
Moskva metropoliteninin Böyük dairəvi xəttinin bu ilin martın 1-i tam olaraq istifadəyə verilməsi münasibətilə mediatur təşkil edilib.
Martın 29-dan aprelin 1-nə qədər keçirilən tədbirdə müxtəlif ölkələri təmsil edən jurnalistlər, o cümlədən “Qafqazinfo”nun müxbiri iştirak edib.
Media nümayəndələri tur zamanı Böyük dairəvi xətti əhatə edən stansiyalar və orada yaradılan şərait, stansiyaların texniki xüsusiyyətləri, eləcə də yeni xəttin Moskva şəhəri və onun sakinləri, infrastruktur üçün əhəmiyyəti barədə ətraflı məlumatlandırılıblar.
İlk olaraq qeyd etmək lazımdır ki, özündə 31 stansiya və 3 elektrik deposunu birləşdirən Böyük dairəvi xətt 70 kilometr uzunluğa malikdir. O, bununla da dünyanın ən uzun dairəvi xəttinə çevrilib. İnşası sürətlə həyata keçirilən dairəvi xəttin ilk sahəsi 2018-ci ildə istifadəyə verilib və bu illər ərzində inşası tamamlanan xəttlər mütəmadi olaraq sərnişinlərin ixtiyarına verilib.
Böyük dairəvi xəttin müasir tərzdə inşa edilən stansiyaları metro sərnişinlərini yüksək rahatlıqla təmin edir. Belə ki, sərnişin axınını effektiv idarə etmək üçün dairəvi xəttin stansiyalarında müasir və sürətli ödəniş imkanları yaradılıb. Burada sərnişinlər gediş kartı ilə yanaşı, həm bank kartları, həm də üz tanınması sistemi ilə ödəniş etmək imkanına sahibdirlər.
Tur zamanı Böyük dairəvi xəttin iş rejimi və xüsusiyyətləri barədə jurnalistlərə məlumat verən Moskva metropoliteninin tur bələdçisi Yeqor Kovalyov qatarlar arasında intervalın azlığına xüsusi diqqət çəkib. Onun sözlərinə görə, gələcəkdə intervalların daha da azaldılması üzərində iş aparılır. Qeyd etmək lazımdır ki, Böyük dairəvi xətt gün ərzində vaxta 45 dəqiqəyə qədər qənaət etməyə imkan verir. Yeqor həmçinin yeni xəttdə son illərin istehsalı olan, yerli və müasir qatarlardan istifadə olunduğunu vurğulayıb. Öz genişliyi və vaqonlar arasında keçid qapılarının olmaması ilə fərqlənən qatarlar həm sərnişinlərə, həm də şəhərin qonağı olan turistlərə rahat hərəkət etmək üçün şərait yaradır. Üstəlik, stansiyalar boyu hərəkət edən qatarların vaqonlarında oturacaqların kənarlarında telefonların şarj edilməsi üçün xüsusi USB başlıqlar yerləşdirilib. Bu isə özlüyündə sərnişinlərin maksimum rahatlığının təmin edilməsi məqsədini daşıyır. Bununla yanaşı, platformalarda çox sayda məlumat lövhələri də quraşdırılıb ki, onlar vasitəsilə stansiya ətrafında mövcud olan nəqliyyat sistemini görmək mümkündür.
Böyük dairəvi xəttin istifadəyə verilməsi ilə Moskva metropoliteninin digər stansiyalarının üzərinə düşən sərnişin yükünün azalması ilə yanaşı, insanların hər gün qət etməli olduqları məsafələr də qısalıb. Bununla yanaşı, yeni stansiyaların əlçatanlığı sayəsində paytaxtda tıxacların azalmasını da müşahidə etmək mümkün olacaq.
“Naqatinskiy Zaton” stansiyasında jurnalistlərin suallarını cavablandıran Moskva metropoliteninin Xarici Əlaqələr Xidmətinin rəisi Mariya Xilçenko Böyük dairəvi xəttin inşasını və tam olaraq istifadəyə verilməsini tək Moskva deyil, həm də Rusiya üçün tarixi hadisə adlandırıb. Xilçenko yeni xəttin ölkə iqtisadiyyatına impuls verdiyini qeyd edib. O, bu xüsusda stansiyaların yerləşdikləri ərazilərdə hazırda yaşayış və kommersiya yönümlü binaların inşa edildiyini diqqətə çatdırıb. Xidmət rəisi sərnişinlərin səfərlərinin nəinki rahat, sürətli və təhlükəsiz, eyni zamanda maraqlı olması üçün əllərindən gələni etməyə çalışdıqlarını vurğulayıb. O, bu xüsusda stansiyaların memarlıq xüsusiyyətlərinə diqqət çəkib. Belə ki, bütün stansiyalarda Moskva şəhərinə xas və onu təcəssüm etdirən detallara və əlamətlərə rast gəlmək mümkündür.
Yeni stansiyaların əksəriyyəti öz müasir, futuristik görünüşü ilə yanaşı, özündə Moskva şəhərinin tarix və mədəniyyətini, eləcə də paytaxtın metro tarixinin keçmişinin izlərini də təcəssüm etdirir.
Xüsusilə vurğulamaq lazımdır ki, Böyük dairəvi xəttin istifadəyə verilməsi sosial cəhətdən də əhəmiyyətə malikdir. Dairəvi xətt insanların nəqliyyata əlçatanlığını artırmaqla yanaşı, yaradılan yeni iş yerləri ilə insanların rifahına da töhfə verir. Belə ki, Böyük dairəvi xətt sayəsində təkcə Moskva metropolitenində 6000-dən çox yeni iş yeri yaradılıb. Stansiyalar ətrafında infrastrukturun yaxşılaşması ilə yeni iş yerlərinin sayının artacağı istisna edilmir.
Həmçinin media-tur zamanı jurnalistlərin Moskvada Böyük dairəvi xəttin bəzi stansiyalarının memarlıq xüsusiyyətlərinə ilham verən mədəniyyət nümunələrinə, eləcə də paytaxtın tarixi stansiyalarına səfərləri təşkil olunub.
