınması, gənc türk yazarlarının şeir, hekayə və publisistik yazılarının toplandıığı “Türkün səsi” antolojisinin ilk sayının təqdimi, habelə, çoxsaylı tədbirlərimizi əks etdirən KİV materialları və fotolardan ibarət sərginin təşkili, …hesabat məruzəsi bir il öncə Qazaxıstanda verilmiş qərarın nə qədər doğru olduğunu bariz şəkildə göstərdi: Qurultay X Türk Dünyası Gənclik Günləri və Qurultayının Azərbaycanda keçirilməsinə qərar verib, DGTYB rəhbər heyətinin tərkibində bu şəkildə dəyişiklik etdi: Ə.Qoşalı (Azərbaycan), Albina Yuratu (Çuvaşıstan) – başqanın I müavin, Nurqali Jusufbay (Qazaxıstan) – müavin, Həyat Aras (Türkiyə) – müavin, Güllü Yoloğlu (Azərbaycan) – baş katib.
2000-ci ildə Bakı yenidən türk gəncliyini qoynuna aldı (Bundan öncə isə mayısda Rumıniyanın Köstəncə şəhərində növbəti Başqanlar Toplantısı olmuşdu). DTGB-nin X, yazarların III Qurultayı keçirildi. Hesabatlar, təqdimatlar, mükalimələr, mübahisələr, alqışlar, tənqidlər … və davam: bu dəfə də yeni qüvvələrin rəhbərliyə gətirilməsi ilə – Ə.Qoşalı (Azərbaycan), Şəmsəddin Kuzəçi (Türkməneli) – başqanın I müavin, N.Yusufbəy (Qazaxıstan) – müavin, Cem Arslan (Türkiyə) – müavin, Aygün Həsənoğlu (Azərbaycan) – baş katib.
2004-cü ildə Rumıniyada keçirilən Qurultayda – Ə.Qoşalı (Azərbaycan) – başqan, Şəmsəddin Kuzəçi (Türkməneli) – başqanın I müavin, Ufuk Tuzman (Türkiyə) – müavin, Valeri Lukovitsev (Saxa) – müavin, Aygün Həsənoğlu (Azərbaycan) – baş katib seçilmişlər. İstanbulda keçirilən sonuncu Qurultayda təşkilati məsələyə baxan Qurultay yalnız Baş katib görəvinin daşıyıcısını dəyişərək Nərgiz Cabbarlını (Azərbaycan) – bu görəvə təsdiq etmişdir.
DGTYB üzvlərinin əksəriyyətinin artıq çoxdan etiraf olunmuş yaradıcılıq yolu, yaradıcılıq yönü var. Anar, S.Rüstəmxanlı, N.Həsənzadə, B. Nəbiyev, Q.Paşayev, M.İsmayıl, M.Aslan, Z.Yaqub, N.Cəfərov, V.Bayatlı, Y. Seyidov, A.Abdulla, V.İbrahimoğlu, Ç.Əlioğlu, S.Nəzərli, A.Əmrahoğlu, A.Tahirli, N. Ələkbərli, T.Əlişanoğlu, İ.Kayacan, N.Alimbekov, M.Ecevit, Y.Dəliöməroğlu, Safruh, S.Atalı, O.Ənvəroğlu və başqa hörmətli ədiblər, fikir adamları DGTYB mənsubları haqqında, ümumən DGTYB-nin fəaliyyəti barədə yüksək fikirlər səsləndirmişlər. Bizimkilərin yazıları, müsahibələri Türkiyədə, İraqda, Özbəkistanda, Tatarıstanda, Kıprısda, İsveçdə və b. ölkələrdə çap edilmiş, müxtəlif elektron dərgilərdə yayımlanmışdır. DGTYB fəallarının bir çoxu ayrı-ayrı vaxtlarda dövlət və qeyri-hökumət qurumlarının təsis etdiyi ədəbi mükafatlarla təltif edilmiş, nüfuzlu ədəbi müsabiqələrin qalibi olmuşlar.
Müstəqil.Az
Share: