Çağdaş ədəbi tənqidimizin nümayəndəsinin kitabı barədə bir neçə söz

 Kamran NƏZƏRLİ yazır

“Hər zaman yaxşı şeydən başlayın… pis şey gec-tez onsuz da özünü göstərəcək!”. Ədəbi tənqidçiyə (əslində hamıya aid etmək olar!) müraciətlə bu sözləri ingilis filosofu və tənqidçisi Samuel Kolric (o, həm də şair idi) deyib və yaxşı deyib; yalnız bir məlum məntiqi də əlavə edərdim: yazıçı heç vaxt tənqid barədə düşünməməlidir…o, yazmalıdır…bədii əsər qoymalıdır ortaya…Heç şübhə etmirəm ki, ədəbi tənqidçilər bu məntiqi yaxşı bilirlər. Və bunu da bilirlər ki, ədəbi tənqid hər şeydən əvvəl bədii əsərin dəyərləndirilməsiylə məşğul olur və olmalıdır, onun müəllifiylə, şəxsiyyəti, vəzifəsi və ictimai-siyasi statusuyla yox!


Ədəbi tənqidin ədəbiyyat haqqında elmin ümumi metodologiyasından qaynaqlanan (ədəbiyyatşünaslıqdan), ədəbiyyat tarixinə əsaslanan bir sıra vəzifələri var ki, bunlar mütəxəssislərə məlumdur. Əlavə etmək istəyirəm: ədəbi tənqid həm də həyatla, ictimai mühitlə və dövrün fəlsəfi və estetik ideyaları ilə bağlıdır. Bəs müasir Azərbaycan tənqidində ƏDƏBİ TƏNQİD ədəbiyyat Olimpində güclərin, qüvvələrin yerini dəqiq müəyyənləşdirməkdə hansı rolu oynayır? Suala cavab verməkdə çətinlik çəkirəm. Əlbəttə, bu məsələdə təkcə tənqidçi və ədəbiyyatşünasların əməyi və səyləri yetərli deyil. Müasir dövrdə ədəbi güclərin yerini müəyyən etməyin yeni formaları da mövcuddur – internetin imkanları, piar aksiyaları, fəxri adlar, mükafatlandırma prosesləri, müsabiqələr, yazıçıların çıxışları, görüşləri, reytinqlər və s… Bütün bunlar da ədəbi güclərin dəqiq yerini təyin etməyə imkan yaradır. 


Etiraf etməliyəm ki, bizdə ədəbi tənqidiçidən başqa “yazıçı tənqidi”, “oxucu tənqidi”, yaxud “araşdırmaçı tənqidi” kimi anlayışlar da meydana gəlib. Bunlarla da barışmalı olursan, çünki onların tipik yanaşmaları da müəllifin əsərinə olan münasibətləri və rəyləri formalaşdırır. 


Biz internet ədəbiyyatının aşıb-daşan dövründə yaşayırıq; bu dövr sanki kitabdan və real yazılı ədəbiyyatdan intiqam alır, ona meydan oxuyur. Lakin texniki tərəqqinin göstəricilərindən biri sayılan bu “elektron proses” bədii yaradıcılq sahəsində söz deməyə çalışan, ictimai fikir tariximizdə az-çox rolu olan sənət adamlarımızın ciddi mətn yaratmaq ovqatını öldürə bilmir, əksinə, onlara bir qədər də stimul verir desəm, yanılmaram. Yuxarıda qeyd etdiyim kimi, son illər əsas missiyasını unutmuş (itirmiş də demək olar!) ədəbi tənqid əslində qarışıq, gurultulu, bozaran və göz qamaşdıran “elektron proseslər” içindən ciddi ədəbi mətnləri tapıb üzə çıxartmalı və araşdırmalıdır.


Mənim təxminən on ildən çox bir müddət ərzində tanıdığım və rəhmətlik dostum Arif Əmrahoğlunun istedadlı tələbəsi Nərgiz Cabbarlı sözün əsl mənasında ədəbi tənqidlə məşğul olan çox az saylı tənqidçilərmizdəndir. Onun “Qızıl kəlmə” mükafatı almış sonuncu kitabını (Qurtuluşdan sonra – Yeni nəsil ədəbiyyatı) oxuyandan sonra belə bir qənaətim daha da möhkəmləndi: Nərgiz həqiqətən yazıçıdan yox, mətndən yazır, ciddi ədəbi nümunələri araşdırır, təhlil edir, onlara tənqidin obyektiv gözüylə baxır.
Kitabda toplanan məqalə və analitik yazılar bədii idrakın müasir məhsullarının müəyyən bir qismini süzgəcdən keçirir, konkret dövr üzrə yaranan bədii mətnlərə konseptual şəkildə yanaşır, faktlar gətirib müqayisələr aparmaqla onların əhəmiyyətini, yaxud da yararsız olduğunu əsaslandırır. Diqqətimi çəkən bu cəhət Nərgiz Cabbarlının tənqidçi kimi peşəkarlığından xəbər verir. 


Kitabın ikinci mühüm bir cəhəti onun həm nəzəri, həm də praktiki əhəmiyyət daşımasıdır. Nərgiz şair və yazıçılarımızın qeyd olunan dövrdəki ədəbi yaradıcılığını araşdırmaqla yanaşı, köhnə və yeni ədəbi ənənəylə bağlı sərbəst nəzəri fikirlərini irəli sürür, mətnlərin məzmunu, bədii dəyəri, estetik prinsip və formaları ilə bağlı maraqlı dəyərləndirmələrlə çıxış edir. Yeni yaranan ədəbi nümunələrin dünya ədəbi prosesi ilə, ədəbi cərəyanlarla əlaqəsinə yer ayırır, ədəbi prosesdə gedən həm idealist, həm realist, həm də metafizik baxışlara tənqidçi səriştəsiylə qiymət verir.


Nərgiz xanımın kitabıyla bağlı qısa ümumi fikirlərimə əlavə olaraq bildirirəm ki, yeni şəraitdə, internet əsrində, kitabın az oxunduğu, “elektron ədəbi məhsulların” tüğyan etdiyi bir zamanda canlı ədəbi prosesə, müasir yazıçı və şairlərimizin yeni ruhlu əsərlərinə diqqətin artırılması çox vacib məsələdir. Bu missiyanı vicdanla yerinə yetirməyə çalışan Nərgiz Cabbarlıya uğurlar arzulayır, onun qarşıdan gələn Yeni ilini təbrik edirəm. Və inanmaq istəyirəm ki, Nərgiz xanım bundan sonrakı illərdə də sanballı araşdırmaları və kitablarıyla bizi sevindirəcək.

Share: