Cövdət Hacıyevin Floridada yaşayan canlı əsəri
Ömür-gün yoldaşını başının tacı hesab edən xalq artisti, milli rəqslərin ustası, baletmeyster və pedaqoq Əminə Dilbazini yəqin ki, yaxşı xatırlayırsız. Bakı Musiqi Akademiyasının rektoru olmuş, professor, əməkdar incəsənət xadimi, xalq artisti, bəstəkar Cövdət Hacıyevi də inanıram ki, unutmamısız.
Bu gün sizə bu iki görkəmli şəxsiyyətin sevimli qızı, artıq iyirmi doqquz ildir ki, ABŞ-ın Florida şatatının Melburn şəhərində yaşayan Pərvin Muradova- Dilbazidən söhbət açmaq istəyirəm.
Pərvin xanım Bakı şəhərində dünyaya gəlib. 1972-ci ildə Bülbül adına orta ixtisas məktəbini bitirib. Eyni zamanda Bakı Xoreoqrafiya Məktəbində də təhsil alıb. 1972-1977-ci illərdə indiki Bakı Musiqi Akademiyasında oxuyaraq professor Rauf Atakişiyevin rəhbərliyi altında fortopiano ifaçısı və müəllimi ixtisasına yiyələnib. 1977-1981-ci illərdə indiki Sumqayıt Musiqi Kollecində fortopianodan dərs deyib. 1981-1990-cı illərdə Bakı Musiqi Akademiyasında müəllim işləyib. 1990-cı ildə ailəsi ilə birlikdə Amerikaya köçüblər. Elə o vaxtdan da fərdi musiqi dərsləri keçməyə başlayıb. 1994-1995-ci illərdə Melburndakı icma kolleclərindən birində oxuyaraq ingilis dili biliklərini artırıb. 1995-ci ildə “Muradov Piano Studio” sunu açıb. 1996-1998-ci illərdə orta məktəb şagirdlərinə xarici dil kimi rus dilini tədris edib. Sonra bir müddət yaratdığı studiyada fərdi piano dərsləri keçib. 2013-cü ildə Florida Texnologiya Universitetinə dəvət olunub və orada fortopiano kafedrasını yaradıb. Hazırda həmin kafedranın professorudur…
…Ömür-gün yoldaşı Nazim Muradov kimya elmləri doktorudur. Florida Universitetinin professorudur. İki övladı var. Oğlu Orxan farmakologiya üzrə fəlsəfə doktorudur. Qızı İstər isə ikinci ali təhsil kimi Boston Tibb Universitetində oxuyur…
İndiyədək ABŞ-ın bir sıra ştatlarında, o cümlədən İsveç, İspaniya, Almaniya, İngiltərə, Avstriyada xeyriyyə konsertləri verib. Əldə olunan vəsaiti autizmdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldib. 2017-ci ildən isə “Musiqi, Təhsil və Autizm Fondu”nu yaradıb. Bu fondun xətti ilə bir sıra xeyriyyə işlərinə imza da atıb. 2018-ci ildə Nyu Yorkda Azərbaycan bəstəkarlarının musiqi əsərlərindən ibarət beynəlxalq müsabiqə təşkil edib. Bu tədbirdə sağlamlığı məhdud imkanlı uşaqlar da iştirak ediblər. 2017-ci ildə Londonda atası Cövdət Hacıyevin əsərlərindən ibarət ingilis dilində kitab nəşr etdirib və həmin il orada konsert də verib…
Deyir ki,- “Uşaqlarla işləməkdən məmnunam. Onların uğurları məni çox sevindirir. İstəyirəm ki, tədbirlərimizə Azərbaycanda autizmdən əziyyət çəkən istedadlı uşaqları da cəlb edim. Amma nədənsə hələ buna nail olmamışam”…
Xeyriyyə işlərinə görə adı 1999-2000-ci illər üzrə ABŞ-da dərc olunan məşhur “Kim kimdir?” kitabına da salınıb. Müəllimlərin ali atestasiya müsabiqəsindən yüksək balla keçib. Bu elə bir nailiyyətdir ki, ABŞ-ın hər yerində müəllim işləmək hüququ verir…
Üzgüçülüklə məşğul olur, rəqsi sevir. Milli xörəklərimizi hazırlamağı xoşlayır. Tez-tez qonaqlıqlar təşkil edib amerikalı dostlarını, qonşularını evinə dəvət edir. Həm də “Floridanın Azərbaycan-Amerika Mədəniyyəti Cəmiyyəti”nin mədəniyyət işləri üzrə direktorudur. Bu cəmiyyətin xətti ilə ölkəmizi amerikalılara tanıtdırmaqdan ötrü xeyli işlər görüb…
Azərbaycana daim əmin-amanlıq arzulayır. İşğal altında olan torpaqlarımızın tezliklə azad olunmasını istəyir. Söyləyir ki,- “Elə bir zaman gəlsin ki, müharibə bitsin, insanlarımız yenə də Qarabağa istirahət etməyə gedə bilsinlər”…
ABŞ-a gəlmək istəyənlərə isə tövsiyəsi bu oldu:- “Gəlsinlər, amma qarşılarına məqsəd qoyub gəlsinlər. Əgər bu cəmiyyətə qaynayıb qarışa, bir fərd kimi uğurlara imza ata biləcəklərsə çəkinməsinlər. Burada yorulmadan işləmək, çətinliklərə sinə gərmək tələb olunur. Necə deyərlər, səslərin içində sənin səsin tanınmayacaqsa, adi həyatı öz doğma ölkəndə də yaşaya bilərsən”…
Bəli, Cövdət Hacıyevlə Əminə xanım Dilbazinin Floridada yaşayan yadigarı Pərvin xanım haqqında da söhbətim beləcə başa çatdı. Sevgidən doğulanlar sevə-sevə yaşayırlar…
Elman Eldaroğlu,
ABŞ, Miçiqan