Tovuzun Dondar Quşçu kəndində noyabrın 21-dən itkin düşən 10 yaşlı Nərmin Quliyevanın yanmış cəsədinin tapılması sözügedən kənddə baş verən ilk dəhşətli cinayət hadisəsi deyil.
Müstəqil.Az Axar.az -a istinad edərək xəbər verir ki, Dondar Quşçu kəndində 2018-ci ilin fevralında da belə dəhşətli cinayət hadisəsi törədilmişdi. Belə ki, rayonun Dondar Quşçu kənd sakinləri 73 yaşlı Fərman Məmmədovla həyat yoldaşı, 68 yaşlı Pakizə Mirzəyeva yaşadıqları evdə xüsusi amansızlıqla qətlə yetirilərək yandırılmışdılar.
Əvvəlcə ahıl ər-arvadın evin yanması nəticəsində öldüyü ehtimal edilsə də, araşdırma zamanı onların hər ikisinin vəhşiliklə öldürüldükdən sonra yandırıldığı məlum olmuşdu.
1950-ci il təvəllüdlü Pakizə Mirzəyeva yaşadığı evin bir otağında əl-ayağı və ağzı lentlə bağlı formada aşkarlanmışdı. Ailə başçısı 1945-ci il təvəllüdlü Fərman Məmmədovun cəsədi isə evin bir başqa otağında aşkarlanmışdı. Kişinin baş, qadının isə bədən nahiyələrində yanıq xəsarətləri olub.
Sözügedən hadisə təkcə Dondar Quşçu kəndində deyil, ümumilikdə bütün Tovuz rayonunda narahatlığa səbəb olmuş, ölkədə böyük səs-küy yaratmışdı.
Bir müddətdən sonra yenə eyni kənddə bu dəfə 10 yaşlı uşağın qaçırılması və 2 aydan sonra yanmış meyitinin aşkarlanması kənddə və rayonda narahatlığı daha da artırıb.
Xatırladaq ki, 10 yaşlı Nərmin Quliyeva 21 noyabr tarixində qonşuluqda olan əmisigilin evinə atasının gödəkcəsini götürmək üçün gedib. Gödəkcəni götürdükdən sonra isə yoxa çıxıb. Onun əmisigildən çıxdığı və ya çıxmadığı da hələlik məlum deyil.
Hadisədən 2 ay sonra 10 yaşlı N.Quliyevanın yanmış meyiti kənd ərazisində boşluq ərazidə aşkarlanıb.
Nigar İ.