DİN-in silah-sursatla mübarizəsi: rəqəmlər nə deyir?

DİN-in silah-sursatla mübarizəsi: rəqəmlər nə deyir?

Son aylarda Daxili İşlər Nazirliyinin gündəlik kriminal məlumatlarında qanunsuz saxlanılan odlu silah və sursatın aşkarlanması ilə bağlı xəbərlər mütəmadi şəkildə yer alır.

 

 Müstəqil.az olaraq, nazirliyin bu istiqamətdə apardığı fəaliyyətə nəzər salası olduq.

Məlum oldu ki, təkcə ayrı-ayrı günlər üzrə aşkarlanan müxtəlif çeşidli silah-sursatın sayı bəhs etdiyimiz məsələnin miqyasına dair ölkə sakinlərində müəyyən təsəvvür yaradır. Bəs bu rəqəmlər nə deyir və DİN-in son dövrdəki əməliyyatları qanunsuz silah dövriyyəsi baxımından hansı mənzərəni ortaya qoyur?

Bir günün xəbəri….

DİN-inin bu ilin sentyabr ayının 3-də yaydığı məlumat daha çox diqqət çəkir. Nazirliyin məlumatına görə, sentyabrın 2-də Bakı və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat, 8 tüfəng, 3 patron darağı və 157 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Bu məlumatdan bir gün əvvəl də silah-sursatla bağlı əməliyyat nəticələri açıqlanmışdı: sentyabrın 1-də 1 avtomat, 9 tüfəng, 2 patron darağı və 73 patron aşkarlanaraq götürülmüşdü.

Beləliklə, yalnız iki ardıcıl günün rəsmi məlumatlarını topladıqda 4 avtomat, 17 tüfəng və 230 patron ortaya çıxır. Az deyil. Nə vaxtsa istifadəsi gətirəcəyi fəsadlardan, törədilə biləcək bədbəxt hadisələrin miqyasından xəbər verməyə bilməz.

Bu rəqəmlər, əlbəttə, ölkədə qanunsuz silah saxlayan şəxslərin ümumi sayını göstərmir. Eyni zamanda, aşkarlanan hər silahın hansı mənbədən gəldiyini də müəyyən etmir. Amma başqa bir mühüm məqamı göstərir: silah-sursatın aşkarlanması DİN-in gündəlik əməliyyat fəaliyyətində epizodik deyil, davamlı istiqamətlərdən biridir.

Şabranda silah-sursat tapılıb - AZƏRTAC

Altı ayın əsas göstəricisi…

Daha əhəmiyyətli rəqəmlər isə DİN-in 2026-cı ilin ilk altı ayının nəticələri ilə bağlı açıqlamasında yer alır.

Nazirliyin məlumatına görə, ilin ilk yarısında qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 70 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Eyni dövrdə 3 088 odlu silah, 337 qumbara və 99 mindən çox patron aşkarlanıb.

Bu rəqəmləri gündəlik xəbərlərlə müqayisə etdikdə maraqlı mənzərə yaranır.

Beləliklə, statistik məlumatdan məlum olur ki, 2026-cı ilik ilk 6 ayının göstəricisinə nəzər salsaq, məlum olur ki, bu müddət ərzində aşkarlanan odlu silahın sayı  3088, qumbara 337,patron 99000, cinayət məsuliyyətinə cəlb edilənlərin sayı isə 70 nəfər olub.

Burada xüsusilə 3 088 odlu silah və 99 mindən çox patron göstəricisi diqqət çəkir. Söhbət artıq ayrı-ayrı şəxslərin üzərindən aşkarlanan bir neçə silahdan yox, minlərlə silah və on minlərlə döyüş sursatından gedir.

Lakin rəqəmləri şərh edərkən ehtiyatlı olmaq lazımdır. Aşkarlanan silahların sayı avtomatik olaraq həmin sayda cinayətkarın mövcudluğu demək deyil. Bir əməliyyat zamanı bir neçə, hətta çoxlu sayda silahın aşkarlanması mümkündür. Eyni zamanda bir şəxsdən müxtəlif silahlar götürülə bilər.

DİN-nin ahəyata keçirdiyi .məliyyatların intensivliyi…

Araşdırmamız zamanı bir qədər irəli getsək, görərik ki, DİN-in gündəlik məlumatları silahların yalnız ayrı-ayrı hallarda deyil, müxtəlif tarixlərdə və müxtəlif miqyaslarda aşkarlanmasını göstərilir.

Məsələn, iyunun 4-də polis 4 avtomat, 1 tapança, 17 tüfəng və 119 patron aşkarlayıb.

İyunun 5-də isə 8 avtomat, 2 tüfəng və 548 patron götürülüb.

İyunun 8-də aşkarlananlar arasında 5 avtomat, 3 tapança, 1 qumbara, 6 tüfəng və 100 patron olub.

İyunun 13–14-də iki gün ərzində 3 avtomat, 10 tüfəng və 362 patron aşkarlanıb.

İyunun 16-da isə siyahıda 4 avtomat, 2 pulemyot, 1 tapança, 7 tüfəng və 213 patron olub.

İyunun 30-da isə DİN 9 avtomat və 21 tüfəng aşkarlanması barədə məlumatı da yayıb.

DİN-in gündəlik məlumatlarından məlum olur ki, bu nümunələr istinad edərək silahların aşkarlanması istiqamətində əməliyyatların nəticələri kəskin dəyişə bilir: bəzi günlərdə əsasən bir neçə tüfəng və patron aşkarlanırsa da, digər günlərdə daha böyük sayda silah- sursat üzə çıxır.

Yay aylarında da həyata keçirilən əməliyyatlar…

İyul və avqust aylarının məlumatları da bu istiqamətdə fəaliyyətin səngimədiyini göstərir.

İyulun 30-da 2 avtomat, 1 tapança, 9 tüfəng və 17 patron, iyulun 31-də isə 5 avtomat, 1 tapança, 2 tüfəng və 22 patron aşkarlanıb.

Polis silah-sursat aşkarladı: 7 avtomat, 17 tüfəng ...

Avqustun 6-da aşkarlananlar arasında 1 avtomat, 1 tapança, 2 qumbara, 3 partlayıcı, 8 tüfəng, 1 mərmi və 333 patron olub.

Avqustun 20-də isə 3 avtomat, 6 tüfəng və 94 patron, avqustun 21-də 2 avtomat, 2 qumbara, 13 tüfəng və 43 patron götürülüb.

Avqustun 31-dəki məlumat isə xüsusilə fərqlənir: həmin gün 3 tüfənglə yanaşı 8 786 müxtəlif çaplı patron aşkarlanıb.

Bu sonuncu fakt mühüm bir məqamı ortaya qoyur: problemin miqyasını yalnız “neçə silah tapıldı?” sualı ilə ölçmək düzgün deyil. Bəzən bir əməliyyatın əsas nəticəsi silahın özündən daha çox sursatın aşkarlanması ola bilər.

Burada polisin hansı səmərəli və peşəkar işindən bəhs etmək olar?

Azərbaycanda polisin vəzifələri artırılır

Mövcud məlumatlar əsasında ehtiyatla belə nəticə çıxarmaq olar ki, DİN-in silah-sursatla mübarizəsi iki paralel xətt üzrə aparılır.

Birinci xətt əməliyyat-axtarış tədbirləridir. Konkret şəxslər, ünvanlar və digər obyektlərlə bağlı keçirilən tədbirlər nəticəsində silahlar dövriyyədən çıxarılır.

İkinci xətt profilaktik tədbirlərdir. DİN demək olar ki, bütün bu məlumatların sonunda qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlərin davam etdirildiyini bildirir.

Bu yanaşmanın başqa elementi də vətəndaşlara edilən çağırışlardır. İyunun 8-də DİN qanunsuz saxlanılan silah və sursatların könüllü şəkildə polisə təhvil verilməsinin vacibliyini bir daha vurğulamışdı.

Silah-sursatı  “könüllü təhvil” vermək nəyə görə vacibdir?

Müstəqil.az DİN-nin  tövsiyyələrinə əsaslanaraq, qeyd edir ki, burada söhbət sadəcə inzibati tövsiyədən getmir. Azərbaycan qanunvericiliyində bunun ayrıca hüquqi əsası var.

Polis xeyli silah-sursat aşkarladı - Foto » Qanun və Hədəf

2025-ci ildə Cinayət Məcəlləsinin 228-ci maddəsinə edilən dəyişikliklə qanunsuz silah, döyüş sursatı və partlayıcı maddələrin əldə edilməsi, saxlanılması, daşınması, gəzdirməsi və satışı ilə bağlı məsuliyyət yenidən redaktə olunub. Qanuna əsasən, müəyyən hallarda qanunsuz silah və sursatı könüllü təhvil verən şəxs, əməlində başqa cinayət tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.

Ali Məhkəmənin hüquqi mövqeyində də “könüllü təhvil vermə” anlayışı izah edilir: şəxs silahı özü təqdim edə və ya onun saxlandığı yer barədə məlumat verə bilər. Lakin başqa cinayət tərkibi varsa, könüllü təhvil həmin digər cinayət üzrə məsuliyyəti avtomatik aradan qaldırmır.

Bu mexanizm təhlükəsizlik baxımından əhəmiyyətlidir. Çünki məqsəd yalnız artıq aşkar edilmiş silahı götürmək deyil, hələ cinayətdə istifadə edilməmiş silahı potensial təhlükə mənbəyi kimi dövriyyədən çıxarmaqdır.

2025-ci il dəyişiklikləri: qanun sərtləşibmi?

Cinayət Məcəlləsinin yeni redaksiyası yalnız saxlamanı deyil, qanunsuz satışı da ayrıca və daha ağır məsuliyyət müstəvisində müəyyən edir.

228.3-cü maddəyə əsasən qanunsuz odlu silah, onun komplekt hissələri, döyüş sursatı və partlayıcı maddələrin satışı daha ağır cəza ilə müşayiət olunur. Satışın mütəşəkkil dəstə tərəfindən, təkrar, qulluq mövqeyindən istifadə etməklə və ya internet informasiya ehtiyatlarından istifadə olunmaqla törədilməsi isə daha ağır tövsifə səbəb ola bilər.

Bu, müasir silah dövriyyəsinin yalnız fiziki kontakt və ənənəvi vasitələrlə məhdudlaşmadığını nəzərə alan hüquqi yanaşmadır.

 Bu silahlar haradan gəlir?

Müstəqil.az-n fikrinə görə məhz bu məqamda gündəlik kriminal xronikanın imkanları məhdudlaşır.

DİN-in press-relizlərində əksər hallarda silahın hansı mənbədən əldə edildiyi, konkret olaraq nə vaxt və hansı kanalla qanunsuz dövriyyəyə daxil olduğu barədə tam məlumat verilmir. Buna görə də yalnız gündəlik xəbərlərə əsaslanaraq “silahların əsas mənbəyi budur” demək jurnalist baxımından əsaslandırılmış nəticə olmaz.

Mövcud rəqəmlər yalnız onu göstərir ki, qanunsuz dövriyyədən çıxarılan silahların arasında avtomatlar, tüfənglər, tapançalar, pulemyotlar, qumbara və digər döyüş sursatları var.

Məsələn, iyunun 16-da aşkarlanan silahlar arasında pulemyotların olması, avqustun 6-da isə partlayıcı və mərminin aşkarlanması göstərir ki, söhbət yalnız ov və ya məişət xarakterli silahlardan getmir.

Postmüharibə faktorunu necə qiymətləndirmək olar?

Müstəqil.az bu qənaətə gəlir ki, Azərbaycanın uzunmüddətli münaqişə və müharibə təcrübəsi fonunda qanunsuz silah-sursat məsələsini postmüharibə təhlükəsizliyindən ayrıca düşünmək çətindir. Lakin burada da faktla ehtimalı ayırmaq vacibdir.

Polis xeyli silah-sursat ələ keçirib

DİN-in açıqladığı 2026-cı il rəqəmləri böyük həcmdə silah və sursatın ölkə daxilində aşkarlanmasını göstərir. Ancaq həmin silahların konkret olaraq müharibə dövründən qalması və ya hansısa konkret kanaldan gəlməsi barədə rəsmi açıqlama olmadıqda bunu fakt kimi təqdim etmək olmaz.

Araşdırmanın növbəti mərhələsində məhz silahların mənşəyi və hüquq-mühafizə orqanlarının istintaq nəticələri ayrıca araşdırılmalıdır.

Rəqəmlərin başqa bir tərəfi

3 088 odlu silahın aşkarlanması bir tərəfdən hüquq-mühafizə orqanlarının əməliyyat imkanlarını göstərir. Digər tərəfdən isə başqa sual yaradır: aşkarlanan silahların nə qədəri real cinayət hazırlığında istifadə olunmaq üçün saxlanılırdı, nə qədəri isə illər əvvəl əldə edilmiş, lakin sonradan qanunsuz vəziyyətdə qalmışdı?

Gündəlik məlumatlar bu sualın cavabını vermir.

Məhz buna görə “3 088 silah aşkarlanıb” faktını “3 088 cinayətin qarşısı alınıb” kimi təqdim etmək düzgün olmaz. Aşkarlama göstəricisi ilə qarşısı alınmış cinayətlərin sayı eyni statistika deyil.

Bununla belə, təhlükəsizlik baxımından hər bir qanunsuz odlu silah potensial riskdir. Ali Məhkəmənin hüquqi izahlarında da qanunsuz silahın əldə edilməsi, saxlanılması, daşınması və gəzdirməsinin ayrıca hüquqi məsuliyyət doğuran hərəkətlər olduğu vurğulanır.

Nəticə: əsas göstərici yalnız götürülən silahların sayı deyil

Müstəqil.az xüsusi ilə qeyd edir ki, DİN-in 2026-cı ilin ilk altı ayına dair açıqladığı 3 088 odlu silah, 337 qumbara və 99 mindən çox patron rəqəmi problemin miqyasını anlamaq üçün əsas göstəricidir.

Sonrakı aylarda yayılan gündəlik məlumatlar isə bu fəaliyyətin davam etdiyini göstərir. İyul və avqustda, sentyabrın ilk günlərində də avtomat, tüfəng, tapança, qumbara, mərmi və böyük sayda patronun aşkarlanması barədə məlumatlar açıqlanıb.

Bu mənzərəni iki cür yanaşmaq olar

Birinci yanaşma: DİN-in əməliyyat və profilaktik fəaliyyəti nəticəsində qanunsuz silah-sursatın əhəmiyyətli hissəsi dövriyyədən çıxarılır.

İkinci yanaşma: Eyni zamanda, minlərlə odlu silahın və on minlərlə patronun aşkarlanması ölkədə qanunsuz silah ehtiyatlarının hələ də təhlükəsizlik gündəliyində ciddi yer tutduğunu göstərir.

Əsl mənzərəni müəyyənləşdirmək üçün isə növbəti mərhələdə daha geniş məlumatlara ehtiyac var: aşkarlanan silahların hansı rayonlarda daha çox olması, neçə fakt üzrə cinayət işi başlanması, silahların mənşəyi, neçə şəxsin məsuliyyətə cəlb edilməsi, könüllü təhvil verilən silahların sayı və bu silahlardan cinayət törədilməsi ilə bağlı statistika.

Başqa sözlə, bugünkü rəqəmlər problemin mövcudluğunu göstərir. Lakin problemin haradan qaynaqlandığını və hansı istiqamətdə dəyişdiyini anlamaq üçün DİN-in yalnız gündəlik press-relizlərindən deyil, illik və yarımillik statistik hesabatlarından, məhkəmə qərarlarından və konkret cinayət işlərinin nəticələrindən də istifadə etmək lazımdır.

Məhz həmin məlumatlar ortaya çıxarıldıqda “Azərbaycanda qanunsuz silah dövriyyəsi artır, yoxsa DİN-in aşkarlama fəaliyyəti güclənib?” sualına daha dəqiq cavab vermək mümkün olacaq.

F. Balabəyli

 

 

 

Share: