Avstraliyanın Melburn şəhərində çiyələklərə iynə sancmaqda şübhəli bilinən qadının həbsindən bir neçə gün sonra armudda da iynə aşkarlanıb.
Müstəqil.az AZƏRTAC-a istinadən xəbər verir ki, Kvinslend polisi bu günlərdə çiyələklərə iynə taxmaqda şübhəli bilinən Mi Ut Trin adlı qadını həbs edib. Təqribən 50 yaşında olan həmin qadının “Berry Licious” fermasında işlədiyi və cinayəti qisas məqsədi ilə törətdiyi bildirilir.
İynəni armudda “ABC News Breakfast” verilişinin aparıcısı Kler Bonser aşkar edib və bu barədə “Woolworths” supermarketinə məlumat verib. Hadisə ilə əlaqədar təhqiqata başlanılıb.
Hakimiyyət orqanları əvvəllər çiyələk, banan və almada aşkar olunan iynələrlə əlaqədar əhaliyə meyvələri yeməzdən əvvəl kəsməyi tövsiyə edib. Eyni zamanda, cinayətkarlar barədə məlumata görə 100 min Avstraliya dolları məbləğində mükafat təyin edilib.