Biz pis jurnalistik, bəs siz nəmənəsiniz?!.. Jalə Mütəllimova-Seyidli yazdı

Jurnalistlərə ev verilib. Hələ bir bina da veriləcək. Zırpı-zırpı adamlar illərdir bunu danışır. Həzm edə bilmirlər durumu. Qayıdır deyir ki, jurnalistə ev verilib, çıxsın Orduxana cavab versin. Söyüş müxalifətinə, bloqerlərinə, xarici kəşfiyyata, daxildəki saxtakara, satqına, vətən xaininə, iyrəncliklə məşğul olan diplomatlara, canım sizə desin, əxlaqsız məmura, rüşvətxora, korrupsionerə cavab versin. Dövlət üçün çalışsın. Təbii təəssübünü çəkirsən dövlətininin jurnalist kimi, bu bəlli, amma missiyası bu deyil jurnalistin a kişi, ayılın. Maariflənin, mahiyyətə varın. Yox əgər missiyasıdır deyirsə kimsə. Onda sualım var o şəxsə, qardaş, bəs sən nəmənəyə dərmansan o zaman? Nə işin var dövlət qulluğunda?

Ey bu camiyəni və peşəni ölkədə şəxsi əmlakı bilənlər. Bu sektorun inkişafı üçün neynəmisiniz? Ümumiyyətlə, Prezidentin sizə qazandırdıqlarının qarşısında hansı işi görmüsünüz bu ölkə və o Prezident üçün?
Sizin dövlətdən oğurladığınız, yediyiniz, qazandığınız, ört-basdır edilən cinayətləriniz, övladlarınızın əxlaqsız, cinayət tərkibli əməlləri, fırıldaqlarınız, ədalətsizlikləriniz, insanlara divan tutmağınız olmasaydı, bunu da bəzi medialar malalayıb, gizlətməsəydi, indi bu durum yaranmazdı məmləkətdə və sektorda.
Şəxsən mən hər zaman bunları yazdım və başımı ağrıtdım, dəfələrlə. Orduxanları, qabilləri, məhəmmədləri də elə sizlərin aranızda, bu dövlətdən və o Prezidentdən qazananlar, hamınızın da yaxşı tanıdıqlarınız “yemləyir”, ta ilk gündən. Odur ki, əvvəlcə dövlətə və Prezidentə olan borcunuzu bir zəhmət sizlər ödəyin. Sonra mediaya hücum təşkil edin və ya sektora iddiada bulunun.
Onsuz da bircə ovuc sağlam ruhlu, əqidəli, əxlaqlı, media adamı qalıb ölkədə. Onların da bir qismi artıq işsizlik və dolanışıq üzündən ölkədən çıxıb getmək haqda düşünür.
Siz öz dərdinizi də çəkin bu arada ki, bir gün o bir ovuc söz deyən, qədri bilinməyən fədakar olmayanda, nollacaq aqibətiniz?!. Məncə düşünməyə dəyər…
21.07.2021.

Share: