Dövlətçilik, dini azadlıq və milli şüur

Dövlətçilik, dini azadlıq və milli şüur

Hər bir dövlətin öz siyasəti və idarəçilik prinsipləri var. Lakin tariximizin müəyyən dövrlərində dini özünə bayraq edən, din pərdəsi altında dövlətə və millətə qara yaxmağa çalışan, əsassız ittihamlar və bitib-tükənməyən iftiralarla cəmiyyətdə qarşıdurma yaratmaq istəyən qüvvələrə də rast gəlirik.

Biz XXI əsrdə yaşayırıq. Bu gün dini etiqad azadlığı hər bir insanın fundamental hüquqlarından biridir. Hər kəsin öz inancına uyğun yaşamaq haqqı var. Ancaq dini azadlıqdan sui-istifadə edərək dini fanatizmi təbliğ etmək, insanları qarşı-qarşıya qoymaq və milli birliyə xələl gətirmək yolverilməzdir. Belə halların qarşısının alınması dövlətin, eləcə də cəmiyyətdə elmi düşüncəni, milli şüuru və dünyəvi dəyərləri inkişaf etdirən ziyalıların mühüm vəzifələrindən biridir.
Azərbaycan dövləti heç vaxt insanların dini inanclarına və baş örtüyünə qarşı çıxmayıb. Məsələ dinə və ya hər hansı dini geyimə münasibətdə deyil, dövlətçilik prinsiplərinin, təhsil qaydalarının və ümumi məktəb nizamının qorunmasındadır.
Məktəblərdə vahid geyim formasının tətbiqi şagirdlər arasında bərabərlik, intizam və kollektiv məsuliyyət hissinin formalaşmasına xidmət edir. Məktəb, ilk növbədə, elm və təhsil ocağıdır. Burada uşaqlar yalnız bilik qazanmır, həm də dünyəvi dövlətin prinsiplərini, vətəndaşlıq məsuliyyətini və birgəyaşayış mədəniyyətini öyrənirlər.
Mənim qənaətimə görə, orta məktəbi bitirdikdən sonra hər bir insan öz dini inancına və şəxsi seçiminə uyğun olaraq baş örtüyü taxmaq və ya taxmamaq hüququna malik olmalıdır. Əsas məsələ insanın geyimi deyil, onun düşüncəsi, mənəvi dəyərləri və cəmiyyətə münasibətidir.
Unutmayaq ki, əsl vətənpərvərlik yalnız sözlə deyil, əməl ilə ölçülür. İnsan həm öz inancına hörmət etməli, həm də dövlətini, millətini, Vətənini sevməli, onun qanunlarına və milli dəyərlərinə ehtiramla yanaşmalıdır.
Çünki güclü dövlətin təməlində savadlı gənclik, sağlam milli şüur, qarşılıqlı hörmət və milli birlik dayanır.

Şair,yazar
Azərbaycan və Özbəkistan Yazıçılar Birliyinin üzvü
Yurnalistlər birliyinin üzvü
Prezident mükafatçısı
Damət Salmanoğlu

Share: