“Dəridən-qabığdan çıxdım, İlahi.., Bircə ciblərimdən çıxa bilmədim…”-Gənc şair Bəhruz Xəlilin şeirləri…

Müstəqil.Az Cəlilabadda yazıb yaradan,müəllim adını şərəflə daşıyan gənc şair Bəhruz Xəlilin yeni şeirlərini təqdim edir:
         Ağaclar tabutun anası…
Ən gözəl ağacların ən gözəl budağından
düzəlir əlağacı..
Tabutlar da həmçinin..
 
Ən ağır nifrətlərin anası sevgi olur..!
 
Mən hələ uşaq idim, mən hələ sevməmişdim
Onda da belə idi :
Sevgi nifrətin, ağaclar tabutun anası..!
 
Ən gözəl filmlər: sonunda qəhrəmanı öləndir!
Ən gözəl romanlar: həqiqətə ən yaxın olandır!
Ən gözəl gedişlər: (deyə bilmirəm hansılardır!)
 
Ən gözəl meyvələr, ağacın əlçatmaz yerində olanlardır,
İnsan əlləri toxunmayan ucalıqda.
İllər insanları yetişdirməyə də bilir:
o qədər axmaq tanıyıram qocalıqda!
 
Ən ağır nifrətlərin anası sevgi olur!
     Köhnədi
Köhnəlib 30 il yaşanan ömür,
Köhnəlib bu ayaq, bu əl, bu dizlər.
Sevinc də köhnəlib, kədər də elə-
Hələ də yaşayır ölməz əkizlər.
 
Divar da köhnədi, tavan da elə-
Elə yağışlar da köhnə cür yağır.
Divar da nəm verir, tavan da elə-
Elə dizlərim də köhnə ağrıyır.
 
Bu bozluq, bu boşluq, bu natamamlıq,
Bu yoxluq, bu təklik, bu tənhalıq da,
Nə öldürə bilir, nə də yaşada!
 XİLAS EDƏ BİLMƏDİ
Dənizdə boğulurduq..!
O, əllərini göyə açıb Allah çağırırdı,
mən üzməyə çalışırdım…!
İkimiz də yorulduq,
ikimiz də boğulduq..!
Əllərimiz heç kimi xilas edə bilmədi!
          BİLMƏDİM
Bezdim bu ömürdən, gündən də bezdim,
Özümdən də bezdim, səndən də bezdim.
İlahi kimsəsiz bir yer də yoxdu,
Özünü öldürüb, atasan ora
Qarğalar başını dən kimi yesin!
 
Saldım əllərimi, cibimə, saldım,
İlişib cibimin içində qaldım.
Dəridən-qabığdan çıxdım, İlahi..,
Bircə ciblərimdən çıxa bilmədim,
Mən niyə çıxmadım yoxa, bilmədim?!
 
Baxdım, uzaqların gözünə, baxdım,
Baxdım, uşaqların gözünə, baxdım.
Rahatlıq tapmadım uzaqlardan da,
Rahatlıq tapmadım uşaqlardan da.
 
Bezdim bu ömürdən, gündən də bezdim
Özümdən də bezdim, səndən də bezdim.!
İndi gedişlər də ayaqlarladı
Bitki həyatıdır mənim həyatım:
Günəş şüasıdı, bir udum sudur..!
İndi gedişlər də ayaqlarladı,
İndi gedənlər də tez unudulur!
 
Divarın o üzü qaranlıq dadır
Bu üzdə şam yanır, bu üz ışıqlı..!
Divarın o üzü daha gözəldi,
Divarın o üzü eyni rəngdədir!
Divarın o üzü qaranlıqdadır!
 
Mən qoca dərvişəm, cavan səfiləm
Mən qarasaçlıyam, ağürəkliyəm.
Bəzən it səsindən belə qorxuram!
Nə ki, yağış yağa, göy guruldaya!
Share: