Milli yaddaşımızın ilmələri, kəlağayımızın zərifliyi…

Milli yaddaşımızın ilmələri, kəlağayımızın zərifliyi…

Minilliklərin aydan arı, sudan duru yaddaş boxçasında əriş-arğac olan, ilmə-ilmə toxunan, düyün-düyün bağlanan, nənələrimizin yaddaşında pöhrələnib çiçək açan gül ətirli, əlvan naxışlı xalça və xalçalarımızı ərsəyə gətirən, onu dünəndən bu günə, bu gündən sabaha daşıyan qızıl əllərin yaratdığı sənət inciləri çoxdan dünyanın heyrətinə səbəb olub.
Təbriz, Qarabağ, Qazax, Quba, Borçalı xalça məktəbləri öz zənginliyi, rəng ahəngi və bənzərsiz naxışları ilə xalqımızın estetik zövqünü, dünyagörüşünü və həyat fəlsəfəsini yaşadan mənəvi sərvətlərdir. Bu xalçalar sadəcə məişət əşyası deyil, xalqın yaddaşı, tarixi salnaməsi, sevinc və kədərinin rənglərə köçürülmüş ifadəsidir.
Bəs təkcə xalçalarmı?
Milli geyimlərimiz, zərif tikmələrimiz, naxışlı corablarımız, önlüklərimiz, qırçınlı və büzməli köynəklərimiz, qat-qat ətəklərimiz, qədim sənət nümunələrimiz də xalqımızın ruhunu yaşadan əvəzsiz irs nümunələridir. Bu sərvətlər arasında isə xüsusi bir yer var – Azərbaycan qadınının ləyaqət və gözəllik rəmzinə çevrilmiş ipək kəlağayının.
Kəlağayı əsrlər boyu Azərbaycan qadınının baş tacı olub. Barama sapından hazırlanan saf ipəyin üzərinə ustad sənətkarların həkk etdiyi naxışlar təkcə bəzək elementi deyil, həm də xalqımızın düşüncə tərzinin, estetik dünyasının ifadəsidir. Butalar, çiçək naxışları, həndəsi ornamentlər və rəng çalarları özündə dərin məna daşıyır, qədim dövrlərdən gələn mədəni kodları yaşadır.
Nənələrimiz kəlağayını sadəcə örtük kimi deyil, namus, ismət, ailə dəyərləri və qadın müdrikliyinin rəmzi kimi qoruyub saxlayıblar. El şənliklərində, toy-düyünlərdə, bayramlarda, gündəlik həyatda kəlağayı qadının gözəlliyini tamamlayan ən zərif aksessuar olmaqla yanaşı, milli mənsubiyyətimizin də göstəricisi olub.
Azərbaycanın qədim ipəkçilik ənənələrinin bəhrəsi olan kəlağayı sənəti zamanın sınaqlarından keçərək bu günümüzə gəlib çatıb. Xüsusilə Basqal və Şəki ustalarının yaratdığı kəlağayılar öz incəliyi və bənzərsizliyi ilə seçilib. Bu sənətin beynəlxalq səviyyədə tanınması da təsadüfi deyil. Azərbaycan kəlağayısı ölkəmizin Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük səyləri nəticəsində 2014-cü ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Bu hadisə milli mədəniyyətimizin dünya miqyasında tanınmasının mühüm göstəricilərindən biri oldu.
Bu gün kəlağayımızı yaşadan insanlar da xalqımıza xidmət edən əsl mədəniyyət daşıyıcılarıdır. Kəlağayı Muzeylərinin yaradılması, festivalların keçirilməsi, sərgilərin təşkili və gənc nəslin bu sənətə marağının artırılması milli irsimizin qorunmasına xidmət edir. Çünki keçmişini yaşatmayan xalq gələcəyini də tam qura bilməz.
Analar bu sənəti nənələrdən öyrənib, qız-gəlinlər analardan öyrənib və beləliklə, sənət abidələrimiz nəsildən-nəslə ötürülərək yaşadılıb. Təəssüf ki, zaman-zaman bəzi çeşidlər, bəzi nümunələr unudulub. Lakin xalqımız öz kökünə, tarixinə və milli dəyərlərinə bağlı qaldıqca bu sənət inciləri yenidən çiçəklənəcək, bar verəcək, yeni nəslin yaddaşında yaşayacaqdır.
Əl əməyi, göz nuru ilə ərsəyə gələn bu sənət nümunələrini yaradanlara, yaşadanlara və gələcəyə daşıyanlara minnətdar olmaq hər birimizin mənəvi borcudur. Boynumuza gül biçən, başımıza kəlağayı bağlayan, əynimizə nənələrimizin abır-həya mücəssəməsi olan milli geyimləri yaraşdıran əllər də, o əllərə yol göstərən zəkalar da var olsun!

Güllü Eldar Tomarlı, Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru

Share: