Çörçilə bənzəyən azərbaycanlı siyasətçi…

Samir adı müxtəlif cür yozulsa da, əslində “səmir” kəlməsindən götrülüb. Yəni səs-səmir mənasında…

Bu insan anadan sanki siyasət adamı kimi doğulub. On səkkiz yaşından siyasət meydanındadır. İyirmi üç ildir ki, yol gedir. Hər zaman əqidəsinə sadiq olub…

Ağıllı, nəzakətli, sədaqətli insandır. Azadlığın aşiqidir, müstəqil olmaqdan zövq alır. İnsanlarla ünsiyyət qurmağı bacarır, təşkilati məsələlərdə əvəzolunmazdır. Müxtəlif mövzularda danışa bilir, yeni fikirlər yürüdür. Romantik duyğulara qapılmır, hər bir olaya məntiqlə yanaşır…

Haqqında söhbət açdığım Samir Əsədli 1983-cü ildə dünyaya gəlib. 2000-ci ildə Bakıdakı 180 saylı orta məktəbi, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2001-ci ildən Vətəndaş Həmrəyli Partiyasının(VHP) üzvüdür. Və bütün fəaliyyəti bu partiya ilə əlaqəlidir. Hazırda VHP-nin Mərkəzi İcra Aparatına rəhbərlik edir, sədr müavinidir. Necə deyərlər, əgər VHP-nin lideri, Xalq şairi Sabir Rüstəmxanlı bu partiyanın yaradıcısı, düşünən beynidirsə, Samir onu hərəkətə gətirən onurğa sütunudur…

2009-2014-ci illərdə Bakı şəhəri Qızıldaş bələdiyyəsinin üzvü seçilib və bələdiyyənin sosial məsələlər, eləcə də ekologiya komissiyasına sədrlik edib. 2010-cu ildə keçirilən parlament seçkilərində 64 saylı Sabirabad ikinci seçki dairəsindən müxalifətin vahid namizədi olub. 2015-ci ildə keçirilən parlament seçkilərində isə VHP-ni 11 saylı Qaradağ seçki dairəsində, 2020-ci ildə isə 34 saylı Xətai ikinci seçki dairəsində deputatlığa namizəd kimi təmsil edib…

2010-2015-ci illərdə Dünya Azərbaycanlıları Konqresinin (DAK) Mərkəzi Nəzarət Təfriş Komitəsinin sədri seçilib. 2011-ci ildən NİDA Vətəndaş Hərəkatının, 2012-ci ildən İctimai Palatanın, 2013-cü ildən isə Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür…

Göründüyü kimi qırx bir yaşlı Samirin ömrünün böyük bir hissəsi siyasətlə bağlıdır. Necə deyərlər, Sabir Rüstəmxanlı kimi böyük bir şəxsiyyətin məktəbini keçib, bu sahədə püxtələşib…

Təslim olmağı, ruhdan düşməyi sevmir. Arzusu xalqa xidmət, cəmiyyətə daha çox fayda verməkdən ibarətdir. İnanıramki, zahirən böyük ingilis siyasətçisi Çörçilin gəncliyinə oxşayan Samir Əsədli nə vaxtsa seçicilər öz səslərini məhz Samir Əsədliyə verəcəklər. Problemlərinin səs-səmiri parlamentdən gəlsin deyə…

İyunun 1-i Samirin dünyaya gəldiyi gündür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, fəaliyyətində uğurlar arzulayıram.
Uğurları bol olsun!

Elman Eldaroğlu

Share: