Hər bir xalqın tarixində onun dövlətçilik sütununu möhkəmləndirən, eyni zamanda mənəvi dünyasını zənginləşdirən fədakar şəxsiyyətlər mühüm rol oynayır. Belə şəxsiyyətlər təkcə icra etdikləri yüksək dövlət vəzifələri ilə deyil, həm də xalqına, vətəninə olan sarsılmaz bağlılıqları, milli mədəniyyətə bəxş etdikləri mənəvi xəzinə ilə yaddaşlarda əbədiləşirlər. Azərbaycanın dövlət və ictimai-siyasi xadimi, general-polkovnik Kəmaləddin Fəttah oğlu Heydərov məhz belə vətənpərvər, dövlətçilik ideallarına sadiq və xalqının rifahı naminə gecə-gündüz fədakarlıqla çalışan nurlu simalardan biridir.
Kəmaləddin Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının qədim və bərəkətli Babək rayonunun Çeşməbasar kəndində, Azərbaycanın tanınmış dövlət və ictimai xadimi, dərin zəkaya və xalqın böyük hörmətinə sahib olan Fəttah Heydərovun ocağında dünyaya göz açmışdır. Bu ailə ömrünü dövlətinə və millətinə həsr etmiş, sarsılmaz dövlətçilik ənənələrini hər şeydən uca tutmuş fədakar insan, el ağsaqqalı Fəttah kişinin ocağıdır. Bu müqəddəs ocaq illər boyu xalqımızın milli mənəvi dəyərlərini qoruyub saxlayan, vətənə və dövlətə xidməti hər şeydən uca tutan şərəfli bir nəslin təmsilçisidir. Kəmaləddin müəllimin uşaqlıq və gənclik illəri məhz belə bir zəngin mənəvi mühitdə, el-obaya sevgi ruhunda keçmiş, gələcək fəaliyyətinin təməl daşını təşkil etmişdir. O, 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbini bitirdikdən sonra, Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsinə daxil olmuş və 1984-cü ildə ali təhsilini uğurla başa vurmuşdur. Elmə və özünüinkişafa olan tükənməz marağı sayəsində o, Azərbaycan Universitetində ikinci ali təhsilini də alaraq idarəçilik və hüquqi biliklərini daha da mükəmməlləşdirmişdir.
Onun dövlət xidmətindəki fədakarlığı və əmək fəaliyyəti zəhmətkeşlik və peşəkarlıq prinsipləri üzərində qurulmuşdur. Hələ 1978-ci ildə “Xəzərdənizneftqaz” kəşfiyyatı idarəsində texnik və geoloq kimi fəaliyyətə başlayan gənc mütəxəssis, sonradan Azərbaycanın müstəqillik illərində dövlət quruculuğu prosesində ən ön cəbhələrdə yer almışdır. 1995-ci ilin yanvarında ölkə rəhbərliyinin böyük etimadı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edilən Kəmaləddin Heydərov, qısa müddətdə bu sahədə beynəlxalq standartlara uyğun islahatlar həyata keçirmiş, ölkənin iqtisadi təhlükəsizliyinin qorunmasında misilsiz xidmətlər göstərmişdir. 2006-cı ilin fevral ayından isə o, Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri kimi məsuliyyətli bir vəzifəni ləyaqətlə icra etməkdədir. Ölkəmizdə baş verən hər bir təbii fəlakət və ya texnogen qəza zamanı xalqın təhlükəsizliyini təmin edən, insan həyatını hər şeydən uca tutan nazirliyin qurulması və mükəmməl fəaliyyəti məhz onun rəhbərliyi, təşkilatçılıq qabiliyyəti və yorulmaz zəhməti sayəsində mümkün olmuşdur. General-polkovnik rütbəsinə qədər ucalan bu böyük dövlət adamı həm də idman sahəsində ölkəmizi dünyada layiqincə təmsil edir. O, Azərbaycan Taekvondo Federasiyasının prezidenti və Dünya Taekvondo Federasiyasının vitse-prezidenti kimi milli idmanımızın inkişafına böyük töhfələr verir.
Kəmaləddin Heydərov böyük idarəçilik istedadı, sərt nizam-intizam və xidməti vəzifənin tələbləri ilə yanaşı, həm də öz ruhunun nəğmələrində Kamal imzası ilə yaradan sənətkarlardandır. Onun daxili aləmində yaşayan zərif, incə və poetik ruh Azərbaycan mədəniyyətini zənginləşdirən bənzərsiz bəstələrin doğulmasına səbəb olmuşdur. Kamalın musiqiləri Azərbaycan musiqi sənətinin qızıl fonduna daxil olmuş, xalqın dillər əzbəri olan əsərlərə çevrilmişdir. 2009-cu ildə işıq üzü görən “Sənə güvəndiyim dağlar” adlı dörd diskdən ibarət musiqi albomu Azərbaycan mədəniyyətində böyük hadisəyə çevrilmişdir. Bu albomdakı mahnıların sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və görkəmli şair Baba Vəziroğluna məxsusdur. Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Aygün Kazımova, İlqar Muradov, Röya, Zülfiyyə Xanbabayeva və rəhmətlik Aygün Bəylər kimi nəhəng sənətkarların ifasında səslənən bu bəstələr, dinləyicinin ruhuna toxunur və insanda vətənə, torpağa, insana qarşı dərin məhəbbət hissləri oyadır.
Onun dövlətə xidmət fəaliyyəti, vətənpərvərliyi və xalqına bağlılığı hər birimiz üçün qürur mənbəyidir. Bu dahi və cəsur şəxsiyyətin tarixə verdiyi böyük töhfələr, qəlbində gəzdirdiyi milli ruh və vətən sevgisi sətirlərdə belə canlanır,
Vətən göylərində uca bir zirvə,
Tarixlə səsləşən ulu bir hünər.
Sən tək igidlərlə ucalır dövlət,
Adınla fəxr edir bu ana vətən.
O, hər zaman millətinin keşiyində duran bir məmur, xalqının dar günündə onun köməyinə yetən fədakar bir rəhbərdir. Onun dövlətinə və xalqına olan sonsuz sevgisi hər zaman göz önündədir.
Kəmaləddin Heydərov öz fəaliyyəti ilə sübut etmişdir ki, vətənə xidmət təkcə vəzifə borcu deyil, həm də vicdan, qəlb və ruhun çağırışıdır. Dövlətçiliyimizin keşiyində mətanətlə duran bu böyük şəxsiyyət, musiqinin sehrli dili ilə də xalqının qəlbinə yol tapmış, sənətin ən uca zirvələrindən birini fəth etmişdir. O, xalqına, dövlətinə və Prezidentinə sadiq, milli maraqları hər şeydən üstün tutan fədakar bir ömür yolunun parlaq nümunəsidir.
Bu gün, iyulun 15-i xalqımızın sevimlisi, dövlətimizin möhkəm dayaqlarından biri olan hörmətli Kəmaləddin müəllimin doğum günüdür. Bu əlamətdar gün münasibətilə, ləyaqətli dövlət xadimi və böyük sənətkarımızı səmimi qəlbdən təbrik edir, ona uca Tanrıdan möhkəm cansağlığı, tükənməz enerji və dövlətçiliyimizin daha da ucalması yolundakı şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayıram! Qoy sadiq xidmətinizlə bəzədiyiniz bu ömür yolu hər zaman vətənimizin nurlu sabahlarına işıq saçsın Cənab General !
Leyla Qadir qızı Məcidova
Tarix üzrə fəlsəfə doktoru, dosent
Lənkəran Dövlət Universiteti
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru






















