Səudiyyə Ərəbistanının İstanbul baş konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı yeni səs yazıları ortaya çıxıb.
Dünya mətbuatına təqdim edilən səs yazılarında, cinayəti törədən qrupun “Qurbanlıq heyvan gəldimi”, “Bədəni torbaya sığarmı” kimi danışıqları yer alır.
Cinayət qrupunun lideri Mutreb məhkəmədəki ifadəsində Camal Qaşıqçını öldürüb, konsulluğun həyətində başdırmağı düşündüyünü bildirib. Lakin sonra onun cəsədinin tapılma ehtimalının olduğunu düşündüyünü və onu parçalara ayıraraq konsulluğun binasından çıxarmaq əmrini verdiyini etiraf edib.
Cinayətdə iştirak edən beş nəfərdən ikisinin arasındakı dialoq bu cür olub:
Mutreb: Bunu bütöv şəkildə torbaya qoymaq mümkündürmü?
Tubeyki: “Xeyr. Çox ağırdır və çox hündürdür. Əslində həmişə meyitlərlə işləmişəm. Kəsməyi bilirəm, lakin heç vaxt isti bədəndə işləməmişəm. Yenə də narahat olmayın, asanlıqla həll edəcəm. Sonra bir çantaya, çamadanlara qoyub çıxardın”.
On dəqiqəlik bu söhbətlərdən sonra aşağıdakı dialoqlar baş tutub:
Mutreb: Oğlunuza bir mesaj yollayın.
Qaşıqçı: Oğluma nə deməliyəm?
Mutreb: Son bir mesaj yazın, amma bizə göstərin.
Qaşıqçı: Bir konsulluqda bunlar necə baş verə bilər? Mən heç nə yazmayacağam.
Dialoqun sonunda Camal Qaşıqçı “Ağzımı bağlamayın. Astmam var. Məni boğacaqsınız” sözlərini deyib.
Qeyd edək, bütün bunlar Camal Qaşıqçının qolundakı saat vasitəsilə qeydə alınıb.
Səs yazılarında bunun ardından boğuşma səsləri gəlib. Onun ölümündən sonrakı parçalara ayrılma hissəsinin səsləri də qeydə alınıb.
13:39-da elektron mişar səsi eşidilməyə başlanıb. Bu vəhşi proses yarım saat davam edib.
Camal Qaşıqçının cəsədi hissələrə bölünərək 5 çemodana doldurulub və konsulluğun binasından çıxarılıb. (Musavat.com)