“Dəmir yumruğ”umuz növbəti dəfə işğalçı, terrorçu Ermənistan başını əzəcək…

Paşinyanın son parlament seçkisində qalib gəlməsi əlbəttə, ilk növbədə erməni xalqının özü üçün yaxşıdır. Çünki 44 günlük İkinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətin bütün ağrı-acısını dadmış və postmüharibə dövrünün ölkədə yaratdığı xaos, anarxiya vəziyyətindən yorulmuş erməni xalqı nəhayət ki, dərk etdi ki, son 100 ildə Ermənistan və erməni kilsəsi tərəfindən Azərbaycana qarşı aparılan düşmənçilik siyasəti, terror, soyqırımı və işğalçılıq siyasəti sonda Ermənistanın özünə qarşı çevrildi.

Erməni xalqı Ermənistan iqtidarlarının son 30 ildə yürütdüyü millətçi-faşist siyasətinin bədəlini çox ağır şəkildə ödəməli oldu.
Ona görə də erməni xalqının böyük əksəriyyəti, xüsusən də Paşinyana səs verən kütlə artıq proseslərə realist yanaşmağa, sağlam düşünməyə başlayıb. Seçkinin nəticələrinə də ilk növbədə məhz bu yöndən yanaşmaq lazımdır. Erməni xalqı Paşinyanın simasında müharibəyə “yox!” dedi, qonşu dövlətlərlə normal münasibətlərin qurulmasına səs verdi. Başqa sözlə desək, ermənilər Paşinyana son ümid yeri kimi baxırlar. İndi baxaq görək Paşinyan da ona göstərilən bu etimadı doğrulda biləcəkmi.
Paşinyanın qələbəsi sözsüz ki, bütövlükdə Cənubi Qafqaz regionu üçün də əhəmiyyətlidir. Çünki Ermənistan hərbi-siyasi rəhbərliyinin və erməni xalqının millətçi-daşnak kəsiminin destruktiv siyasətindən, ekstremist davranışlarından təkcə Azərbaycan deyil, bütün bölgə xalqları da beziblər. Seçkidə revanşistlər qalib gəlsəydi, Ermənistanın pozucu-təxribatçı davranışları yenə də davam edəcək və xarici siyasətdə aqressivliyi daha da artacaqdı. Bu isə ilk növbədə erməni xalqının özünü növbəti bəlalarla üz-üzə qoyacaqdı. “Dəmir yumruğ”umuz növbəti dəfə işğalçı, terrorçu Ermənistan başını əzəcəkdi.
Lakin seçici elektoratının Köçəryana deyil, Paşinyana üstünlük verməsi Ermənistanı və erməni xalqını bu təhlükəli aqibətdən xilas etdi. İndi Ermənistanın öz səhvlərini düzəltməsi üçün əlverişli şərait yaranıb. Paşinyan öz məsuliyyətini hiss edərək, xalqının ona göstərdiyi bu etimaddan səmərəli şəkildə istifadə etməli və ilk növbədə Azərbaycanla münasibətləri nizama salmalıdır. Sərhədlərin demarkasiyası, Zəngəzur dəhlizinin açılması, yekun sülh müqaviləsinin imzalanması tezliklə öz həllini tapmalıdır. Bir sözlə, Paşinyan daşnak-faşist ideologiyasından yoğrulmuş köhnə Ermənistanın deyil, yeniləşmiş Ermənistanın, real sülhə can atan Ermənistanın təmsilçisi olmağı bacarmalıdır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: