Cənubi Koreya övladlığa götürmə qanununa görə “yetim ixracatçısı” adlandırıldı

Əbəs yerə deyil ki, Cənubi Koreya xaricə göndərilən uşaqların sayına görə lider hesab olunur – ötən əsrin ortalarından indiyədək 200 minə yaxın azyaşlı uşaq ölkədən kənara aparılıb. Əldə edilmiş son məlumatlar göstərir ki, uşaqların çoxu faktiki olaraq satılıb.

“The New York Times” qəzetində dərc olunan materiala əsasən, Cənubi Koreyada qəbul edilən və özəl övladlığa götürmə şirkətlərinə sərbəstlik verən qanun, yetim uşaqlar üçün ailələrin axtarışını faktiki olaraq biznesə çevirib. Üstəlik, bu biznes o qədər gəlirlidir ki, bu sahə ilə məşğul olan qurumlar açıq-aşkar yeni doğulmuş uşaqları oğurlayır, həmçinin hədə-qorxu və şantaj yolu ilə tək anaları uşaqlarından imtina etməyə məcbur edirdilər. Bununla belə, hökumətin elan etdiyi bir çox proqramlar işə yaramadığından, ölkə daxilində yetim uşaqların övladlığa götürülməsinə elə də tez-tez rast gəlinmirdi.

“Bir xalq üçün bir ölkə” şüarını həyata keçirən Cənubi Koreyanın ilk prezidenti Li Sın Manın mövqeyi korrupsiya sxemlərinə əhəmiyyətli dərəcədə dəstək verib, xüsusən də bu konsepsiya çərçivəsində koreyalı qadınların Amerikalı əsgərlərdən dünyaya gətirdiyi uşaqlar atalarının vətəninə göndərilməli idilər. Tək anaların özləri isə edilir və ictimai qınağa məruz qalırdılar. Belə bir şəraitdə bir çox qadınlar övladlarından az qala sevinclə canlarını qurtarır, özəl şirkətlər isə azyaşlıları xaricə sataraq, gəlirlərini onlara sənədlərin hazırlanmasında köməklik edən dövlət qurumlarının nümayəndələri ilə bölüşürdülər.

Öz növbəsində, dövlət heç vaxt xarici ölkələrdə yaşayan ailələrə verilən uşaqlarla maraqlanmayıb və yad ailələrdə böyümüş koreyalıların müraciətlərinə inadla məhəl qoymayıb.

İctimaiyyətin təzyiqi altında keçən il Cənubi Koreyada uşaqların xaricə faktiki satışı ilə bağlı araşdırma başladılıb, lakin onun nəticələri ən tezi 2024-cü ildə məlum olacaq. Bununla belə, onlar sırf məsləhət xarakteri daşıyacaq və övladlığa götürmə agentliklərinin nümayəndələrini məsuliyyətə cəlb etmək imkanı verməyəcək.

Mənbə: The New York Times

Share: